adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

ADAMLI, ADAMSIZ MÖVZULAR

VƏSİLƏ USUBOVA
29941 | 2008-02-09 00:33
Bu məmləkətdə heç kəsin mövzu qıtlığından şikayətlənməyə haqqı yoxdu. "Heç kəs" deyəndə, əlbət ki, qələm əhlini nəzərdə tuturam, başqalarının nəyinə gərəkdi mövzu bolluğu və ya qıtlığı. Başqaları elə bu mövzuları yaradanlar deyilmi?!...
   
   Başını hansı tərəfə döndərsən, mövzu görərsən. Heç zəhmət çəkib sağa-sola baxmasan da, lap evdə oturub çölə-bayıra çıxmasan da mövzu özü gəlib səni tapacaq.Amma bir müşkül var ki, hər şeydən və hamıdan yazmaq olmur. Gərək götür-qoy edəsən, seçəsən... Nədən yazsan, bir ucu gedib kiməsə, kimlərəsə toxunacaq. Heç ağlına gəlməyənlərin, soğan yeməyənlərin də içi göynəyəcək.Mövzu problemdən doğur, çatışmazlıqdan, narahatçılıqdan doğur. İnciyənlər də o saydıqlarıma rəvac verənlərdi, ya da yardımçı olanlardı. Səhvlərini düzəltmək, iş görmək əvəzinə dönüb olurlar o xətaların qoruyanı, adamı, arxasında duranı... Sən demə, mövzuların da arxalısı, arxasızı olurmuş...
   
   
   
   ***
   
   
   
   İş ki, bu yerə çıxdı, mən də adamsız mövzulardan yapışacağam.Hamının öz dərisini qoruduğu bir zamanda mən niyə "pis kişi" oluram?! Məsələn, qışın sərt keçməsindən yazacağam.Bilirəm ki, nə qədər canına döşəsəm, heç kəs onu müdafiə etməyəcək. Fəsillərin də adamı, ən azından, yerdə adamı yox ki, ...Amma adam olmasa da, bəzi adamlara oxşayır bu qış. Uzun illərdi ki, mülayim-mülayim gəlib keçir, özünü unutdurur, adamları arxayınlaşdırırdı. Sən demə, yığıb-yığıb cəbbəxanasını doldurubmuş, gözləyirmiş ki, 2007-ci ilin sonu, 2008-ci ilin əvvəli gələn kimi bütün arsenalını işə salsın. Adamın bu gözəl fəsilə etibarsız, kəmfürsət deməyə də dili gəlmir. Bax, elə söhbətin bu yerində onu bəzi dövlətlərə oxşatsam, mərəkə qopacaq. Deyəcəklər ki, yuxarıda yazdıqların nədi, bu bənzətmə nədi?! Adamsız mövzu deyə-deyə o boyda dövlətlərə sataşırsan. Qışdı da, onun da topu-tüfəngi yağışdı, qardı, şaxtadı. İstəyər yığıb saxlayar, istəyər səxavət əlini açar. Bizim borcumuz onu özünə və özümüzə layiq qarşılayıb yola salmaqdı.. Elə mən də onu demək istəyirdim, amma qorxumdan çörə-çöpə sarıyırdım. Qorxmasaydım, qazın azalmasından, işıqların " şıltaqlığından", boruların donub partlamasından danışacaqdım. Qar yağanda qayğısız balacalardan, bir də əkinçilərdən başqa hamının canını qara qayğı alır. Bir də qar örtüyü altda şəhərimiz elə təmiz, yaraşıqlı görünür ki, ... Gün çıxıb torpağın donu açılan kimi, palçıq dizə çıxır.Hirs-hikkəsindən boğulan xadimələr az qalır döşəməsilən taxtanı qapıdan girənlərin təpəsinə çırpsın...
   
   
   
   ***
   
   
   
   Dədə-babadan deyiblər ki, qışda yaxşı yeyib-içməyin, bir də isti, rahat yerin-yurdun olmalıdı.Hərgah, bazar yoluynan gedib-gələnlərin "ordu-ordundan keçən" zənbilləri bunu demir, amma neyləməliyik?! Qurunun qurtarıb, yaşın da olmadığı bu günlərdə dərindən bir köks ötürüb "təki salamatçılıq olsun" deməkdən başqa çarəmiz yoxdu...
   
   Mən göylərdən yapışmışdım, məcbur olub yerə endim. Yerdə də hər sözün, hər eyhamın yiyəsi, havadarı var. "Havadar" dedim, yadıma düşdü.Dedilər, ölkəmizin ərazisinə soyuq hava cərəyanı keçib, temperatur da bu səbəbdən belə kəskin düşüb. Deməli, bu qış da özbaşına deyilmiş. Bir qışımız qalmışdı, sən demə, onun da xaricdə "sponsoru" varmış...
   
   Adamsız mövzulardan bir şey çıxmadı. Keçirəm adamlılara. Nə olar-olar...
   
   
   
   ***
   
   
   
   O biri həftədəki "Hesabat"da (ANS) Mirşahin SSRİ xalq artisti Lütfiyar İmanovun vəfatı, son mənzilə yola salınması barədə adamın canından tikan çıxaran sözlər dedi. Süjet neçə dəqiqə çəkdi, bilmirəm, amma bu kəsərli sözlərdən sonra saatlarla oturub fikirləşmək olardı.Doğrudan da insan kimə gərəkdi, nəyə gərəkdi?

TƏQVİM / ARXİV