adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

ARİF ABDULLAZADƏ

VAQİF YUSİFLİ
81093 | 2014-11-26 01:17
("Ədəbiyyatımızın cəfakeşləri" silsiləsindən)

Cəmi 62 il ömür yaşadı: 1940-2002. Doğuldu Şəkidə, öldü Bakıda. ADU-nun filologiya fakültəsini bitirdi və 1961-ci ildən ta ömrünün axırına qədər, iki il Türkiyədə tərcüməçi kimi çalışdığını nəzərə almasaq, bir iş yeri oldu-Nizami adına Ədəbiyyat institutu. Kiçik elmi işçi kimi işə başladı, şöbə müdirliyinə qədər yüksəldi.
Söhbət Arif Abdullazadədən gedir. Şair-nasir-dramaturq və alim Arif Abdullazadədən. Yəqin ki, o, çoxlarının yadındadır, onu unutmayıblar.
Ziyalı ailəsində dünyaya göz açmışdı. Şeirə-sənətə uşaqlıqdan marağı vardı. Sonralar bu maraq qarşısıalımaz bir duyğuya, sonra da həyatının məramına çevrildi. Arif Abdullazadə bu dünyaya şeir yazmağa, minillik Azərbaycan poeziyasında öz şair mənini təsdiq etməyə gəlmişdi və bu arzularını da həyata keçirdi.
O, şeirə çətin yollardan keçib gəlib. Oxuyub, öyrənib, ustadlardan poeziya dərsləri mənimsəyib, ondan sonra qələmə əl atıb, ürəyindəkilərini ağ varaqlara həkk edib. Yazırdı ki: "İlk şeirimi nə vaxt yazdığımı heç cür xatırlaya bilmirəm. ...Ancaq şeirlə nəzmin fərqini, sövqi-təbii xeyli əvvəl hiss etmişəm". Poeziya Arif Abdullazadənin fikrincə, "daha çox həyatın insan qarşısında qoyduğu suallara cavab axtarmaqdan ibarətdir. Daha doğrusu, o konkret cavablar, yəni nadir tapıntılar aləmidir". Bir yazısında isə belə bir misal gətirir: "Pablo Neruda özünün həyatına "Son sözü"ndə - memuarlarında yazır: "Öləndə söz içində dəfn edin məni". İlk baxışda bir qədər qəribə görünə bilər bu "vəsiyyət". Çünki şeir yazmaq (və ümumiyyətlə bədii yaradıcılıq), daha dəqiq desək, söz üzərində iş son dərəcə əzablı bir prosesdir". Arif Abdullazadə də bu mənada sözə məsuliyyətlə yanaşan bir şair idi. Onun "Arzular", "Könüllərin dünyası", "Hər yerdə, hər zaman", "Ana dünyamız", "Sevin Azərbaycanı", "Səninlə sənsiz", "Bəxtimizin kitabı", "Seçilmiş əsərləri" şeir kitabları da poetik axtarışlarının bəhrəsiydi.
Arif Abdullazadə altmışıncı illərdə ədəbiyyata gəlmişdi. "Altmışıncılar", o cümlədən, Arif Abdullazadə ədəbiyyata yeni fikir, yeni ideyalar gətirməyə, şeirin standart, artıq şablon halına keçmiş təsvir vasitələrindən imtina etməyə can atırdılar. Onun şeirlərində də F.Qocanın, Ə.Kərimin, F.Sadığın, İ.İsmayılzadənin, Ə.Salahzadənin, V.Səmədoğlunun şeirlərində olduğu kimi həyat və insanlar, dünya, kainat və planet, təbiət, sevgi haqqında yeni poetik düşüncələrlə tanış oluruq. O, "Altmışıncılar" adlı şeirində sanki bu ədəbi nəslin məramını açıqlayırdı:

Dünyanın səsləşmə qanunları var,
Onun bu başında günəş doğanda,
O başda qatarda ulduzlar yanar.
Beləcə doğuldu 60-cılar.
Ömrünün, yurdunun səmalarında
Beləcə boy verdi 60-cılar.
Zamanın yarılmaz qayalarında,
Başlarına düşən qara daşlardan
ucaldı onlar.
Qəlblərini dələn söz yağmurundan
Təptəzə sözlərlə öc aldı onlar.
bu sözlər əl-ələ, dil-dilə verib
Müzəffər yürüşə döndülər bir gün,
Söz-sözə qovuşub bayraq yaratdı,
Əsl çevrilişə döndülər bir gün.

