adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

ONDAN YAXŞI QARDAŞ YOX İDİ...

MƏZAHİR ƏHMƏDZADƏ
50985 | 2014-11-25 02:42
...Ancaq yalnız öz qardaşları, doğmaları üçün deyil, onu tanıyanların hamısı üçün əziz idi. Mənə də "qardaş" deyirdi. Və hərdən ərklə danlamağı da olurdu. "Niyə məni axtarmırsan, niyə bəzən aylarla görünmürsən?"
Əslində mən bu gözəl insanı, bu istəkli dostu görüşlərimizdən savayı ən azı ayda 2-3 dəfə telefonla arayıb hal-əhval tuturdum. Üstəlik tez-tez oğlu Vüqarla da danışıb salamlarımı göndərirdim. Bizdə adət idi, Əhmədzadələrdən kimlə rastlaşsaq və ya telefonla danışsaq mütləq ilk olaraq Fərman müəllimi soruşurduq. İndi haqqında keçmiş zamanda danışdığımız əziz və unudulmaz Fərman həkimi...
... Yetmişinci illərin o məşhur povestinin adı ayrıca olaraq məni daha çox təsirləndirən, cazibəsinə çəkən kövrək bir deyim kimi nə vaxtsa qarşıma belə ovqatla çıxacaqmış. Bədii əsər təbii ki, tamam başqa məsələdir. Oxuyarsan, təsirlənərsən, yaddaşında müəyyən izlər buraxıb da gedər. Ancaq o ad, o deyim, o ifadə ki var, qardaş itkisini yaşayanlar, bu ağrı-acını varlığında əbədi daşıyanlar üçün tamam başqa məna gətirir, tamam başqa bir kədəri ovundurur... Yox, büsbütün ovundura bilmir də. Eləcə anlaşılmaz və qərib bir təsəlli yaradır: "Ondan yaxşı qardaş yox idi..."
Və həm də vaxtsız, qəfil itkilərin acısı...
Məndən yaşca böyük olub, ancaq çox zaman adımla deyil, bir tay-tuş kimi "qardaş" deyib dindirməsi Fərman həkimin elitar mədəniyyətinin, əsilzadəliyinin göstəricisi idi. Eyni zamanda mənə bir böyük qardaş qayğısı ilə yanaşırdı. Biz onunla şərtlənməmiş, təsdiqlənməmiş qeyri-adi bir dost münasibəti saxlayırdıq. Bunun bəzi nüanslarını bir qədər sonra yəqin ki, açıqlayacağam. Ancaq bəri başdan onu da deyim ki, bu yazı indiki məqamda heç bir səbəbə də söykənmir. İndi o gözəl, fədakar insanın nə doğum günü, nə də əzizlərini, onu sevənləri tərk edib əbədiyyətə qovuşduğu gündür. Nə vaxtsa yazacaqdım, sadəcə qələmi bu gün götürdüm. Ancaq bu dəfə uzun illərin doğması olan quş kimi yüngül qələmim necə də ağır qalxdı, ağır hərəkətləndi ağ varaqlar üzərində. Çiyinlərə qalxmaq istəməyən tabut ağrısı, ağırlığı kimi...

"Hələ çiyinlərdə gedir tabutun,
Qəbrinin ağzı da açıqdı hələ.
Gözləyir o qəbrin dilsiz sükutu;
Sənin sükut payın nə çoxdu hələ!"
...Mən qardaş itkisinin, özü də qəfil itkisinin kədərini onsuz da illərdir qəlbimin ağrılarında yaşamağa məhkum idim. Hər dəfə mənə ürək-dirək, təsəlli verib özümü qorumağı tapşırırdı. Bir dəfə İlisuda halım pisləşdi. Məni tez şəhərə çatdırdılar. Xəstəxanada kim olduğumu bilib dərhal Fərman həkimə xəbər verdilər. Gəlib məni görən kimi rəngi avazıdı. Ürəyimin göynərtisi, arterial təzyiq bir-birinə qarışmışdı. Onun göstərişi ilə təcili müayinələr və yardımlar göstərildi, 2-3 saata kritik vəziyyət ötüşdü. Sonda üzü gülsə də, məni məhrəmanə şəkildə üsulluca danladı. Yəni "sağlamlığın imkan verməyən işə baş qoşursan" deyə...
İllər öncə ürəyindən ağır əməliyyat olunmuş şəfqətli bir insanın iradları, danlağı necə ola bilərdi ki?.. Onda qala, həm də təcrübəli və həssas bir həkim ola. Həm də özünün də ürəyi yaralı, taledən, taleyin bircə anından asılı...
Eh, gözəl insan, əvəzsiz qardaş! Həkim ola-ola sən özün də bəzən səhhətinə tərs yanaşırdın. Rəhbərlik etdiyin müəssisədə bütün işlərin saat kimi dəqiqliyinə çalışır və çatışmazlıq görəndə olmazın gərginlik keçirirdin. Sənin xarakterin, mənəviyyatın bir örnək olsa da, peşənə, elinə balılığın, camaatının qayğısına həssaslığın ifrata varırdı, normaları aşırdı, ürəyini yorurdu. Sənsə ömrün boyu bunun fərqində olmadın da. Başqalarına verdiyin məsləhətləri, başqalarına göstərdiyin yaxşılıqları özün üçün ən sona saxladın həmişə. İş, insanların sağlamlığı, müəssisənin nümunəviliyi əbədi amalın idi.
Sənin bu fədakarlığına və həyat tərzinə heç kəs qarışa bilmədi. Ən çox sevdiyin insanlar da! İndi hamı bir daha başa düşür və heyrətə gəlir ki, sən ömrünü bütünlüklə camaatının sağlamlığına necə inadkarlıqla fəda etmisənmiş! Sanki sən indi də bütün bunlara haqq qazandırır və deyirsən:

Ömür tənhalıqda bada gedərdi,
Əgər olmasaydı gözəl insanlar.
Mənimdir onların sevinci, dərdi,
Mənə özüm kimi əzizdir onlar.

