Lənkəranlıların Sankt-Peterburqda qeyri-adi sərgüzəztləri

ETİBAR CƏBRAYILOĞLU
44189 | 2008-02-07 13:27
Bizim lənkəranlılar Rusiyada yenə aranı qarışdırdılar. Onların milisi, camaatı, şəhərə gələn qonaqları bir-birinə dəydi. "Birini də vur!"- qışqıran kim, "Uzunboylunu gözdən qoyma!" -deyib ağlayan kim, "Səni verənə şükür"- deyib sevinən kim... Nə isə, əsl həngamə idi. Ağasəlim Mircavadov başının dəstəsini yığıb Rusiyanın Şimal paytaxtı sayılan Sankt-Peterburqa gedəndə ürəyimə dammışdı ki, bizimkilər orda sakit oturmayacaqlar.
   
   Artıq aradan bir neçə gün keçib, rahat nəfəs dərmək olar. Olan oldu, torba kubokla doldu. Ağasəlim müəllimlə birgə gedənlər Rusiyadan əlidolu qayıtdılar, yalan olmasın, bir "Mersedes" avtobus dolusu medal gətirdilər.
   
   Yəqin ki, söhbətin futboldan getdiyi anlaşıldı. Son günlər hamı futboldan, daha dəqiqi "Xəzər-Lənkəran"ın "Birlik Kuboku"nudakı parlaq qələbəsindən danışır, flaqmanımız "Neftçi"dən sonra ikinci dəfə mükafatı Azərbaycana gətirməsindən yazır. Bəs mən niyə yazmayım? Lənkəranlıyam, bu bir, futbolun nə demək olduğunu az da olsa anlayıram, bu iki, "Xəzər- Lənkəran"ın çılğın azarkeşiyəm, bu üç, məktəblilər arasında rayon çempionu olmuşam, bu dörd... Hələ bu, səbəblərin hamısı deyil.
   
   Müstəqil Dövlətlər Birliyinin özünə olduğu kimi onun futbol üzrə çempionları arasında keçirilən "Birlik Kuboku"na da münasibət birmənalı deyil. Biriləri belə hesab edir ki, turnirin reytinqi aşağı olduğundan "Neftçi"nin və "Xəzər-Lənkəran"ın qazandığı uğura görə o qədər də sevinməyə dəyməz. Yazımın yuxarı mərtəbəsində yazdığım kimi bəndəniz də futboldan bəzi məsələləri anlayır. Yaxşı bilir ki, Rusiyanın və Ukraynanın çempionları son illər yarışa özləri gəlmirlər, əvəzedicilərini göndərirlər. Şimal qonşumuzun televiziyları və qəzetləri turnirə yetərincə diqqət ayırmırlar. Amma bu nə "Neftçi"nin, nə də "Xəzər-Lənkəran"ın əzmkar qələbəsinə kölgə sala bilməz. Bizim komandalar nə zaman UEFA Kubokunda, Çempionlar Liqasında yüksək nəticə əldə etdi ki, biz sevinmədik? Bir qədər səbr edək, həmin nüfuzlu yarışlarda qalib gələk, sonra "Birlik Kuboku"nun yanından saymazyana keçərik.
   
   Hamı şahid oldu ki, "Xəzər-Lənkəran" gözəl futbol sərgilədi, əzmkar, sürətli və texnikalı oyunla final oyununu tribunadan izləyən FİFA prezidenti Yozef Blatteri və UEFA prezidenti, ötənlərin məşhur futbolçusu Mişel Platinini təccübləndirdi. Lənkəran futbolçuları sübut etdilər ki, azərbaycanlılar təkcə Rusiya bazarlarında meyvə-tərəvəz satmağı yox, gözəl top qovmağı da bacarırlar.
   
   Sayca 16-cı dəfə oynanılan "Birlik Kuboku" mənim yadımda yalnız ilk kərə Sankt-Peterburqda keçirilməsi və Azərbaycan klubunun qələbə qazanması ilə qalmadı. "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmlinin Sankt-Peterburqdan hazırladığı reportajlar bir oxucu və futbol həvəskarı kimi mənə ləzzət elədi. Belə idman reportajları yaza bilsəydim... İdman jurnalisti olmaq istəyən gənclər, tənbəllik etməyin, Mahirin Sankt-Peterburqdan hazırladığı reportajlara, müsahibələrə bizim türklər demiş, göz atın.
   
   Mahir Rüstəmli ilə bir zamanlar "Press-fakt" qəzetində birgə çalışmışıq. Həmin illər Mahir tələbə idi, lakin istedadından söz etdirə bilmişdi. Gözlənilən kimi oldu, Mahir bacarıqlı jurnalist olduğunu təsdiqlədi, 10 ildir ölkənin ən çox oxunan "Futbol+" qəzetinə başçılıq edir.

TƏQVİM / ARXİV