adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Xalqın içindəki xofu kimsə dağıtmalıydı

17771 | 2008-01-28 11:53
Bu dünyada hər nə varsa, yaxşı görmək üçün ona yaxından baxmaq lazımdır. Yalnız bir şeydən başqa - bu, tarixdir, tarixi hadisələr, şəxsiyyətlərdir. Onlara yalnız uzaqdan baxanda daha aydın görünür, duyulur, anlaşılırlar. İyirminci əsrdə 70 il əzəmətli imperiyanın tərkibində yaşadıq. Zaman keçdikcə içində çalxalandığımız o böyük nehrənin özünü də, "yağı yağ, ayranı ayran" olan özümüzü də daha doğru tanımağa başlayırıq. Yeddi rəqəmi bizə həmişə əzizdir. Biz hər zaman İlahidən yeddi oğul istəmişik. Yetmiş ildə yeddi rəhbərimiz oldu. Şəxsiyyət kimi sayılanı, sayılmayanı da var idi. Amma bir yerdə sayanda sayı düz gəldi, yeddi oldu: Lenin, Stalin, Xruşşov, Brejnev, Andropov, Çernenko və Qorbaçov. Hər biri dövlət maşınını ölkənin əyri yollarında düz sürmək üçün sükanı bir az sağa, bir az sola burdu. Gələndə noğul kimi şirin-şəkər bildiyimiz oğullar bizə nə nağıllar vəd etdilər, bəs, gerçəklər nə oldu... Gələndə Rüstəmi-Zal, gedəndə lal-kar olan yeddi oğulun aqibətindən indi də yeddi oğul istərəm ki, dərs alsın. O dövlət də getdi, o oğullar oxuduğumuz dərsliklərdə qalmadı. Şahlıq quşuna həmişəlik bir yerdə oturmağı kimsə öyrədə bilmədi. Çox dolaşıb seçdiyi ən qiymətli başda da, yol azıb yorulduğundan təsadüfən qonduğu dəyərsiz başda da əbədi qalacağını kimsəyə vəd etmədi. Gəzən çoxdu, amma gəzəyən adı təkcə Şahlıq quşuna yaraşdı. Səmada pərvazlanıb ölkələr gəzdi. Qonduğu başların başına gələnləri hamıya danışdı. Danışdı ki, bilib agah olaq. Danışdı ki, agah olduqlarımızdan doğru nəticə çıxaraq. Danışdı ki, dünyada əbədi var olan, göylərdə-yerlərdə dövranını sürüb tarix saatının göstəricisiylə bir anlıq o bəxtəvər başa mehman olan Şahlıq quşunun yanında kimsə özünü növbəti dəfə qiymətsiz etməsin. Tarix saatının əqrəbləriysə öz bildiyi kimi işləyir... Həm saatın əqrəbləri, həm də ətrafımızda dolaşıb bizi yerimizdən oynadan, ağlımızı qaçıran ölümcül zəhərli əqrəblər bir an belə dayanmır. Hərdən tarixi vərəqləyib ondan ibrət dərsi almaqda fayda var.
   
   
   
   ***
   
   
   
   (əvvəli ötən
   
   şənbə sayımızda)
   
   
   
   Bir müəmmalı məqama diqqət yetirək: ölkənin üç ən yüksək rəhbər vəzifəsini daşıyan iki şəxs - Xruşşov və Mikoyan paytaxtdan xeyli aralıda yerləşən Pitsundaya eyni vaxtda yollanmışdı. Problemlər içində çağlayan uc-suz-bucaqsız məmləkəti payızın oğlan çağında kimin ümidinə qoyub birlikdə dincəlməyə getmək olardı? Belə yüksək vəzifə sahibləri üçün ən gözəl istirahət hər şəraiti olan kabinetləri, yaxud bağ malikanələri deyilmi? Birincilər, adətən məzuniyyətlərini həmkarları ilə keçirməyi xoşlamırlar. Onların birgə Pitsunda səfəri, həm də aralarındakı özəl münasibətin göstəricisiydi. Sarayiçi artan narazılıqlar barədə Nikita Sergeyeviçlə bölüşmək Mikoyan üçün əlavə problem yaratmazdı. Amma o, bunu etmədi. Hadisələri bir qədər qabaqlayaraq xatırladaq ki, az sonra Xruşşovun SSRİ Nazirlər Soveti sədri vəzifəsindən çıxarılması barədə Ali Sovetin Fərmanını onunla bərabər, Qara dəniz sahillərində ağ günlər yaşayan Anastas Mikoyan əlləri əsmədən, bar-maqları titrəmədən, rahatca imzalayacaqdı... Mənim qənaətimcə, Mikoyanın Kremldə çalınacaq növbəti vida zəngindən xəbəri vardı və Nikita Sergeyeviçi nəyin bahasına olursa-olsun, dilə tutub Moskvaya gətirmək, məhz ona tapşırılmışdı. Şübhəsiz ki, bu tapşırıq rica formasında edilmişdi. Bəlkə istirahətə birlikdə getmələri, çılğın təbiətli cırtqoz Nikitanı mərkəzdən uzaqda da, hər ehtimala qarşı nəzarətdə saxlamaq məqsədi güdürdü. Erməni kələyi bu dəfə də baş tutdu. Xruşşov məzuniyyətini yarımçıq qoyub, oğlu Sergey və cəmi 5 nəfər şəxsi mühafizəçisi ilə paytaxta qayıtdı.
   