Onun şeirləri fikirlə hissin, ürəklə beynin, ağılla hissiyyatın vəhdətindən yoğrulmuşdu. Əslində, elə əsl şeir bu biçimdə, bu sistemdə olmalıdır. O, Vətən haqqında yazanda da, sevgidən, təbiətin gözəlliklərindən, qəlbinə təsir edən hər hansı hadisədən söz açanda da bu vəhdətə həmişə əməl etmişdir. Məşhur bir şeiri vardı: "Sevin Azərbaycanı". Azərbaycana sevgilərlə dolu olan bu şeir təmtəraqdan, pafosdan, qışqırıqdan uzaq idi:

Sevin Azərbaycanı,
tozundan, küləyindən
hərdənbir bezsəniz də
Əhmədi, Məhəmmədi
Məni, bizi, onları
Sevə bilməsəniz də -
Sevin Azərbaycanı!

Onun şeirlərində Zamanla, Əsrlə, Tarixlə üz-üzə dayanan XX əsr insanının monoloqları səslənir. Suallar çoxdur, amma bu sualların cavabları da var. "Harda yaşamışdım milyon il qabaq, niyə iki taxta bölünür həyat? Niyə ömürlərin qəfəsi dardır, bu qəfəsdən çıxıb uçacağımız dünya hardadır?"
Şairin "Ulduzların karvan yolu" poeması əslində, onun bütün ömrü düşündüklərinin yekunudur-bu poemada şair filosofluq eləmir, amma yaşadığı ömürlə dünyanın olub keçmişləri, ara insanın tükənməyən arzuları ilə ömrünün qısalığı arasında bir uyarlıq axtarır. İnsan hər zaman özünü tənha hiss edir, elə ulduzlar da. "Tənhalıq dünyanın ilk möcüzəsi"dir. İnsan yaşadığı dünyada sevinc də görür, kədər də. Ədalət də görür, ədalətsizlik də. Amma yaşayır və yaşamaqdan doymur. Bəs dostluq necə? "Dostluq adam tanımağın ilk yolu"dur, "Dost üzdəki təbəssümün izidi". Və bu poemada İnsan Tanrıya üz tutur. Sanki ömrü boyu mahiyyətinə vara bilmədiyi sirlərə baş vurmaq istəyir. Allah isə susur. Çünki: "Bütün bunlar məndən sonra olandı". Tanrıdan cavab gəlməyincə İnsan düşünür ki:

Tanrını da bilə-bilə yaratdım.
Yaratdığım birmi, beşmi, İlahi,
Bəlkə buymuşən birinci günahım.

Bu nədir? Tanrıya asi olmaqmı? Yox, bu İnsanın öz içində yaratdığı Tanrıdır. O Tanrı isə Göy üzündən bizə boylanır:

Dünyaların dərd-sərini,
Dayazlarda da dərini,
Zamanların hər sirrini,
Səndən aldım mən, göyüzü.

Vaxtdı, söyləsəm düzünü,
Açsam ömrün gündüzünü,
Mənə Yerin içüzünü
Sən göstərdin, sən, göyüzü.

Arif Abdullazadənin "Anasız dünyamı" silsiləsindən olan şeirləri də ana haqqında, ana itkisi barədə poetik düşüncələri əks etdirir. Bu şeirlərdə anasızlığın həssas bir ürəkdə necə qövr etdiyinin şahidi oluruq. Hiss olunur ki, şair üçün ana itkisi adi itki deyil. Əslində o, bu itki ilə özü də nələri itirib.

Yurdun o başında yaşıl talada,
Üstünü baharda şəfəqlər yuyan,
Təptəzə bir ana məzarı yaşar.

Arif Abdullazadənin şeir və poemalarında bir Tənha Şair obrazı var. Bu "Tənha şairlərin doğum günləri Ömrün açılmamış izindən keçir, Tənha şairlərin tənhalığı da Özünə tuşlanır, özündən keçir". Bəs böyük şəhərlər necə? On minlərlə, yüz minlərlə insanı ağuşuna alan böyük şəhərlərin də şairlər kimi böyük dərdləri var.

Böyük şəhərlərin böyük dərdləri
Böyük körpülərin altından keçir.
Bu dərdlər şəhərli vətənsizlərin
Bəxtinin yeddinci qatından keçir.
Böyük şəhərlərin böyük yolları
Vətəndən Vətənə qürbət daşıyar.

