Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | MƏN BELƏ DÜNYANIN NƏYİNDƏN KÜSÜM? Adalet.az | MƏN BELƏ DÜNYANIN NƏYİNDƏN KÜSÜM? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

MƏN BELƏ DÜNYANIN NƏYİNDƏN KÜSÜM?

("Tarix-ibrət alanlar üçün dərsdir" silsiləsindən ııı yazı)

21291    |   2008-02-07 13:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu dünyada hər nə varsa, yaxşı görmək üçün ona yaxından baxmaq lazımdır. Yalnız bir şeydən başqa - bu, tarixdir, tarixi hadisələr, şəxsiyyətlərdir. Onlara yalnız uzaqdan baxanda daha aydın görünür, duyulur, anlaşılırlar. İyirminci əsrdə 70 il əzəmətli imperiyanın tərkibində yaşadıq. Zaman keçdikcə içində çalxalandığımız o böyük nehrənin özünü də, "yağı yağ, ayranı ayran" olan özümüzü də daha doğru tanımağa başlayırıq. Yeddi rəqəmi bizə həmişə əzizdir. Biz hər zaman İlahidən yeddi oğul istəmişik. Yetmiş ildə yeddi rəhbərimiz oldu. Şəxsiyyət kimi sayılanı, sayılmayanı da var idi. Amma bir yerdə sayanda sayı düz gəldi, yeddi oldu: Lenin, Stalin, Xruşşov, Brejnev, Andropov, Çernenko və Qorbaçov. Hər biri dövlət maşınını ölkənin əyri yollarında düz sürmək üçün sükanı bir az sağa, bir az sola burdu. Gələndə noğul kimi şirin-şəkər bildiyimiz oğullar bizə nə nağıllar vəd etdilər, bəs, gerçəklər nə oldu... Gələndə Rüstəmi-Zal, gedəndə lal-kar olan yeddi oğulun aqibətindən indi də yeddi oğul istərəm ki, dərs alsın. O dövlət də getdi, o oğullar oxuduğumuz dərsliklərdə qalmadı. Şahlıq quşuna həmişəlik bir yerdə oturmağı kimsə öyrədə bilmədi. Çox dolaşıb seçdiyi ən qiymətli başda da, yol azıb yorulduğundan təsadüfən qonduğu dəyərsiz başda da əbədi qalacağını kimsəyə vəd etmədi. Gəzən çoxdu, amma gəzəyən adı təkcə Şahlıq quşuna yaraşdı. Səmada pərvazlanıb ölkələr gəzdi. Qonduğu başların başına gələnləri hamıya danışdı. Danışdı ki, bilib agah olaq. Danışdı ki, agah olduqlarımızdan doğru nəticə çıxaraq. Danışdı ki, dünyada əbədi var olan, göylərdə-yerlərdə dövranını sürüb tarix saatının göstəricisiylə bir anlıq o bəxtəvər başa mehman olan Şahlıq quşunun yanında kimsə özünü növbəti dəfə qiymətsiz etməsin. Tarix saatının ərəbləriysə öz bildiyi kimi işləyir... Həm saatın əqrəbləri, həm də ətrafımızda dolaşıb bizi yerimizdən oynadan, ağlımızı qaçıran ölümcül zəhərli əqrəblər bir an belə dayanmır. Hərdən tarixi vərəqləyib ondan ibrət dərsi almaqda fayda var.
   
   
   
   ***
   
   
   
   (əvvəli ötən şənbə sayımızda)
   
   
   
