adalet.az header logo
  • Bakı 20°C
25 Noyabr 2014 12:20
8483
GÜNDƏM
A- A+

Azərbaycanda qadın zorakılığı Avropadakından azdır

"Cari ilin son 9 ayında qadınlara qarşı 4195, o cümlədən zorakılıqla bağlı 1687 cinayət faktı qeydə alınıb və 2024 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub”.

Adalet.az-ın məlumatına görə, bunu Bakıda keçirilən "Qadınlara səlahiyyət, Cəmiyyətə tərəqqi” adlı konfransda çıxışı zamanı daxili işlər nazirinin müavini Oruc Zalov deyib.

O. Zalov bildirib ki, daxili işlər orqanlarında 2855 qadın xidmət göstərir və onlardan 1350 nəfəri xüsusi rütbəsi olan qadınlardır: "Qadınlara qarşı zorakılığın aradan qaldırılması daxili işlər orqanlarının əsas vəzifələrindən biridir. Qadın və qızların hüquqlarının pozulması hallarının qarşısını almaq üçün profilaktik tədbirlər görülməsi daim diqqət mərkəzindədir. Daxili İşlər Nazirliyində 102 "qaynar xətt” sistemi yaradılıb ki, insanlar polisə öz problemləri barədə müraciət etsin. Gündəlik 4000 müraciətdən 30 faizi qadınlar tərəfindən edilir. Qadınlara müvafiq yardım göstərilməsi üçün hər zaman tədbirlər görülür".

Nazir müavini qeyd edib ki, qadınlara qarşı zorakılıq cinayətləri onları narahat etsə də, vəziyyət heç də katastrofik deyil: "Azərbaycanda qadınlara qarşı zorakılıq halları Avropa ölkələri ilə müqayisədə dəfələrlə azdır. Son 5 ildə qadınlara qarşı 30277 cinayət hadisəsi (2009-cu ildə 6933, 2010-da 6507, 2011-də 6705, 2012-ci ildə 5478, 2013-cü ildə isə 4654) o cümlədən zorakılıqla bağlı 18486 cinayət (2009-4696, 2010-4489, 2011-4280,2012-3218, 2013-1803) qeydə alınıb. Həmin dövrdə müvafiq cinayətlərin dinamikasında azalma müşahidə olunub. Bu hüquqazidd əməllərə görə 18948 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub. (2009-cu ildə 4934, 2010 4312, 2011-ci ildə 3953, 2012-ci ildə 3274, 2013-cü ildə isə 2475). Cinayətlərin 23 faizi və yaxud, hər beşincisi məhz ailə məişət münaqişəsi zəminində baş verib”.