adalet.az header logo
  • Bakı 20°C

CEMiL MERiç QƏRBƏ QAçIŞ

19452 | 2008-02-02 00:20
Türkçülüyü bir millətin xilası görən, bunun üçün isti kabinet saatlarını deyil, bütün ömrünü fəda edən Əhməd bəy Ağaoğlu haqqındadı bu yazı. Türk filosofu Cemil Meriç tərəfindən qələmə alınıb. Yalnız Əhməd bəyin deyil, ürəyi dolu olan, amma bununla belə öz xalqından uzaq düşən, xalqla xalqsız vuruşan aydının, fikir adamının acı hekayəsidir.Tənqidlər, ittihamlar çoxdur. Fikrimcə, heç kim tənqiddən azad deyildir. Dahilər belə. Yaspersin dediyi kimi böyük insanların əməlləri bütöv bir millətin həyatında əks olunur. Səhvlər də eləcə. Məhz buna görə də Əhməd bəy haqqında olan bu yazını təqdim etməklə Əhməd bəyi kiçiltmək niyyətimiz yoxdur. Əhməd bəy bu xalqın aydınıdır, öz səhv və düzgün qərarları ilə bərabər. Məqalədə topa tutulan əsər Əhməd bəyi ömrünün qısa bir ayını, sürgündəki ovqatını, bu aydakı duyğu və düşüncələrini ifadə edir. Ani, ötəri bir ümidsizliyin məhsulu olan bu əsər doğrudan da tənqid edilməlidir. Cemil Meriç isə türk fəlsəfəsinin ən böyük adamıdır. Maraqlı ola biləcəyini düşünüb bu uyarlamanı sizə təqdim edirik. Sürgünə gedən kimi öz yurduna dönən gənc.Nə avropalı, nə də asiyalı. Nə fransız, nə də türk. Ayrılmış və heç yerə bağlana bilməmiş.
   
   Əhməd Ağaoğlu bəyi xatırlayıram.Atamdan xatirələr (Səməd Ağaoğlu Ankara, 1940) oxuğum memuarların ən dəhşətlisidir. Sadəlövh, qətiyyətsiz bir ata, qəribə, nə istədiyini bilməyən xəstə ana. Ana atadan xəbərsiz erməni bir müəllim tutar Əhmədə. Ona rusca öyrətmək üçün. Təhsil həyatına yalanla başlayır Əhməd. Dörd ilə ana dilində yazıb-oxumağı öyrənə bilmir, Leyli və Məcnunu oxumaqdan məhrumdur.Gülüstan və Bustanı hecalaya bilir ancaq. Amma "üçcə aya rusca yazmağı" öyrəndim deyir. Rus kitabları məni çəkirdi, başqa kitablar isə qupquru idilər.
   
   Qarabağda rus gimnaziyası açılır. Xoşbəxtdir. Türk müəllimlərinin üst- başları pərişandır, miskin halları var. Amma rus müəllimləri təmizkar, dinamik və düşüncəli insanlar.Mənəvi varlığım ikiyə bölünməyə başladı. Məktəbdə ikən başqa duyğular, başqa düşüncələr başqa mədəniyyət içində yaşayardım. Evə gəldikdə isə bambaşqa bir mühit, bambaşqa bir məkan.Və məndəki bu iki varlıq birlikdə yaşamağa başladılar. Hələ də yaşayırlarmı, görəsən.

TƏQVİM / ARXİV