adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

KiçiK TORPAğIN BÖYüK OğLU

15407 | 2008-02-09 00:33
Bu dünyada hər nə varsa, yaxşı görmək üçün ona yaxından baxmaq lazımdır. Yalnız bir şeydən başqa - bu, tarixdir, tarixi hadisələr, şəxsiyyətlərdir. Onlara yalnız uzaqdan baxanda daha aydın görünür, duyulur, anlaşılırlar. İyirminci əsrdə 70 il əzəmətli imperiyanın tərkibində yaşadıq. Zaman keçdikcə içində çalxalandığımız o böyük nehrənin özünü də, "yağı yağ, ayranı ayran" olan özümüzü də daha doğru tanımağa başlayırıq. Yeddi rəqəmi bizə həmişə əzizdir. Biz hər zaman İlahidən yeddi oğul istəmişik. Yetmiş ildə yeddi rəhbərimiz oldu. Şəxsiyyət kimi sayılanı, sayılmayanı da var idi. Amma bir yerdə sayanda sayı düz gəldi, yeddi oldu: Lenin, Stalin, Xruşşov, Brejnev, Andropov, Çernenko və Qorbaçov. Hər biri dövlət maşınını ölkənin əyri yollarında düz sürmək üçün sükanı bir az sağa, bir az sola burdu. Gələndə noğul kimi şirin-şəkər bildiyimiz oğullar bizə nə nağıllar vəd etdilər, bəs, gerçəklər nə oldu... Gələndə Rüstəmi-Zal, gedəndə lal-kar olan yeddi oğulun aqibətindən indi də yeddi oğul istərəm ki, dərs alsın. O dövlət də getdi, o oğullar oxuduğumuz dərsliklərdə qalmadı. Şahlıq quşuna həmişəlik bir yerdə oturmağı kimsə öyrədə bilmədi. Çox dolaşıb seçdiyi ən qiymətli başda da, yol azıb yorulduğundan təsadüfən qonduğu dəyərsiz başda da əbədi qalacağını kimsəyə vəd etmədi. Gəzən çoxdu, amma gəzəyən adı təkcə Şahlıq quşuna yaraşdı. Səmada pərvazlanıb ölkələr gəzdi. Qonduğu başların başına gələnləri hamıya danışdı. Danışdı ki, bilib agah olaq. Danışdı ki, agah olduqlarımızdan doğru nəticə çıxaraq. Danışdı ki, dünyada əbədi var olan, göylərdə-yerlərdə dövranını sürüb tarix saatının göstəricisiylə bir anlıq o bəxtəvər başa mehman olan Şahlıq quşunun yanında kimsə özünü növbəti dəfə qiymətsiz etməsin. Tarix saatının ərəbləriysə öz bildiyi kimi işləyir... Həm saatın əqrəbləri, həm də ətrafımızda dolaşıb bizi yerimizdən oynadan, ağlımızı qaçıran ölümcül zəhərli əqrəblər bir an belə dayanmır. Hərdən tarixi vərəqləyib ondan ibrət dərsi almaqda fayda var.
   
   
   
   ***
   
   
   
   (əvvəli ötən şənbə sayımızda)
   
   
   
   
   
   1964-cü ilin məlum oktyabr hadisələri ilə bağlı Panteleymon Ponomarenkonun maraqlı xatirələri var. Oktyabrın 13-ü onun üçün də uğursuz gün idi. Moskva ətrafındakı bağ evi bütünlüklə yanıb kül olmuşdu. 14-ü sabahdan hadisə yerində gücü yetincə əlləşib-vuruşandan sonra yorğun-arğın vəziyyətdə şəhərə qayıdanda, onunla eyni blokda yaşayan qonşusuyla həyətdə rastlaşır. Əsəbi görkəmini, his qoxusu tutmuş əyin-başını görən qonşu Panteleymon Kandratyeviçdən soruşur ki, bu nə haldır? O da başına gələnləri birbəbir danışır. Qonşu toxtaqlıq verib deyir ki, narahat olma, köməkləşib hər şeyi yoluna qoyarıq. Gəl bir az gəzişək, mən də yorğunam.
   
