adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

MƏN BELƏ DüNYANIN NƏYiNDƏN KüSüM?

26191 | 2008-02-07 13:15
Bu dünyada hər nə varsa, yaxşı görmək üçün ona yaxından baxmaq lazımdır. Yalnız bir şeydən başqa - bu, tarixdir, tarixi hadisələr, şəxsiyyətlərdir. Onlara yalnız uzaqdan baxanda daha aydın görünür, duyulur, anlaşılırlar. İyirminci əsrdə 70 il əzəmətli imperiyanın tərkibində yaşadıq. Zaman keçdikcə içində çalxalandığımız o böyük nehrənin özünü də, "yağı yağ, ayranı ayran" olan özümüzü də daha doğru tanımağa başlayırıq. Yeddi rəqəmi bizə həmişə əzizdir. Biz hər zaman İlahidən yeddi oğul istəmişik. Yetmiş ildə yeddi rəhbərimiz oldu. Şəxsiyyət kimi sayılanı, sayılmayanı da var idi. Amma bir yerdə sayanda sayı düz gəldi, yeddi oldu: Lenin, Stalin, Xruşşov, Brejnev, Andropov, Çernenko və Qorbaçov. Hər biri dövlət maşınını ölkənin əyri yollarında düz sürmək üçün sükanı bir az sağa, bir az sola burdu. Gələndə noğul kimi şirin-şəkər bildiyimiz oğullar bizə nə nağıllar vəd etdilər, bəs, gerçəklər nə oldu... Gələndə Rüstəmi-Zal, gedəndə lal-kar olan yeddi oğulun aqibətindən indi də yeddi oğul istərəm ki, dərs alsın. O dövlət də getdi, o oğullar oxuduğumuz dərsliklərdə qalmadı. Şahlıq quşuna həmişəlik bir yerdə oturmağı kimsə öyrədə bilmədi. Çox dolaşıb seçdiyi ən qiymətli başda da, yol azıb yorulduğundan təsadüfən qonduğu dəyərsiz başda da əbədi qalacağını kimsəyə vəd etmədi. Gəzən çoxdu, amma gəzəyən adı təkcə Şahlıq quşuna yaraşdı. Səmada pərvazlanıb ölkələr gəzdi. Qonduğu başların başına gələnləri hamıya danışdı. Danışdı ki, bilib agah olaq. Danışdı ki, agah olduqlarımızdan doğru nəticə çıxaraq. Danışdı ki, dünyada əbədi var olan, göylərdə-yerlərdə dövranını sürüb tarix saatının göstəricisiylə bir anlıq o bəxtəvər başa mehman olan Şahlıq quşunun yanında kimsə özünü növbəti dəfə qiymətsiz etməsin. Tarix saatının ərəbləriysə öz bildiyi kimi işləyir... Həm saatın əqrəbləri, həm də ətrafımızda dolaşıb bizi yerimizdən oynadan, ağlımızı qaçıran ölümcül zəhərli əqrəblər bir an belə dayanmır. Hərdən tarixi vərəqləyib ondan ibrət dərsi almaqda fayda var.
   
   
   
   ***
   
   
   
   (əvvəli ötən şənbə sayımızda)
   
   
   
    Həyat hər zaman müxtəlif qəribəliklərlə doludur. 1964-cü il Nikita Sergeyeviç üçün əlamətdar hadisələrlə zəngin olacağını vəd edirdi. Yox, yox... Dövlət çevrilişinın baş verəcəyi, silahdaşları tərəfindən bir an içində bütün vəzifə səlahiyyətləri və imtiyazlarından məhrum olacağı ağlına gəlməzdi. Gəlsəydi, bu əməliyyatın qarşısını almağa gücü, imkanı, cəsarəti və qətiyyəti çatardı. O, rəsmi qəzetlərin birinci səhifəsində yerləşdirilən şəkillərdə göründüyü kimi, həmişə gülərüz və mələksima deyildi. Lazım gələndə xarakterindəki inadkarlıq, qəddarlıq yaxın ətrafına məlum idi. Novoçerkasskda baş verən hadisələr zamanı tutduğu mövqe bunu açıq şəkildə göstərdi. 1962-ci ildə adı çəkilən şəhərdə mahiyyəti, məzmunu və nəticələri ictimaiyyətdən mümkün qədər gizli saxlanılan müdhiş olay baş vermişdi. Sosial vəziyyətin ağırlaşması,zəhmətkeşlərin ərizə və şıkayətlərinə rəhbər təşkilatların etinasız münasibəti, əsassız qiymət artımı, istehlak mallarının qıtlığı fəhlələri tətil elan edib, kütləvi etiraz aksiyalarına başlamağa vadar etdi. Vəziyyəti yerindəcə araşdırıb Mərkəzə məruzə etmək üçün Suslovla Mikoyan hadisə yerinə ezam edilmişdilər. Aldığı operativ məlumatdan bərk qəzəblənən Xruşşov ixtişaşı dərhal yatırmaq üçün şəhərə qoşun hissələri yeridilməsi barədə Şimali Qafqaz Hərbi Dairəsinin komandanı general Pliyevə göstəriş verdi. İqtisadi tələblərlə dinc nümayişə çıxan Lokomotiv zavodu fəhlələrinin küçə yürüşü xüsusi amansızlıqla yatırıldı. Gülləbaran nəticəsində xeyli sayda ölən və yaralanan oldu. Lakin cəza tədbirləri bununla bitmədi. Nümayiş komitəsinin əsas üvzləri həbs olunaraq ölümə məhkum edildi. Kremldəki qruplaşma ölkədə ara-sıra baş verən bu kimi hadisələrdən özləri üçün lazımi nəticəni çıxarmışdılar. Odur ki, hərtərəfli götür-qoy etmədən bir addım da atmaq fikrində deyildilər.
   
   1964-cü ilin yazında Nikita Xruşşov özünün yetmişinci baharına qədəm basacaqdı. Bir qədər əvvəl mən ilin əlamətdar hadisəsi deyəndə, bunu nəzərdə tuturdum. Bəli, əlli yaşına çatmayan sovet xalqı öz rəhbərinin yetmiş illik yubileyini təntənəylə qeyd edəcəkdi. Kremldə açılacaq bayram süfrəsinin qonaqları siyahısına düşmək arzusunda olanlar cox, masaların sayı isə limitli idi.

TƏQVİM / ARXİV