    Həyat hər zaman müxtəlif qəribəliklərlə doludur. 1964-cü il Nikita Sergeyeviç üçün əlamətdar hadisələrlə zəngin olacağını vəd edirdi. Yox, yox... Dövlət çevrilişinın baş verəcəyi, silahdaşları tərəfindən bir an içində bütün vəzifə səlahiyyətləri və imtiyazlarından məhrum olacağı ağlına gəlməzdi. Gəlsəydi, bu əməliyyatın qarşısını almağa gücü, imkanı, cəsarəti və qətiyyəti çatardı. O, rəsmi qəzetlərin birinci səhifəsində yerləşdirilən şəkillərdə göründüyü kimi, həmişə gülərüz və mələksima deyildi. Lazım gələndə xarakterindəki inadkarlıq, qəddarlıq yaxın ətrafına məlum idi. Novoçerkasskda baş verən hadisələr zamanı tutduğu mövqe bunu açıq şəkildə göstərdi. 1962-ci ildə adı çəkilən şəhərdə mahiyyəti, məzmunu və nəticələri ictimaiyyətdən mümkün qədər gizli saxlanılan müdhiş olay baş vermişdi. Sosial vəziyyətin ağırlaşması,zəhmətkeşlərin ərizə və şıkayətlərinə rəhbər təşkilatların etinasız münasibəti, əsassız qiymət artımı, istehlak mallarının qıtlığı fəhlələri tətil elan edib, kütləvi etiraz aksiyalarına başlamağa vadar etdi. Vəziyyəti yerindəcə araşdırıb Mərkəzə məruzə etmək üçün Suslovla Mikoyan hadisə yerinə ezam edilmişdilər. Aldığı operativ məlumatdan bərk qəzəblənən Xruşşov ixtişaşı dərhal yatırmaq üçün şəhərə qoşun hissələri yeridilməsi barədə Şimali Qafqaz Hərbi Dairəsinin komandanı general Pliyevə göstəriş verdi. İqtisadi tələblərlə dinc nümayişə çıxan Lokomotiv zavodu fəhlələrinin küçə yürüşü xüsusi amansızlıqla yatırıldı. Gülləbaran nəticəsində xeyli sayda ölən və yaralanan oldu. Lakin cəza tədbirləri bununla bitmədi. Nümayiş komitəsinin əsas üvzləri həbs olunaraq ölümə məhkum edildi. Kremldəki qruplaşma ölkədə ara-sıra baş verən bu kimi hadisələrdən özləri üçün lazımi nəticəni çıxarmışdılar. Odur ki, hərtərəfli götür-qoy etmədən bir addım da atmaq fikrində deyildilər.
   
   1964-cü ilin yazında Nikita Xruşşov özünün yetmişinci baharına qədəm basacaqdı. Bir qədər əvvəl mən ilin əlamətdar hadisəsi deyəndə, bunu nəzərdə tuturdum. Bəli, əlli yaşına çatmayan sovet xalqı öz rəhbərinin yetmiş illik yubileyini təntənəylə qeyd edəcəkdi. Kremldə açılacaq bayram süfrəsinin qonaqları siyahısına düşmək arzusunda olanlar cox, masaların sayı isə limitli idi. zəl dəvətnamələrin kimlərə nəsib olacağı tam bəlli olmasa da, hər ehtimala qarşı yuxarı dairələrdə hədiyyələr, nitqlər qabaqcadan hazırlanırdı. Əhalisi ərzaq qıtlığına məruz qalan nəhəng Dövlət yetmiş illik yubiley münasibətilə dördüncü qızıl ulduzu öz qəhrəman rəhbərinin yaxasına taxacaqdı. (1954, 1957, 1961, 1964-cü illərdə Xruşşov bir dəfə Sovet İttifaqı Qəhrəmanı, 3 dəfə Sosialist Əməyi Qəhrəmanı adına layıq görülmüşdü.-E.B.) Təntənəli yubiley gecəsində tərif-təbrik yarışmasında önə çıxmağa heç kimə macal verməyən, mədhnamə deməkdə hamını geridə qoyan Leonid İliç mənəvi atasıyla dodaq-dodağa öpüşürdü. Bu "səmimi" öpüşün ləzzətini Nikita Sergeyeviç həmin hadisədən cəmi bir neçə ay sonra, Oktyabr plenumunda, yaşının çoxluğu və səhhətinin pisləşməsi ilə əlaqədar təqaüdə göndəriləndə anlayacaqdı və ölənə kimi dadı damağından getməyəcəkdi. Onun ömür payı isə hələ yeddi ildən sonra bitəcəkdi...
   