   -Sizin işlər necədir, təzə nə var, nə yox?- deyə, bu dəfə Panteleymon soruşur.
   
   - İndicə Plenumdan gəlirəm. Xruşşovu yola saldıq getdi.
   
   Eşitdiyi bu xəbər bağ evinin yanması kimi, onun üçün gözlənilməz oldu. Təəccübünü gizlətmədən soruşdu:
   
   - Bəs, yerinə kim gəldi?
   
   Qonşusu gülə-gülə cavab verdi ki:
   
   -Yoldaşlar məni məsləhət gördülər. Bir kommunist kimi, buna etirazın yoxdur ki?
   
   Bəli, gecə saatlarında Ponomarenko ilə evlərinin yaxınlığındakı Şevçenko bulvarında gəzişən köhnə qonşu həmin gün təzə rəhbər seçilən Leonid İliç Brejnev idi... Kandratyeviçin təlaşı bir qədər də artdı. Amma bu təlaş atəşi bağ evini yandırıb-yaxan oddan deyildi. Bu bir ümid qığılcımıydı ki, alovlanıb onun sonrakı həyat yoluna rahatlıq işığı saçan İliç lampası da ola bilərdı. Panteleymon ölmədi, könhə "xeyirxahı" Nikita Sergeyeviçin taxtdan endirildiyini də gördü. O, hələ yeddi il sonra Xruşşovun vəfatı xəbərini də eşidəcəkdi.
   
   Qonşusuyla aralarında səmimi münasibət olmasaydı, Leonid İliç o tarixi günün sevincini evinin kandarında Panteleymonla paylaşmazdı. Bu epizodu təsadüfən xatırlamadım. Şevçenko bulvarında gəzişərkən, Brejnev söhbət əsnasında Mikoyanın ikibaşlı oyunundan da gileylənmışdi:
   
   -Mikoyan bu hadisələrdə özünü çox qəribə apardı. Onun ucbatından Prezidium iclasında işin gedişatı dəyişə də bilərdi. Anastas inadkarlıqla israr edirdi ki, tutduğu iki vəzifədən biri Xruşşova qalsın. Bu, bildiyin kimi, ağlasığmaz təklif idi. Yaxşı ki, Suslov, Şelest, Podqornı, Kirilenko, Şelepin öz mövqelərində möhkəm dayanıb, əsl partiya prinsipiallığı nümayiş etdirdilər. Mikoyansa...
   
   Brejnevin sözlərini diqqətlə dinləyən Panteleymon da görüb-götürmüş kişilərdən idi. Cəbhədə döyüşmüşdü, Baş qərargahda partizan hərəkatına rəhbərlik edib general-leytenant rütbəsi almışdı. Qələbədən az sonra Mərkəzi Komitədə katib idi. Elə bilməyin ki, sadaladıqlarım Panteleymonun tutduğu vəzifələrin tam siyahısıdır, xeyr. Stalin dövrünün sonuncu tədarük naziri P.K.Ponomarenko Xruşşov hakimiyyətində ilk mədəniyyət naziri olub. Müxtəlif vaxtlarda Belorusiya və Qazaxıstan Kommunist Partiyası mərkəzi komitələrinin birinci katibi seçilib. Brejnev bir müddət onun rəhbərliyi altında Qazaxıstanda çalışıb. Sənədlərə inansaq, 1953-cü ildə Ponomarenko SSRİ-nin Baş naziri təyin ediləcəkmiş. Bu təyinatın gerçəkləşməsini Stalinin qəflətən vəfatı əngəllədi. N.S. Xruşşov rəhbər kimi fəaliyyətə başlayandan sonra Panteleymonun zəfər yürüşünün sürəti xeyli azaldı və istiqaməti büsbütün dəyişdi. Keçmiş partizan zorən diplomat oldu. Fövqəladə səfir kimi Hindistanda, Nepalda, Niderlandda ölkəni təmsil etdi. O zaman gözdən düşən partiya işçılərini gözdən uzağa göndərmək dəb idi. Altmış yaşından sonra ona pedaqoji fəaliyyətlə məşğul olmaq məsləhət görüldü.. "Məsləhətli don həmişə gen olar", deyiblər. O dövrdə hər şey məsləhətlə idi. O, bunu yaxşı bilirdi və deyilənləri tapşırıq kimi qəbul etmişdi. Görən, xeyirxah qonşusu, məsləhət olsa, ona nə iş təklif edəcəkdi? Axı, düz 18 il ucsuz-bucaqsız ölkənin baş məsləhət-məşvərət sahibi Panteleymon müəllimin köhnə qonşusu vaxtilə tabeliyində çalışdığı keçmış iş yoldaşı Leonid İliç Brejnev olacaqdı.
   
