adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

İTİRİLƏN MİLYARDLAR...

BABƏK YUSİFOĞLU
37457 | 2014-11-26 01:15
Postsovet məkanında silahlı separatizmin müəllifi sayılan Moskva hazırda ona qarşı Qərbin davam edən sanksiyaları üzündən iqtisadi sahədə ciddi problemlər yaşasa da yürütdüyü siyasətə yenidən baxmaq fikrində deyil. Ən azı davam edən proseslər bunu göstərir. Qəribədir ki, hər şeyin qaydasında olduğunu, təşvişə düşməyə gərək qalmadığını göstərmək üçün dövlətin və xalqın lideri, Rusiya prezidenti Vladimir Putin hətta kəskin açıqlamalar da verir.
Ekspertlərə görə, Kremlin sahibi elə sanır ki, populyarlığını çoxdan itirmiş bu cür davranışlarla ideoloji və siyasi sahədə olduğu kimi iqtisadi məsələlərdə müəyyən effekt yarada biləcək. Çünki mütəxəssislər iqtisadiyyatın pafosla, kağız üzərində olan qərarlarla, siyasi prinsipiallıqla, hədə-qorxuyla, simptomatik təsirlərlə... yüksəlməsinə nail olmağın mümkünsüzlüyünü söyləyirlər. İqtisadiyyat gündəlik həyatımızın bir anı belə vaz keçilməyəcək yaşam gerçəkləridir.
Məlum olduğu kimi Ukrayna ərazilərinin işğalına cavab olaraq Qərbin Rusiyaya yönəlik tətbiq etdiyi iqtisadi sanksiyalar ölkədə ciddi şəkildə özünü göstərməyə başlayıb. Gerçəklər budur: inflyasiya xeyli artıb, satışda olan məhsullar, xüsusən də ərzaq sürətlə bahalaşıb, xidmət sahələrində tariflər yüksəlib... Bu gün rus vətəndaşları görür ki, onun hətta illərlə saxlaya bildiyi kapitalı günbəgün qiymətdən düşür. Yəni, insanlar durduqları yerdə kasıblaşırlar.
Əlbəttə, bütün bu mülahizələri antirusiya təbliğatı kimi xarakterizə edənlər tapılacaq. Bu sayaq təhlillərə kənardan gələn ideoloji basqı adını verənlər də olacaq. Əslində bütün bu mülahizələrin yalnız mənə aid olmadığını göstərmək üçün Rusiyanın rəsmi şəxslərinin açıqlamalarını önə çəkmək mümkündü. Onsuz da bu haqda həm müstəqil rus iqtisadçı ekspertlər, həm də doğrunu söyləməkdən qorxmayan dövlət məmurları da danışırlar.
Birbaşa dövlətin iqtisadi durumuna cavabdeh olan qurumlardan birinin başçısı, Rusiyanın maliyyə naziri Anton Siluanov özü şəxsən bildirir ki, irəlidə Rusiyanı çox çətin illər gözləyir.
Nazir iki gün öncə keçirilən beynəlxalq iqtisadi-maliyə forumunda Rusiyanın ildə təxminən 40 milyard dollar itirdiyini bildirib. Əlbəttə, Rusiya kimi bir dövlətin qazanmağı bir tərəfə dursun, hər il bu və bundan çox həcmdə maliyyə itkisinə məruz qalması çox ciddi bir məsələdir. Belə bir vəziyyətin yaranma səbələrindən söz açan maliyyə naziri Anton Siluanov deyib:
"...Biz ölkəyə qarşı tətbiq edilən sanksiyalar üzündən ildə 40 milyard dollar itiririk. Bundan başqa neftin ucuzlaşması səbəbindən isə Rusiya 90-100 milyard dollar itirir. Məlumdur ki, neft 30 faiz ucuzlaşıb. Əgər biz geopolitik vəziyyətdən danışsaq, deyə bilərəm ki, inkişaf etmiş ölkələrdən Rusiyaya kapital axını, investisiya resurslarının daxil olması ciddi şəkildə azalıb. Ölkədən kapitalın çıxşı isə əksinə yüksəlib. Bunun həcminə nəzər salsaq görərəik ki, əvvəllər belə bir axının həcmi 100 milyard dollar idisə, bu il həmin rəqəm 130 milyard dollara qədər yüksəlib..."
Ölkəyə gələn kapitalın, investisiyaların ciddi həcmdə azalması, əvəzində isə ölkədən valyuta axının bu şəkildə güclənməsi əslində özü-özlüyündə mövcud iqtisadi vəziyyət haqqında ümumi təsəvvür yaradır. Və bu gün maliyyə naziri dövləti qarşıda çox çətin illərin gözlədiyini etiraf edərək açıqlayırsa, Rusiyaya qarşı kənardan ideoloji basqı göstərdiyini düşünmək ən azı abdallıqdı.
Ərazisinə görə dünyanın ən nəhəng dövləti olan Rusiyanın qonşu ölkələrin torpaqlarını işğal etməsi və ən pisi də bu səbəbdən dərin problemlər yaşaması sağlam siyasətin bəhrəsi ola bilməz. Bu gün Amerika topla-tüfənglə işğal planlarını artıq iqtisadi-maliyyə işğalıyla əvəzləyib. Kreml də Krımda, eləcə də digər ərazilərdə söz sahibinə çevirilmək istəyirdisə bunu eynən bu şəkildə həyata keçirməliydi. Ölkələr, vilayətlər Rusiya iqtisadiyyatına, rus maliyyəsinə ehtiyac duymalıydılar. Və bu şəkildə nüfuz qazanmağın acı bədəlləri də olmayacaqdı.
Amma Moskva üç yüz illik ənənəvi imperiya siyasətindən əl çəkə bilmədiyi üçün özünü problemlər içərisinə salıb. Və elə bilir ki, bununla əvvələr sahib olduğu hegomonluğunu yenidən özünə qaytaracaq. Amma unudur ki, SSRİ kimi dəmir intizama və ideologiyaya malik nəhəng imperiyanı parçalayan Qərb sakitcə seyirçi qalmayacaq...

TƏQVİM / ARXİV