adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
25 Noyabr 2014 13:11
4346
ƏDƏBİYYAT
A- A+

Türk xalqlarının gənc şair yazarları Bakıda toplaşacaqlar

Noyabrın 27-30-u bir sıra türk xalqlarının gənc şair və araşdırmaçı-yazarları  Bakıda görüşəcək. Dünya Gənc Türk Yazarlar Birliyindən (DGTB) Adalet.az-a verilən məlumata görə, qurumun təşkilatçılığı Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə baş tutan tədbirdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Moldova (Qaqauz), Tatarıstan, İraq (Kərkük) kimi ölkə, topluluq və şəhərlərdən müxtəlif türk xalqlarını təmsil edən istedadlı gənc şairlər, perspektivli araşdırmaçı-yazarlar iştirak edəcəklər.

Məqsəd türk coğrafiyasını əhatə edən gənc yazar birlikləri arasında məsləhət mühitinin yaradılması, habelə Azərbaycanın gənc qələm sahiblərinin digər türk xalqlarından olan həmyaşıdları ilə fikir mübadiləsi aparmasına, gələcəkdə də ədəbi əməkdaşlığın güc­lən­di­rilməsinə xidmət edir.

Gələcəkdə DGTYB-nin təşkilat mandatına (missiyasına) uyğun nəşrin işıq üzü görməsi də nəzərdə tutulub.  

Səfər çərçivəsində gənc türk yazarları Şəhidlər Xiyabanı və Fəxri Xiyabanı ziyarət edəcək, tanınmış yazıçılarla görüşəcək, müxtəlif ədəbi qurumlarla, bir sıra Azərbaycan yazarlarının ev muzeyləri ilə tanış olacaqlar. Tədbir çərçivəsində türk dünyası ədəbiyyat aləmində baş verən ədəbi proseslər, gənc nəslin ədəbiyyatda rolu və qardaş xalqların ədəbiyyatının tanıdılması və gələcəkdə əməkdaşlıqlar  istiqamətində müzakirələr aparılacaq, çıxışlar, təkliflər dinləniləcək və "Yekun Bildiriş” qəbul ediləcək.

Sonda bir neçə ziyalıya "Türk Dünyasına Xidmət Ödül”ünün təqdimat edilməsi nəzərdə tutulub.

Noyabrın 29-da "Türk Dünyası Şeir Axşamı”nın keçirilməsi də planlaşdırılır.