   
   
   ***
   
   
   
   Brejnev hakimiyyətə gələndə demək olmaz ki, birinci katibin vəzifə səlahiyyətlərini yerinə yetirmək üçün tam hazır idi. Bunu hamıdan yaxşı onu Kremldə ən yüksək kürsüyə əyləşdirən təcrübəli yoldaşları bilirdi. Fəqət, o zamanın reallığında saray daxilində bir çox keyfiyyətlərinə görə birinci şəxs olmaq üçün ən münasib namizəd Leonid İliç idi. Sual oluna bilər ki, niyə? Siyasi rəhbərlikdəki təcrübəli çoxgörmüşlər və çoxbilmişlər məmləkətdə hökm sürən son dərəcə mürəkkəb ictimai-siyasi və sosial-iqtisadi vəziyyətdə məsuliyyəti bilavasitə öz üzərlərinə götürmək istəmirdilər. Şelepin kimi favorit olmağa can atan komsomol yetirmələrinə isə ölkənin idarəetmə sükanını tapşırmaq Kremlin qoca qurdları üçün xoşagəlməz fəsadlarla nəticələnə bilərdi. "Qocalar" bundan haqlı olaraq ehtiyatlanırdı. Onlar belə zənn edirdilər ki, həmin məqamda, müvəqqəti də olsa, super dövlətin ali rəhbərliyinə öz aralarından birisini - həm də bilik, savad, təcrübəsi ilə xüsusi fərqlənməyən, cəmiyyətdə siyası çəkisi də kifayət qədər yüksək olmayan birisini gətirmək lazımdır. Belə adam müstəqil qərar qəbul etməkdən ehtiyatlanacaq, mütləq kollegial idarəetmə üsulunu seçəcək, yaxın ətrafı ilə qaba davranmayacaq, hesablaşacaq, məsləhətləşmələr aparacaq, başqa sözlə desək, Prezidiumda söz sahibi olan şəxslərin təsiri altına düşəcək, dirijor pultu arxasında dayansa da, qarşısına qoyulan partituraya göz dikəcəkdir. Hamiləri təzə rəhbərliyin dövründə məhz belə bir üsuli-idarənin olacağını zənn edirdilər. Deyilənlərə görə, ilk vaxtlarda yeni liderin davranışı, hərəkətləri, işgüzar münasibətləri bu cür təsir bağışlayırdı. Brejnevin gündəlik iş rejimi ilə bağlı maraqlı məlumatlar var. O, bir qayda olaraq hər gün Büro üzvlərinə (o zaman hələ Prezidium adlanırdı,-E.B.), respublika və iri vilayətlərin rəhbərlərinə zəng vurub müxtəlif məsələlər barədə məsləhətləşmələr aparar, onların rəyini öyrənərdı. Əslində, bu danışıqlar həmkarlarından fikir almaqdan daha çox onun demokratik imici, dövlət əhəmiyyətli məsələləri kollegial həll etməyə meylli olması haqda ictimai rəyin formalaşması üçün lazım idi. Lakin "Kiçik torpaq"ın böyük oğlu az sonra öz müstəqil xəttini yeritmək qərarına gəldi. Hakimi-mütləqliyin dadını biləndən kənar qüvvələr tərəfindən idarə olunmasını qəbul etmədi. O, artıq sözün əsl mənasında məmləkətdə yeganə söz sahibi olmaq istəyirdi. Bunun üçün yaxın ətrafındakılar bir daha ələkdən keçməliydi. İndi onun yanında ona böyüklük edənlər deyil, onun böyüklüyünü qeyd-şərtsiz qəbul edənlər olmalıydı. Gələcək planlarının həyata keçməsinə əlverişli şərait yaratmaq üçün ilk növbədə özünə etibarlı adamları orta eşalonda yerləşdirmək lazım gəldi. Əvvəl işlədiyi regionlardan Moskvaya yeni qüvvələr cəlb etdi. Kənd təsərrüfatındakı