adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

"SURƏTLƏRiN MüDHiŞ MƏLƏYi"

19612 | 2008-02-02 00:42
1978-ci ildə Amerikanın Sidney Universitetində fransız filosofu Jan Bodriyyar "Surətlərin müdhiş mələyi" adlı mühazirə oxuyur. Biz başımızı qaldırıb, yaxud çevirib hara baxsaq, kiminsə nə vaxtsa təxəyyülündən yaranmış konkret bir surət görəcəyik. Sonra görəcəyik surət bir deyil, ikidir, üçdür, ondur, yüzdür, mindir... Bu surətlər bizim hər tərəfimizdədir. Hələ bu da azdır, biz özümüz dönüb kiminsə təxəyyülündən yaranan surətə çevrilmişik. Məsələn, geyimlər, davranışlar, avtomobil, avtomobillərin dizaynı, dükanın (yaxud deyək marketin) adı və bu ada uyğun yanındakı təsvir, yediyimiz ərzaqların satış markası və tərtibi, yeni bina və bu binanın real, onu yerə otuzduran, landşafta uyğunlaşdıran layihəsindən çox binanın üzlüyü... Elə köhnə binaların da bu gün belə tələsik qaşınıb ağır daş lövhələrlə, yaxud başqa materiallarla üzlənməsini onları gerçəklikdən, yəni sözün əsl mənasında binalıqdan ayırıb, binanın surətinə çevirmək cəhdi kimi qəbul olunmalıdır.
   
   Surət qədimlərdə (bizdə də, Avropada da) şər kimi qəbul olunub. Surət gerçək, əslində olanı, Allah tərəfindən yaradılanı, yaxud mühitə uyğun olaraq qurulanı çaşdırmaq, azdırmaq məqsədi daşıyıb. O zaman ağıllı insanlar şeytan əməli olaraq aldadan, cəlb eləyən surətdən çəkinməyi, ehtiyatlı olmağı məsləhət biliblər. Xristianlarda təsvirə kilsə tərəfindən ciddi nəzarət vardı. Hər şeyi çəkmək olmazdı. Müqəddəsləri çəkəndə onları kilsə kanonlarına uyğun çəkmək lazım gəlirdi. İslamda isə ümumiyyətlə təsvir, xüsusilə insan təsviri qadağandır. Bunlar gerçəkliyin əvəzinə onun oxşarını əmələ gətirə bilərdi. Surətlər yaradan müdhiş, qorxulu mələk var. Onu şər kimi anlamaq lazımdır. Bunu biz, yəni Mirzə Cəlilin dönə-dönə, gülə-gülə, rişxəndlə təqdim və tənqid etdiyi cəhalətin qaranlığından çıxa bilməyən avam müsəlmanlar demirik. Bunu qərbin, biz avamların maariflənib, müasirləşib onlara yetmək istədiyimiz qərbin super müasir və ən dəbdə olan filosofu Jan Bodriyyar söyləyir. O, surətlərin qorxulu və şər qüvvəsindən danışır.
   
   Amma Bodriyyarın Sidney mühazirəsi daha çox kinoya həsr olunub. O deyir, kino dünyanı əjdaha kimi udub. Kinoproses o qədər inkişaf edib ki, indi buna kinoəməl demək lazımdır. Və biz hamımız bu kinoəməlin daxilində yaşayırıq. Ona görə də burda surətlərlə ehtiyatlı olmaq lazımdır. Çünki birdən bu kinoəməldə partlayış təsvir edilsə, sabah bu partlayış mütləq gerçəkdə baş verəcək. Çünki gerçəklik kinonun daxilindədir.
   
   Belə partlayışlar müxtəlif qəzaları ləzzətlə təsvir edən Hollivud filmlərinin ardınca çox-çox baş verirdi. Nədənsə onların heç birinə əhəmiyyət verilmirdi. Lakin onlardan ən böyüyü, ən təsvirlisi, ən kinoyabənzəri 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkda baş verdi. Amma bu gerçək partlayış idi. Bu zaman hamının yadına nə vaxtsa Bodriyyarın dedikləri düşdü. Necə də düşməsin? Hollivud filmlərində belə partlayışları nə qədər göstərirdilər? Və birdən... Onda jurnalistlər başladı Bodriyyarı axtarmağa. Bodriyyar hələ o vaxt sağ idi. O, müsahibə verəndə, həmçinin, 11 sentyabr hadisəsi haqqında özü ayrıca məqalə yazanda, (təxminən "bənzərlik yaradan" mənasında) "simulyakr", surətlər və kinoəməl nəzəriyyəsindən çıxış etmədi. Bunları bir kənara qoyub gerçəkdə, üçüncü ölkələrdə, Şərqdə baş verən partlayışlardan danışdı. Yəni artıq simulyakr baş verib. Artıq surətlər dünyanı udub. Dünya əgər bu şəkildə yeknəsəkləşibsə, onda hardasa insanların pis, partlayışlar içində yaşaması və hər an belə partlayışlardan ölmək təhlükəsinin onlar üçün təbii hala çevrilməsi o deməkdir ki, başqa yerdə də, yəni belə ölkələrdən inkişafına görə fərqlənən yerlərdə də sakit yaşamaq qeyri-mümkündür.
   
   

TƏQVİM / ARXİV