   
   
   * * *
   
   Hava limanından birbaşa Kremlə gələn Xruşşov geniş tərkibli Prezidium iclasını adəti üzrə özü açdı. Çıxış üçün ilk sözü özünün yetirməsi olan Leonid İliç istədi. Brejnevin, sonra daha bir Mərkəzi Komitə katibinin - Nikolay Viktoroviç Podqornının çıxışı qeyri-adi iclasın istiqamətini müəyyənləşdirdi. Məlum oldu ki, "bu həna o hənadan deyilmiş". Söhbət heç də əvvəlcədən gündəlikdə nəzərdə tutulan kimi, qarşıdakı dövr üçün perspektiv inkişaf planına düzəlişlərdən və kənd təsərrüfatı məsələləriylə bağlı əlavə tədbirlərdən getməyəcək. Danışanların ağzından od püskürürdü, gözləri yaman qızmışdı. Tənqidi fikirlərin yalnız bir ünvanı vardı - Nikita Xruşşov. O, komanda üzvlərinin qəfil mütəşəkkil hücumunu dəf etməyə hazır deyildi. Eşitdiklərindən dəhşətə gələn, əsəbindən az qala zəncir çeynəyən rəhbərə ünvanına aramsız yağdırılan ittihamlara münasibət bildirməyə də imkan verilmədi. Həmin gün cəsarətlənib birinci katibə, "siz hələ qulaq asın, sıra çatanda danışarsız,"- deməyə cürət edənlər də tapıldı. On il sırada həmişə birinci olan Nikita özünün sədrliyi ilə keçirilən son Prezidium iclasında söz alıb rahat danışa bilmirdi. İttiham dolu çıxışlarsa səngimirdi. Bu qədər gərginliyə dözmək yetmiş yaşlı dördqat qəhrəmandan nəhayətsiz səbr, dözüm istəyirdi. Dünənə kimi onu xüsusi nəvazişlə əhatə edənlər, bir ötəri baxışını qazanmaq üçün yüz dəfə əzilib-büzülənlər sanki yeddi başlı əjdahaya dönmüşdülər. O isə hələ də başını saxlayacağına ümid bəsləyirdi. Bəlkə ümidini tam yemədiyindən ürəyi partlamırdı. O, heç bilmirdi ki, həmin dəqiqələrdə xidməti avtomobilinin sürücüləri, yaşadığı evin və bağ malikanəsinin xidmətçiləri, şəxsi mühafizəçiləri Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vladimir Semiçastnın əmriylə təcili olaraq dəyişdirilib. Mənzilindən aparılan bütün telefon danışıqları xüsusi nəzarətə götürülüb. Bu qarışıqlıqda Xruşşov yəqin fərqində deyildi ki, fitvası oktyabrın ayının 13-nə düşdü. Külli-aləm bilir ki, 13 - nəhs rəqəmdi. Bundan sonra deyilənlərə necə inanmayasan? Xruşşov bircə onu bilirdi ki, o gün o başabəla iclas da o uğursuz gün kimi yaman uzanırdı, heç qurtarmaq bilmirdi... Yuxusuz gecəni faktiki ev dustağı kimi keçirən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, SSRİ Nazirlər Sovetinin sədri Nikita Sergeyeviç Xruşşov öz aqibətini dəyişməkdə tam aciz olduğunu anlamışdı. Çox düşünüb-daşınandan sonra acı taleyilə barışıb istefa ərizəsini yazmaq qərarına gəldi. Mikoyana telefon açıb bu barədə fikrini bildirdi. Yəqin elə həmin anda bu mühüm məlumat Semiçastnıya da çatdırıldı. Görən Brejnevə bu barədə birinci müştuluq verən kim oldu - Mikoyan, Semiçastnı, yoxsa?.. Ertəsi gün Mərkəzi Komitənin plenumu olacaqdı. Gecəylə ölkənin hər yerindən siyahı üzrə aidiyyatı olan rəsmilər təcili Moskvaya çağırıldı... Deyilənə görə, Xruşşovun Prezidiumdan son ricası bu oldu ki, Plenumda onun fəaliyyəti geniş müzakirəyə çıxarılmasın. Gedənin dalınca danışmaq mərəzinə yoluxan peşəkar iclasbazlara fürsət verilsə məclisdə necə tozanaq qoparacaqlarını yaşı yetmişi haqlayan Lider yaxşı bilirdi.
   