   "Vnukova-2" hava limanında onları vur-tut iki nəfər rəsmi şəxs qarşıladı - Ali Sovetin Rəyasət Heyətinin katibi Mixail Qeorqadze və Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vladimir Semıçastnı. Bu həmin Semiçastnı idi ki, 1959-1961-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinın ikinci katibi vəzifəsində işləmişdı. Adətən, birinci şəxsin qarşılanma mərasimi çoxsaylı yüksək səviyyəli məmurların iştirakı ilə keçərdi. Nə Xruşşovun, nə də Mikoyanın diqqətindən bu məqam yayına bilməzdi. Amma Kremldə qurulan siyasi tamaşa artıq hazırlanmışdı. Salondakılar səbrsizlklə əsərin baş qəhrəmanını, daha doğrusu, baş qurbanını gözləyirdilər.
   
   Bəli, bir vaxtlar Kreml cəngəlliklərinin baş ovçusu on il ötəndən sonra özü şikara çevrildi. Sinəsi dörd Qızıl ulduzlu qəhrəman ən yaxınları tərəfindən məharətlə qurulan tələyə düşdü. Həmin gün Moskvaya qayıtmasaydı, oğlunun çevriliş ehtimalı barədə xəbərdarlığına ciddi yanaşıb tədbirli davransaydı, ən üst eşalonda növbəti "təmizlənmə əməliyyatı" aparıb, bəlkə də ömrünün sonuna kımi ölkədə şahlıq edəcəkdi. Amma şeytan onu yoldan çıxararaq Mikoyana qoşduğundan hadisələr qabaqcadan razılaşdırılmış çevriliş planına uyğun cərəyan edirdi.
   
   
   
   * * *
   
    Sovet xalqını çoxillik Stalin, Beriya xofundan azad etməsi, şəxsiyyətə pərəstiş dövrünün ifşası, milyonlarla günahsıza bəraət verdirməsi, Avropaya baxan pəncərənin demokratiya nəfəsciyini azacıq da olsa açması, hakimiyyətinin ilk illərində Nikita Xruşşova yüksək siyası dividend qazandırmışdı. Bu, onun ən böyük qələbəsi idi. Hərbi sənayenin güclənməsinə diqqət, kosmosun fəthində mühüm nailiyyətlər, el içində indi də "xruşovka" adlanan binaları tikməklə ölkə əhalisinin əksəriyyətinin mənzillə təmin edilməsi cəmiyyətdə rəğbətlə qarşılanırdı.
   
   Xruşşovun ən böyük xətaları isə dövlət idarəetməçiliyində özünü doğrultmayan struktur dəyişiklikləri, kənd təsərrüfatındakı uğursuz islahatlar, əsaslı düşünmədən qəbul etdiyi qərarlar, cəfəng vergi sistemi oldu. Nəticədə ölkədə ciddi ərzaq qıtlığı problemi yarandı, qiymət artımı baş verdı. Çörək üçün uzun növbələr, ət məhsullarının, yağın, unun talonla verilməsi insanları xəyalən yenidən əzablı müharibə dövrünə qaytarmışdı. Rəhbərin təbiətindəki qeyri-stabillik, getdikcə artan "mənəm-mənəmlik", özünəvurğunluq, idarəetməçilikdə buraxdığı bağışlanmaz nöqsanlar, təkcə Kremldəki silahdaşları arasında deyil, yavaş-yavaş bütün ölkədə narazılıq dalğasını gücləndirirdi. Son vaxtlar onun hərəkətlərində, rəftarında qəribə dəyişikliklər müşahidə olunurdu. O, heç kəsi axıradək dinləmır, kimsəylə məsləhətləşmirdi. Tabeliyində olanların əksəri qaydada əmrə müntəzir davranış tərzindən daha çox xoşlanırdı. Belə təsəvvür yaranırdı ki, indi də bu başıbəlalı ölkə pərəstişə layiq səxsiyyəti olmayan rəhbərə pərəstiş dövrünə qədəm basacaqdı. Köhnə qvardiyadan yalnız Anastas Mikoyan onun qılığına girə bilmişdi və yüksək etimadını qazanmışdı. Ara-sıra Nikita Sergeyeviç vaxtı qabaqlayaraq bəzi bəyanatlar da verərdi. Gözlənilmədən açıqlanan planlar, proqramlar onu əhatə edənlərin maraqları ilə çox vaxt üst-üstə düşməzdi.

TƏQVİM / ARXİV