adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
26 Noyabr 2014 12:35
4962
MƏDƏNİYYƏT
A- A+

İlyas Əfəndiyev Ankarada anıldı

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycanın və Türkiyənin Mədəniyyət və Turizm nazirlikləri və milli kitabxanları tərəfindən Ankarada Azərbaycanın Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi münasibətilə anma mərasimi keçirilib.

Azərbaycanın Türkiyədəki səfirliyindən Adalet.az-a verilən məlumata görə, Türkiyənin Milli Kitabxanasında keçirilən mərasimdə Azərbaycanın və Türkiyənin dövlət rəsmiləri, türkdilli ölkələrin elm və mədəniyyət xadimləri, Türkiyə XİN-nin yüksək vəzifəli rəsmiləri, şəhər ictimaiyyətinin nümayəndələri, ədəbiyyatsevərlər iştirak ediblər.

Tədbirdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və Azərbaycanın Türkiyə Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Faiq Bağırov İlyas Əfəndiyevin anadan olmasının 100 illiyinin Türkiyədə qeyd olunmasını türk dünyasının ədiblərinə verilən yüksək dəyər kimi qiymətləndiriblər. Mərasim çərçivəsində İlyas Əfəndiyevin ədəbi yolunun kitab, foto nümunələrindən qurulmuş sərginin açılışı olmuş və onun çətin, şərəfli həyat yolundan məlumat verilib.

Mərasimin konfrans hissəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Nizami Cəfərov, AMEA-nın şöbə müdiri, professor Nizaməddin Şəmsizadə, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azər Paşa Nemətov, Bakı Bələdiyyə Teatrının direktoru, Xalq Artisti Amaliya Pənahova, Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu, türkiyəli professor Sedat Adıgözəl, Beynəlxalq İlyas Əfəndiyev Fondunun rəhbəri Tural Əfəndiyev çıxışlarında ədibin zəngin həyat və yaradıcılığının ayrı-ayrı istiqamətləri, o cümlədən yüksək şəxsi keyfiyyətləri və xoşməramlı amallarından söz açıblar.

Çıxışlar əsnasında, İlyas Əfəndiyevin təkrarolunmaz dəyərli əsərləri ilə dünya ədəbiyyatının inkişafına və zənginləşməsinə böyük töhfələr verdiyi, onun qələmə aldığı "Aydınlıq gecələr” isə dövrün ədəbi prosesinin ən maraqlı nümunəsi olaraq qısa zamanda özünü təsdiq etdiyi və 1943-cü ildə Mehdi Hüseynlə həmmüəllif olduğu ilk dram əsəri olan "İntizar” pyesinin işıq üzü görməsi İlyas Əfəndiyevin milli teatrımızla əməkdaşlığının möhkəm bünövrəsini yaratdığı vurğulanıb.

Mərasim çərçivəsində YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyası Daimi Katibliyinin müşaviri Günay Əfəndiyeva, İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi müsanibətilə keçirilən tədbirə görə təşkilatçı və iştirakçılara minnətdarlığını bildirib və İlyas Əfəndiyevin həmişə həyata aydın baxışları, azad və dərin düşüncələri, o cümlədən əsərlərindəki ibrətamiz obrazları ilə gənc qaldığı və bundan sonra da belə qalacağını qeyd edib.

Tədbir zamanı türk dünyası qarşısında səmərəli fəaliyyətinə görə Türkiye Respublikası Xarici İşlər naziri Mövlud Çavuşoğluna TÜRKSOY-un yubiley medalı təqdim olunub.