   1964-cü il oktyabr ayının 14-də keçirilən plenumda Mixail Suslovun 40 dəqiqəlik məruzəsindən sonra, ümumiyyətlə, müzakirə və çıxışlara imkan verilmədi. Şahidlərin yazdığına inansaq, Suslov və Brejnev "Xruşşov yoldaş vəzifəsindən istefa barədə ərizə ilə müraciət edib. Hesab edirik ki, əlavə çıxışa ehtiyac yoxdur",- söyləyəndə, Nikita Sergeyeviçin gözləri yaşarıbmış. Həmin gün yalnız təşkilati məsələyə baxıldı və Leonid İlıç Brejnev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçildi. Dinc çevrilişdən sonra bir çoxları hakimiyyətdə mövqelərini bərkitdi. Aleksey Nikolayeviç Kosıgin Nazirlər Sovetinin sədri təyin edildi. Otuzuncu illərdə Kosıginin böyük siyasətə gəlməsinin də səbəbkarı olan Anastas Mikoyan bir müddət tutduğu vəzifədə qaldı. Lakin Brejnev Oktyabr hadisələrində onun ikili mövqeyini unutmadı. Mikoyan Xruşşovun hakimiyyətdən tamamən uzaqlaşdırılmasını istəmədiyini açıqca söyləmişdi. O, vaxtilə Beriyanın fəaliyyətinin müzakirəsində də yüksək kürsüdən tənqidi fikirlər səsləndirməklə yanaşı, deyilən nöqsanlardan lazımi nəticə çıxarması üçün Lavrenti Pavloviçə imkan verilməsi təklifini irəli sürmüşdü. Brejnev mahir ovçu idi. O, çox yaxşı bilirdi ki, vurulan şikarı yaralı qoymaq olmaz. Odur ki, hamını dinləyib öz bildiyi kimi qərar qəbul etdi. Mərkəzi Komitə partiya və dövlət qulluğunda rəhbər şəxslərin 70 yaşından sonra vəzifədə qalmasını məqsədəuyğun görmədi və bu barədə müvafiq qərar çıxardı. Beləliklə, Brejnev ətrafındakı arzuolunmazlardan asanlıqla qurtuldu. lkənin siyasi rəhbərliyində stajına görə Ginnesin rekordlar kitabına düşməyə layiq Mikoyanla vidalaşma məqamı nəhayət ki, gəlib çatdı. 1965-ci ildə 70 yaşı tamam olan kimi altıncı dəfə Lenin ordeni ilə təltif edilib təqaüdə göndərildi. Onu bu vəzifədə oktyabr hadisələrinin fəal iştirakçılarından olan Nikolay Viktoroviç Podqornı əvəz etdi. Düzdür, qocaman bolşevik yenə deputatlığında qaldı, rəsmi tədbirlərə dəvət olundu. Amma onun aktiv siyasi fəaliyyətinə, hadisələrə bilavasitə müdaxiləsinə nöqtə qoyuldu. Ona öz mürəkkəb həyat yolunu istədiyi qədər xəyalən yaşayıb xatirələr yazmaq üçün gözəl şərait yaradıldı. mür boyu nə qədər təqib etsə də, 13 rəqəmi onu heç vaxt haqlaya bilmirdi. Nəhayət, son mənzilə yollanarkən onun da köhnə inqlabçıyla cüzi simsarlığı oldu. Vida mərasimində tərcümeyi-halı yada salınanda xatırlandı ki, Anastas Mikoyan təqaüdə göndəriləndən düz 13 il (!) sonra 83 yaşında dünyasını dəyişdi. Bu halda 13 rəqəminə nəhs demək də duz olmazdı. Hər adam o böyüklükdə vəzifəni itirəndən sonra on üç il ömür sürə bilmir. Mikoyan bunu da bacardı.
   
   
   
    * * *
   
   Oktyabr plenumu ərəfəsində Xruşşov Mikoyanla Pitsundada dincələndə onun həyat yoldaşı Nina Petrovna da yaxın rəfiqəsiylə Karlovı Varıdakı sanatoriyaların ən yaxşısında müalicə olunurdu. Sovetlərin rəhbərliyində baş verən dəyişikliklər barədə son xəbəri onlar birlikdə radioda eşitdilər. Həmin gün sürətlə yayılan və bütün kütləvi informasiya vasitələrində dəfələrlə təkrarlanan rəsmi məlumat rəfiqələr üçün eyni dərəcədə gözlənilməz olsa da, birinə kədər, digərinə sevinc gətirdi. Təəccüblənməyə gərək yox. Axı, Nina Petrovnanın rəfiqəsi yeni rəhbərin - Leonid İliç Brejnevin doğmaca həyat yoldaşı Viktoriya Petrovna idi. Ona görə deyirəm ki,mən belə dünyanın...
   
   
   
   (ardı var)


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK