PASiBAN

ƏBÜLFƏT MƏDƏTOĞLU
32700 | 2008-02-02 00:20
Mənə elə gəlir ki, hər kəsin həyatında maraqlı məqamlar- istər uşaqlıq illərində, istər ailə sahibi olandan sonra da olub, var və olacaq. Bu mənada evimin sonbeşiyinin hərdən, məni qayğılardan çəkib qurtarmaq üçün, uşaq təxəyyülü ilə qurduğu "səhnəciklər" öz səmimiyyəti, şirinliyi ilə yanaşı, həm də sonradan mənə bəxş etdiyi, təbii ki, düşüncələrim nəticəsində böyük dəstəyi ilə könlümə hakim kəsilir. Və istər-istəməz bir az dərddən-qəmdən, bir az da qayğılardan uzaqlaşıram.
   
   Bir dəfə qayğılı-qayğılı çəkilib oturmuşdum evin bir küncündə. Elə bil mənim nə boyda yük altında olduğumu duyub gəlib oturdu dizlərimin üstündə. O cin tökülən gözlərindəki şirin nəvazişlə üzümə baxıb dedi:
   
   - Ata, bilirsən mən böyüyəndə kim olacam?
   
   Heç nə anlamadan, könlünü qırmamaq xatirinə, yalançı bir təbəssümlə üzünə baxdım.
   
   - Mən lap siftə müəllim olacam, sonra polis rəisi, sonra prokuror olacam, sonra prezident olacam, lap axırda da həkim.
   
   Doğrusu, heç cür bir-biri ilə uyğunlaşmayan bu arzunun səbəbi məni danışmağa məcbur etdi:
   
   - Xeyir ola, qızım?
   
   - Ona görə müəllim olacam ki, anam məndən küsməsin. Sonra da rəis olub qoymayacam ki, polislər Zinyət nənənin (qonşuluqda yaşayan xırda alverlə məşğul olan yaşlı qadını nəzərdə tutur) satdıqlarını təpiklə vurub dağıtsınlar. Ondan sonra prokuror olacam, məktəbimizdən kompüter oğurlayanı tutduracam. Sonra da prezident olacam, saa bir yaxşı iş verəcəm. Maşınla gedib gələcəksən, astanovkada durmayacaqsan. Telefonla gündə zəng vurub sənnən çoxlu danışacaqlar, qohumlarımız hər gün səni qonaq çağıracaqlar, sən də onların işlərini düzəldəcəksən. Lap axırda da həkim olacam ki, ürəyin ağrıyanda, özüm saa iynə vurum...
   
   Altıncı sinifdə oxuyan bir uşağın yumruq boyda ürəyində olan bu arzularının səmimiyyəti o qədər böyük idi ki, onu özümdən asılı olmayaraq, sinəmə sıxdım və hiss etməyəcəyi bir şəkildə dolmuş gözlərimi yayındırdım. Amma bir qızcığazın ovuc içi boyda bir məmləkətdə görüb-duyduqlarını balaca ürəyindən keçirib, sonda atası üçün, ətrafda gördüyü insanlar üçün nələri arzuya çevirməsi doğrudan da çox qəribə idi. Yadıma özümün uşaqlıq illərim, özümün arzularım düşdü. Doğrusu, mən və inanmıram ki, mənim yaşıdlarım 10-12 yaşında olanda bu cür arzularla yaşayaydıq. Bizim arzu dünyamız tamam bambaşqa idi. Bəs dəyişən nədi?..
   
   Bu gün "kölgə" sözü yaman çox işlənir. Bəziləri "kölgə" iqtisadiyyatı, bəziləri "kölgə"li adam deyirlər, bəziləri "kölgə"də dolanıram deyirlər. Nə bilim vallah, amma nədənsə heç pasibanlıqdan danışan yoxdur. Bilmirəm, nədəndirsə "kölgə"yə sığınmaq, "kölgə" görüntüsü yaratmaq halları daha çoxdur. Elə bil bir qəribə mühitmi, zaman kəsiyimi və yaxud da hökmranlıq aurasımı yaranıb. Mütləq kiminsə "kölgə"sinə sığınmalısan, mütləq kölgələnməlisən, mütləq o kölgələrin içərisində əriyib itməlisən... Görəsən nədən?..
   
   Hər bir kitab kimi, hər bir ömür də səhifələnir, amma hər oxunan kitabda hər şey yerli-yerində olmadığı kimi, hər ömürdə də bütün səhifələr zəngin deyil. Amma buna baxmayaraq, istər kitabda, istərsə də ömrün səhifələrində mütləq yaxşı, həqiqi mənada sevinc, rahatlıq, düşünmək bağışlaya biləcək nəsə var. Və biz də, o cümlədən şəxsən mən də bu səhifələnən ömrümdə kölgəlikdən, kölgəyə sığınmaqdan, kölgəyə çəkilməkdən daha çox, zamanında pasibanlığı hiss etmişəm. Həyatımda son dərəcə böyük pasibanlıq xidməti olan mərhum yazıçı-jurnalist Əlsəfa Məmmədovun, pedaqoq-jurnalist Nəriman Zeynalovun, şair Nüsrət Kəsəmənlinin, Vaqif Nəsibin, Vaqif Bəhmənlinin, Çingiz Əlioğlunun və digərlərinin (heç vaxt üzümə çəkmədən, hətta iynə ucu boyda bir işartı ilə belə hiss etdirmədən) əməlləri, qayğıları, diqqətləri qarşısında özümü həmişə borclu bildiyim qədər də, rahat hiss etmişəm. Çünki bu insanlar mənə pasiban olublar, məni "kölgə"də böyütməyiblər, əlimdən tutublar...
   
   İndi elə bir zamanda yaşayırıq ki, daha çox "kölgə"linin "kölgə"si olmaq meylləri duyulur. O vaxta qədər ki, o "kölgə" öləzimir, o "kölgə" görünür. Bunun nədəni bəllidi, amma nədən belə olmaladı, axı? Üzə çəkilən kölgədə yaşamqdansa və yaxud kölgəyə sığınmaqdansa pasibanlığı nümayiş etdirmək, dayaq durmaq daha yaxşı deyilmi?
   
   Bilmirəm qənaətimdə yanılıram, yoxsa yox. Amma hər halda balaca bir qızcığazın ürəyində pasibanlıq həvəsi kölgəli olmaqdan daha böyükdür. Çox istərdim ki, elə o cür də, o istəklə də arzusuna çatsın, pasiban ola bilsin. Bu arzum hər kəs üçündü...
   
   
   
   P.S. Deyəsən, çox sadəlöhvcəsinə düşünürəm. Çünki təmənnasız, heç vaxtı üzə vurmamaq istəyi ilə pasiban durmaq gücü, qüdrəti ancaq müqəddəslərə məxsusdur. İndiki zamanda isə bu barədə düşünməyin özü gülünc görünür. Çünki bu zamandakıların müqəddəs kimi görünməklərin özləri elə cəhənnəmlik deməkdi. Bir də inanmıram ki, cənnətə tərəf getmək yox, boylanmaq istəyənlər də olsun. Təbii ki, söhbət əməlini heç olmasa, güzgüdə görənlərdən gedir...

TƏQVİM / ARXİV