Bəzən rastlaşıram özümlə özüm,
Düşəndə bir yerə güzarım mənim.
Yüz gördü, min gördü, çox gördü gözüm.
Bir deyil, on deyil məzarım mənim.

Baxsam bu dünyanın hər tərəfinə
Bir yerdə qəbrim var, on yerdə sağam.
Göy uçsa, yer qopsa, ölmərəm yenə,
Hələ neçə dəfə doğulacağam...

İndi Fərman həkimlə bağlı bəzi xatirələri yada salanda onun həm də yaxınlarına, dostlarına, tanışlarına hansı hisslərlə yanaşdığını bir daha düşünməli olursan, bu təmkinli insanı unuda bilmirsən. Beş-altı il bundan əvvəl məni axtarıb yanına çağırdı. Heç nə bildirmədən xəstəxananın təcrübəli həkimlərindən biri ilə özü məni müayinə etdi. Mövcud avadanlıqların da hamısından istifadə olundu, laboratoriya analizlərinə kimi. Onun xasiyyətinə bələd olduğumdan səsimi çıxarmırdım, bütün müdaxilələrə tabe olub sonluğu gözləyirdim. Axırda çay içə-içə məni xəfif bir təbəssümlə süzərək dedi:
- Bura bax, Vüqar deyir ki, hərdən yenə halın pisləşir, ona görə özüm çağırdım səni. Ürəyindəki problemlər artıq üzdədir, Bakıya qayıdan kimi məsələyə ciddi yanaş. Bu sənə bir qardaş məsləhəti və tapşırığıdır, ciddi yanaş...
Həmin görüşümüzdən 20 gün sonra mən Kardiologiya İnstitutundan dostumuz Rafiq Yusiflinin təkidi ilə "Neftçilər" xəstəxanasına göndərildim və burada əməliyyat olundum.
Fərman həkimlə sonrakı görüşlərimizin və söhbətləriminizin bir mövzusu da yaralı ürəklərimizlə bağlı həmdərdlik məqamlarına bağlanırdı. Bir-birimizə ürək-dirək verib Tanrıya şükür edirdik. Kabinetindəki iş masasının üstündə qəzetimiz həmişə ayrıca yer alırdı. Və bu münasibətini də gizlətmirdi. Söz düşəndə zarafatyana deyirdi ki, bax, görürsən, qəzetin həmişə gözümün qabağındadır, yaxşı yazılar verməsəniz yerini dəyişdirib rəfə yığacam...
Yadıma düşmüşkən deyim ki, mətbuat mövzusunda da söhbətlərimiz olurdu. Çünki o bir vətəndaş, bir ziyalı kimi müasir Azərbaycan mətbuatının da təəssbünü çəkirdi. Peşəkar, yenilikçi mətbuatın ətrafında cılız və yarasız qəzetlərin də nəşr olunmasına təəccüblənirdi.
Və təəssüflənirdi.
Fərman həkimin başqa özəllikləri də vardı. O təmkinli, heç nədən şikayətlənməyib həmişə Tanrıya şükür edən, yaxşılığını, sevgisini qəlbində paylaşıb üzdə bildirməyən, doğma elini, camaatını əzizlərindən ayırmayan qeyri-adi təvazökarlıq nümunəsi, əsl Allah adamı idi. Bu yurd, bu yerlər, bu ana torpaq da onu hədsiz sevirmiş, doğmaları qədər sevirmiş. Bu torpaq, bu dağlar, bu meşələr və bulaqlar bəlkə elə bu istəklə də onu qəfil götürüb qoynuna çəkdi. Elə iş otağındaca, iş başındaca əlindən tutub özünü əbədiyyətə aparıb, ruhunu göylərə uçurdu. Tanrının ən çox sevdiyi insanlar kimi...

P.S. Sonralar mən uzun müddət Qax Mərkəzi Rayon Xəstəxanasına tərəf gedə bilmədim, getmək istəmədim. Ürəyim gəlmirdi. Onun kabinetinin qapısını necə açacaqdım, o kabinetə necə daxil olacaqdım? Çünki mən onu o məkanda, o kabinetdə həmişə dipdiri, canlı görmüşdüm. Ancaq günlərin birində, dəli bir ümidlə əlimi o doğma qapıya ehmalca toxundurub içəri keçdim. Tərlan həkim telefonla danışırdı, əlinin işarəsi ilə "buyurun" dedi. O anlarda sanki zaman geriyə dönmüşdü. Kabinetdə Fərman həkimin gəncliyini xatırladan doğma görüntülər yaşanırdı...


TƏQVİM / ARXİV