adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Yazıya yazı...

15843 | 2008-01-27 11:52
Əvvəllər düşünürdüm ki, bütün dünyanın ən ciddi millətləri (xalqları) azadlığa çatdıqları günü bayram edirlər. Nədən 20 yanvar 18 ildir "qan yaddaşı" titulunda qalmaqdadır? Niyə bu qədər azadlıq, müstəqillik, demokratiya və s. kimi ali rütbəli təqvim günlərimiz olduğu halda 20 yanvarı onların sırasına aid etmirik? Çox keçmədi cavabını tapdım sualımın.
   
    Əvvəla 20 yanvara qədər və 20 yanvardan sonra efirdən izlədilən tele layihələr əsasında sabah ya da dünən buralarda kifayət qədər ciddi tarixi hadisənin qeyd olunduğundan iz də qalmır ya da olmur. Hələ bu gün şərəflə bir millətin cəsarətli çıxışçısı kimi hər yerdə dilimə alıb şəhidlərimiz var deyə sinəmi qürurla gözə soxa bilirəm. Əgər yanvarın iyirmisi bayram statusu alsa, bircə gün təmkin göstərib efirdə şəhidlər xiyabanını nümayiş etdirən, bu günlə bağlı heç bir ciddi telelayihə hazırlamağı bacarmayan, hətta səy göstərməyən telekanallar digər günlərdəki bayram tədbirləri kimi yenə eyni qaydada konsertlər təqdim edərək bir müddətdən sonra bu günü tamamilə adiləşdirib manıslı-zadlı şənliyə çevirəcəklər. O ki, qaldı yanvarın iyirmisi televizoru ara-sıra sırf bekarçılıqdan izləyən tamaşaçılara, onlar üçün il ərzində onsuz da avtobusların üzərində trayektoriya göstəricisi kimi "şəhidlər" adı dayanacaqdan başqa bir şey deyil.
   
   "Şəhidlər bayramın mübarək, vətən" başlıqlı qəzet yazısı cavabımı daha kəskin qətiləşdirdi. Yazının müəllifi məsələn, kiminsə, azadlığı uğrunda ölən övladının ölüm gününü hər il sevincək şad-xürrəm keçirməsinə necə baxar?! Dünyanın hansı xalqı şəhidlərin adına bayram günü təsis edə bilər görən?! Bu, hansı "orijinal məntiqin vulkanlı tapıntısıdır? "
   
    Erməninin genosid məsələsinin az qala dünya ölkələrinin doğum evlərində müzakirə olunduğu bir planetdə azərbaycanlının, sovet ordusunun odekalonla böyüyən əsgərinin əli ilə biçilən şəhidlərinə yanaşmasına baxın. Müəllif təklif edir ki, qanuna 20 yanvar matəm günü kimi deyil, "Şəhidlər bayramı" kimi həkk olunsun. Yenə cəhənnəm, təklif "qəhrəmanlıq günü" filan olsaydı yazıya- yazı həsr etməkdən daşınmaq olardı. Hər şey bir tərəfə, bu müəllif bilmir ki, azərbaycanda bayramlar necə keçirilir və bunun axırı nə olur?!
   
   Vətənin şəhidi onun uğrunda günahsız qurbandır. Qurbanlıq bayramı tamamilə başqa şeydir ha, qarışdırmayaq... Nə vaxtsa adlı sərkərdəmizi tikə-tikə doğrayıb, bizə qılıncla sırınan əqidəni məcburi qəbul etmişik. Bu əqidənin yatırdığı bayramları-yasları kortəbii keçiririk. Avamıq, şəksiz. Avam olduğumuzu anlayaraq təfəkkür əsrinin göbəyində dayanıb yenə sadəlövh təkliflər irəli sürməmiz növbəti avamlıq sayılmazmı? İllər sonra kökündə ağır çəkili milli həqiqət yatdığını bilmədən, hay-həşirlə keçiriləcək sıradan bir bayramın təməlini qoymamaq üçün lazımınca böyümədikmi?
   
    Böyümədiksə bir azdan "Şuşa" restoranlar şəbəkəsində şəhidlər bayramının qeyd olunaraq, Qafarzadədən Kazımovaya qədər hamısını oxutdurub başlarına çoxlu şabaş tökülməsinə hazırlaşaq. Yenə kortəbii, təhtəlşüur, ixtiyarsız...
   