əyintilərə münasibət bildirib bu proseslərin qarşısını dərhal almaq üçün Mərkəzi Komitənin növbəti Plenumunu keçirdi. Bütün nöqsanları sələfinin üzərinə yıxmadı,- "son illərdə vəziyyətin pisləşməsi hamımızın günahıdır",- dedi. Daha çox görüləcək işlərdən danışılmasını istədi. O, ümumiyyətlə, heç vaxt Stalinə və Xruşşova qarşı radikal mövqe tutmadı, münasibətlərin gərginləşməsinə imkan yaratmadı. Qələbənin 50 illiyi ərəfəsində Stalinin xidmətlərinə qiymət verilməsinə, Baş komandan kimi onun şücaətindən geniş danışılmasına imkan yaratdı. 1966-cı ilin mart ayında ilk dəfə onun rəhbərliyi ilə keçirilən partiyanın XXIII qurultayında öz siyası müstəqillliyini və mövqeyini açıq şəkildə hamıya nümayiş etdirdi. Əvvəlki qurultaylardan fərqli olaraq, hesabat məruzəsiylə çıxış edən Brejnevdən sonra Prezidium üzvlərindən kimsəyə söz verilmədi. Bu, təsadüf deyildi. Əvvəla, xüsusi natiqlik məharətiylə fərqlənməyən Brejnev bütün çıxışlarını çətinlikə kağızdan oxuyardı. Onun monoton məruzəsindən sonra partiya adından hazırlıqlı bir natiqin öz məharətini göstərməsi salonda istər-istəməz müqayisə aparmaq üçün imkan yaradardı. Bu isə arzuolunmaz hal idi. İkincisi, Ali Məclisdə partiya adından başqalarının fikir bildirməsinə yol verməmək hamıya ciddi mesaj idi: çıxışa iddialı Suslovun, Demiçevin, Şelepinin və başqalarının mülahizələri, əlavələri və qeydləri Prezidiumda geniş müzakirə edilib yekdilliklə təsdiq olunan hesabat məruzəsində cəmlənib. Odur ki, bundan sonra qurultaylarda partiyanın mövqeyini birinci şəxs özü ifadə edəcək. Təəssüf ki, illər uzunu nə qədər çıxışlar, nitqlər etsə də, Brejnevdə sərbəst danışmaq qabiliyyəti yaranmadı. Onun kağızsız çıxışını gördüm deyən tapılmadı. Hakimiyyətdəki dayaqlarını möhkəmlətdikcə, əl-ayağına dolaşan, siyasi ambisiyası yüksək olan vəzifəliləri yavaş-yavaş zərərsizləşdirirdi. Mərkəzi Komitənin katibləri V.Polyakov, az sonra L.İliçov və başqaları tutduqları vəzifədən azad edildi.
   
   
   
   ***
   
   Hakimiyyətə əsl məhəbbət, ona əbədi bağlılıq yüksək vəzifəyə çatandan sonra başlayır. Həmin andan hər kəs iş vaxtının çoxunu mövqelərini daha da gücləndirmək, kənar təhlükələrdən qorunmaq üçün effektiv üsullar axtarmağa sərf edir. 1964-cü ildən başlayaraq Leonid İliçi də ən çox düşündürən bu qəbildən olan yeni qayğıları idi. O günə qədər tutduğu vəzifələrdə aşırı səy və xidməti fədakarlıq göstərməyən, illər boyu hadisələrin ümumi axarında "palaza bürünüb elnən sürünən" və nəticədə Kremli fəth edən general, indi axar suların da istiqamətini dəyişməyə qadir ixtiyar sahibi olduğunu anlamışdı. Dövran artıq onun idi, Spassk qülləsindəki köhnə saatının əqrəbləri artıq Kremlin yeni sahibinə işləyirdi. Hamı növbəti mərhələdə onun nə edəcəyini gözləyirdi.
   
   
   
    (ardı var)

TƏQVİM / ARXİV