Ümumiyyətlə, Arif Abdullazadəni bir şair kimi səciyyələndirmiş olsaq, vaxtilə dəbdə olan "fikir şairi" adlandıra bilərik. Hər bir şeirində o, mətləbi müəyyən və konkret bir fikir üzərində qurur. Amma bunlar heç də filosofluq etmək iddiasından gəlmir. Əgər o fikir səni də düşündürürsə, sən onun axarına düşürsən. Adi təbiət lövhələrində də, sevgi şeirlərində belədir:

Meşələr də dəniz kimi,
Meşələr də göl kimidir.
Ruzigarın əllərində
Meşələr də dalğalıdır,
ləpəlidir.

Bu adi peyzajdan sonra biz əsl mətləbə yetirik:

Əsl dəniz
Dolub-daşan həvəsiylə,
Hər dalğası şaha qalxan həmləsiylə
Bu dünyanın öz-özüylə davasıdır,
İnsanın ilk yuvasıdır.

Arif Abdullazadənin poeziya haqqında düşüncələri də maraqlı idi. O yazırdı: "Yazılarımı həm heca, həm də sərbəst vəznlərdə yazıram. Vəzni şeirin özü gətirir. Əksər hallarda hər şey ilk misradan başlanır (həm də təkcə vəzn baxımından yox). Cəmi bir misradan, ani bir fikir qığılcımından yaranan şeirlər də olur. İlk baxışda qəribə görünsə də sərbəst vəzndə yazılan şeirlər mənə daha çətin başa gəlir. Çünki məncə, sərbəst vəznin daxili qanunauyğunluqları, ahəng sistemi, ölçü və qafiyə prinsipi daha mürəkkəb yollardan keçir. Ondakı daxili eniş-yoxuşlar, adi bir mahnıdan fərqli olan "simfonik" özünəməxsusluq, kökləri Orxan-Yenisey, Gültəkin və Dədə Qorqud abidələrindəki poetik mətnlərdən gələn türkdilli şeirin prinsipləri müasir Azərbaycan sərbəstinin əsas vəzn xüsusiyyətlərini əyani şəkildə təyin edə bilər-bizim sərbəst şeirimiz başqa millətlərdə olan və xüsusi qafiyə prinsipinə əsaslanmayan ağ şeir (belıy stix) və verlibrdən əsaslı şəkildə fərqlənir".
Öncə qeyd etdik ki, Arif Abdullazadə həm də nasir, dramaturq və alim idi. O, nəsrə səksəninci illərdə başladı. Özü də birbaşa romandan. "Bir ovuc torpaq" romanı bir qürbətkeşin həyatını əks etdirir. "Duyum" və "Sınaq kürəsi" romanlarında isə o, müasir insanın intellektual düşüncələrini ön plana çəkir. "Qanlı yaddaş" romanı isə 20 yanvar hadisələrinə həsr olunmuşdur.
Arif Abdullazadənin bir neçə pyesi də var və bunlar onun yaradıcılığında əhəmiyyətli yer tutmadığı üçün o haqda söz açmağı lazım bilmirik. Ancaq o, elmi fəaliyyətində bir sıra uğurlar qazandı, namizədlik və doktorluq dissertasiyaları elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı. Xalq şairi Rəsul Rzaya, onun ömür və sənət yoluna həsr etdiyi "Od nə çəkdi" monoqrafiyası sanballı bir əsərdir. Bu monoqrafiyada Rəsul Rza şeirinin özəllikləri nəzəriyyəçi-alim bucağından dəyərləndirilir. İlk dəfə sərbəst şeirin poetikasından söhbət gedir. Rəsul Rzanı dünya poeziyası ilə əlaqələndirən məqamlar nəzərə çarpdırılır. Rəsul Rzanın Azərbaycan poeziyasına gətirdiyi yeniliklər, novatorluq meylləri və onun poetik məktəbi elmi dəqiqliklə şərh olunur. Arif Abdullazadənin "Şairlər və yollar" monoqrafiyası isə daha maraqlıdır. İlk dəfə olaraq Arif Abdullazadə bu əsərdə Azərbaycan şeirinin üslublarından sistemli şəkildə söz açır: Səməd Vurğunun, Rəsul Rzanın, Süleyman Rüstəmin, Nəbi Xəzrinin, Əhməd Cəmilin, Əli Kərimin fərdi poetik üslubları nəzərdən keçirilir. Bundan başqa onun "Şair Cəfər Cabbarlı", "Novatorluq və üslub" monoqrafiyalarını da xatırlatmaq olar.
Arif Abdullazadə kitabına yazdığı "Son söz"də deyirdi: "Ən böyük arzum yurdumuzun əbədi şeir kitabında heç olmasa bir misraya çevrilməkdir:

Yurdun kitabında sətinə dönsən,
Həm bu gün, həm sabah, həm də dünənsən".

O, bu arzusuna çatdı, - deyirik.

TƏQVİM / ARXİV