adalet.az header logo
  • Bakı 16°C

Hakimiyyət yaltaqlığa "YOX!" dedi

CEYHUN MUSAOĞLU
30684 | 2008-02-02 00:20
- Redaksiyanız hansı binada yerləşir?
   
   - Nəşriyyatda.
   
   - Harda?
   
   - Nəşriyyatda.
   
   - Ay qardaş, o binadan nə qəribə adamlar çıxır... Əllərində qəzet-jurnal düşüblər küçələrə, o qapı sənin, bu qapı mənim... Lap dilənirlər e. Bir söz də demək olmur. Adamın gözünə qəzetdəki şəkilləri soxurlar.
   
   - Bunun "Azərbaycan" Nəşriyyatına nə dəxli var axı? Orda yerləşən qəzetlər kirayəşindi. Ayda pullarını verirlər...
   
   -Yaxşı, o qəzetlər nəşriyyatda dərc olunmur?
   
   - Olunur.
   
   - Bəs onda görmürlər ki, səhifələr başdan ayağa prezidentin şəkilləri ilə doludur. Hara çatdılar həmin şəkilləri başları üzərində bayraq edirlər.
   
   - Qadağa qoymaq olmaz e, qardaş. Sonra hərə bir ağızdan qışıqırar ki, mətbuatda senzura hökm sürür.
   
   - O senzura ki, reketçiliyin, yaltaqlığın, simasızlığın, dilənçiliyin qarşısını alacaq, eşq olsun ona.
   
   Hər dəfə məni görəndə "a kişi, çıx o nəşriyyatdan" deyən dostuma şad xəbər vermək istəyirəm. Srağagün Prezident Aparatı özəl və dövlət mətbəələrinə xəbərdarlıq məktubu ünvanlayıb. PA-nın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun imzasıyla hazırlanan məktubda deyilir: "Bundan sonra ümummilli lider Heydər Əliyev, həmçinin, Azərbaycan prezidentinin özü və ailə üzvləri ilə bağlı bütün kitablar çap edilməzdən əvvəl Prezident Aparatı ilə razılaşdırılmalıdır. Bu, eyni məzmunlu dərgi və xüsusi buraxılışlara da aiddir".
   
   Əlaçı. Mətbuatdakı bütün qadağalara yox deyən yazar olaraq, hakimiyyətin bu qərarını yüzdə-yüz alqışlayıram. Bilirəm ki, indi "JEK" müdirləri, bələdiyyələr, bina tikənlər, fermerlər ürəkdən sevinir. Daha qapıdan bayıra çıxanda əlində jurnal, astanada boynunu büküb dayanan qoca və murdar, cavan və çirkin məxluqatla üzləşməyəcəklər. Daha onların əllərindən çox dilənən gözləri ilə qarşılaşmayacaqlar. Əlbəttə, qadağan olunmuş şəkilləri səhifələrinə yapışdırmadan da dilənənlər var. Amma onları qovmaq asandır. Çünki onlarla birgə ölkəni idarə etmiş və idarə edən şəxslərin şəklinə ünvanlanmır bu hərəkət.
   
   Cənab Həsənovun diqqətini rəsm "əsərlərinə", büstlərə də yönəltməyi özümə borc bilirəm. Siz Allah, bir qərar da çıxarın, uşağının rəngli karandaşları ilə prezidentin şəklini çəkib evlərində işlətdiyi gipslə prezidentin büstünü düzəldib onları sənət əsəri kimi 20-30 manata satmasınlar.
   
   Siz bu qərarı hansı məqsədlə vermisiz özünüz bilərsiz. Mənim məqsədim hər dəfə adımız çəkiləndə yerə tüpürənlərin tüpürcəklərini havadaca dondurmaqdır. Mənim məqsədim nəşriyyatda işlədiyimə görə iradlarını eşitməyə məcbur olduğum dostumu susdurmaqdır. Mənim məqsədim hardasa kim tərəfindənsə susdurulmamaqdır.
   
   Bu yazını şanlı xəbərdarlıq məktubuna cavab kimi qəbul edin. Dostlarısızmı, bilmirəm, düşmənlərisizmi, bilmirəm, üzdəniraq həmkarlarımın buraxdıqları kağız parçalarının qanını sizə halal edirəm.
   
   Dostlara xitab: bəs deyirsiz, hakimiyyət mətbuatın xeyrinə addım atmaq həvəsində deyil? Bəs deyirsiz ölkədəki yaltaqlıq hakimiyyət tərəfindən dəstək qazanır? Məgər Əli Həsənovun mətbəələrə ünvanladığı xəbərdarlıq məktubu yaltaqlığın rəsmi şəkildə qarşısını almağa xidmət etmirmi?
   
   "Yaşasın mərdlər, rədd olsun yaltaqlar!" Deyəsən hakimiyyət seçkilərə bu şüarla başladı axı...

TƏQVİM / ARXİV