adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

RUSİYA GÜRCÜSTANI İŞĞAL EDİR

RÜSTƏM HACIYEV
36888 | 2014-11-26 01:13
Bu günlərdə Rusiya ilə tanınmamış Abxaziya respublikası arasında strateji tərəfdaşlıq barəsində müqavilə imzalanıb. Qərb və NATO tanınmamış respublika ilə imzalanan bu müqaviləni legitim saymır. Bu barədə fikirlərini açıqlayan Şimali Atlantika Alyansının baş katibi Yens Stolpenberq və ABŞ Dövlət Departamentinin nümayəndəsi Ceff Ratke qeyd edirlər ki, Rusiya Federasiyası Krımın zəbt edilməsindən sonra deyəsən Gürcüstanın da bir hissəsini işğal etmək niyyətindədir.
Moskva və Suxumi arasında "əməkdaşlıq" müqaviləsi həftənin əvvəlində Soçidə prezident Vladimir Putinlə Xadjimba arasında imzalanıb. Sənəddə tərəflər arasında ümumi müdafiə və təhlükəsizlik məqsədilə birəşmiş hərbi qüvvələrin yaradılması, sosial standartların təhsil, elm sahələrinin inkişafı üçün Rusiya tərəfindən Abxaziyaya verilən yardımların artırılması məsələləri nəzərdə tutulur.
Rusiyanın Qafqazda Gürcüstanın bir hissəsi sayılan Abxaziyada bu adla hərbi güclərini yerləşdirməsi Qərb dövlətlərinin etirazına səbəb olub. Avropa Şurasının baş diplomatı Federik Moderini xəbərdarlıq edib ki, bu müqavilə Abxaziyada vəziyyətin stabilləşməsinə mane olmaqla yanaşı beynəlxalq hüququn prinsiplərinə də ziddir.
Guya Rusiya, Avropanın aparıcı dövlətləri və ya elə ABŞ-ın özü indiyədək beynəlxalq hüququn prinsiplərinə həmişə riayət ediblər. Onlarla misal göstərmək olar ki, beynəlxalq hüquq normaları bu dövlətlər tərəfindən saya salınmır. Bu normalar dəfələrlə pozulur, digər dövlətlər isə bəyanat verməklə işlərini bitmiş hesab edirlər və tədricən də bu pozuntuların üstündən heç nə olmamış kimi ötüb keçirlər.
NATO-nun baş katibinin "Alyans Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini tamamilə dəstəkləyir", "biz Gürcüstanın bir regionu ilə Rusiya Federasiyası arasında bağlanan müqaviləni tanımırıq" kimi bəyanatları da bu qəbildəndir. Hələ bir müddət ABŞ Dövlət Departamentinin sözçüsü Ratgenin "biz Rusiyanın 2008-ci ildə atəşi dayandırmaqla hərbi qüvvələrini geri çəkməsi barəsində götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq" kimi bəyanatları müxtəlif siyasilər və dövlətlər tərəfindən səsləndiriləcək və növbəti hüquq pozuntularının baş verəcəyi günədək davam edəcəkdir. Əgər Rusiya bu halda beynəlxalq hüquq normalarına hörmət etsəydi, öhdəliklərini yerinə yetirərdi.
Əksinə, Rusiyanın Krımı "öz ərazilərinə" birləşdirməsindən sonra başqa əraziləri də zəbt etmək planları barədə fikirlər səslənir. Rusiya Ukraynanın şərq ərazilərini də rusiyayönlü separatçıların əli ilə nəzarəti altına salmaq istəyir. Həmçinin planda Moldaviyanın Dnepryanı ərazilərini də Rusiyaya birləşdirmək versiyası diqqəti cəlb edir. Geniş planda Cənubi Qafqazın ərazilərinin zəbt olunması fikirləri də səslənməkdədir. Burada Azərbaycanla Ermənistanın Dağlıq Qarabağ münaqişəsindən istifadə etməklə öz oyununu oynamaq qərarındadı. Siyasilər və KİV-lər Rusiyanın balkanlarda olan maraqları barədə də yazmağa başlayıblar. Onun üçün Rusiya tərəfindən yeni münaqişə ocaqlarının yaradılması planları barədə də fikirlər bildirilir.
Rusiyanın aqressiv planları Pribaltika ölkələrinin rəhbərləri tərəfindən kəskin tənqid atəşinə tutulur. Bu günlərdə Litvanın prezidenti Dalya Qribiuskaitenin Rusiyanı "terrorçu dövlət" adlandırması qarşı tərəfin ciddi reaksiyasına səbəb olub. Adı çəkilən regionlarda Rusiya hərbçilərinin formalarında hansı hərbi birləşmələrə aid olması barədə nişanların olmaması, əsgərlərin ağır hərbi texnikalardan istifadə etməklə digər dövlətin ərazisində döyüşməsinin önə çəkilməsi Moskvanı qıcıqlandırıb. Rusiya özünəməxsus şantaj üsullarından istifadə etməklə tez-tələsik "KQB"nin arxivlərini açıb Litva prezidentinin guya agent olmaq üçün ərizəsini nümayiş etdirib. Onun vaxtilə kommunist partiyasının üzvü olmasını, Leninqradda universitetlərin birində dərs dediyi vaxtlarda "KQB" ilə əməkdaşlıq etməsi barədə "sənədləri" aşkarlayıb.
Bir sözlə, hegemon dövlətlər arasında dünyanın yenidən bölüşdürülməsi prosesi davam edir. Tərəflər bir-birlərini "beynəlxalq hüquq normalarını" pozmaqda günahlandırırlar. Əslində heç nə dəyişmir. Sadəcə bu normaları pozan dövlətlərin yeri dəyişir, digər ölkələr isə bundan əziyyət çəkirlər və iri dövlətlərin oyunlarının qurbanlarına çevrilirlər. Hamının istinad etdiyi beynəlxalq hüquq normaları isə hüquqsuz bir sənədə çevrilir və hegemon dövlətlərin əlində söz davası yürütmək üçün bir alət kimi istifadə olunur.

TƏQVİM / ARXİV