   Digər tərəfdən, iki ay tayfa müharibəsində ölən ərəb imamlarının şəhid kimi yasını saxlayırıqsa, halalca şəhidlərimiz üçün niyə də bir gün "torpaq uğrunda ölən varsa vətəndir" deyib gözümüz dolmasın.
   
    Mən də, sən də, o, o biri, hamı bilir ki, 1990-cı il, yanvarın iyirmisi nüfuzlu imperiyanın dağılması oyununa Azərbaycan sərmayə kimi yatırılıb. Oyun qazanıllıb. Azərbaycan da qazanıb. Yuxusunda gördüyü azadlığını geri alıb. Bu bəlkə tariximizdə milli ruhun ekstazını hiss etdiyimiz, yassar olmadığımız yeganə gün və faktdır. Yəni kişiliyimizin yeganə faktını da haydı-huyduya döndərməmiz hansı ölçü vahidinə hesablanar ki? Görəsən bu təklifi irəli sürən müəllifin doğmalarından şəhid olanı varmı?
   
    Milli birlik üçün bizə azərbaycanlı olmaq bəs deyil. Məsələn Xocalı faciəsinə yanmaq üçün mütləq "Xocalılı" olmalıyıq. Səlahiyyətimiz çatırsa başbilənə deyil, həmkəndlimizə iş veririk. İstedadları sevmirik. Bacarıqlı insanları irəli çəkmək heç, irəli getməkdən saxlayırıq. O mütləq qohumumuz ya da yaxın tanışımız olmalıdır ki, əngəl şlaqbaumu başına düşməsin.
   
    Bir televiziya rəhbəri kəndlərindən qoyun otaran oğlanı gətirib baş operatora tapşırmışdı ki, onu çəkilişlərə göndərsin. Adam bütün kadrlarımızı zibilə döndərirdi. Qoyun otaran, müəllif layihələrində operatorluq edirdi. Ona görə uduzmuruq ki, zəifik. Ona görə uduzuruq ki, itin qarşısına ot, atın qarşısına ət qoyuruq. Biz vətəndaş deyil, yerlibazıq. Bu yerlibazlıq da əyalət hədləri ilə ölçülür.
   
    Olmayan vahidlikdən ağzımız köpüklənə-köpüklənə danışmağın nə mənası?!
   
   Hələ bu 18 ildə qəhrəmanlarımızı milli xarakter faktoru kimi təqdim edən dünyaya hesablanan ciddi proyekt ortaya qoyulmayıb. Əksinə ağlaşma, terror səhnələri ilə həm öz içimizdə qorxaq ictimai təbəqə, həm də kənardan özümüz haqda "ah-vayçı" fikir formalaşdırırıq. Dünyaya özümüzü tərənnüm edəcək heç nə təqdim etmirik. Daha doğrusu edirik, xeyrimizə olmayan şeyləri.
   
    20 yanvar Azərbaycanın kölgəsiz-təhrifsiz, tək-tük məlum tarixi günlərindəndir. Bu tək-tük məlum günə həsr edilən metrostansiyasının keçidindəki bazarı, metronun ətrafındakı avtobus dayanacaqlarını, taksi sıralarını şəhərimizə rəsmi qonaq filan gələndə dərinliklərdə gizləmək lazımdır. Bizi tərənnüm edən və xeyrimizə olmayan modellərdən ən qabarığı kimi görünməsin deyə, ən azı. Həm də gizlədək ki, uzaqdan görsənən "faciəyə ithaf nöqtəsi" ya da "abidəciyi", metronun içindəki yazılar, buranın hara olduğunu ifadə edə bilsin. Buralarda qanımız töküldüyünə yerli sübut kimi. Əks halda elə təəssürat oyanar ki, şəhərimizin ən vurğulu ərazisində qaraçı şəhərciyi salınıb.
   
    Hələlik oralar palçıqlı-kanalizasiyalı, bağırtılı-söyüşlü, gəda-güdalı 20 yanvar metrostansiyası əhatəsi, içində də yepyekə yarmarkası olan ən populyar "avtoxaos" məntəqəsi kimi hallanır. Bu isə heç nədən yazmağın mənası olmadığını " acı, amma gerçək " şəklində sübut edir. Yenə kortəbii, təhtəlşüur, ixtiyarsız...

TƏQVİM / ARXİV