adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

ŞƏBƏDƏ

OQTAY SALAMOV
22328 | 2008-01-23 01:34
Bu yazıya görə məni qınayan, məhkəməyə vermək istəyən adam əvvəlcə özünü həkimə göstərsə, səhv eləmiş olmaz. Ondan sözaltı məna axtaran, hansısa "namyok"u üzə çıxaran, kiminsə lehinə, kiminsə əleyhinə məqamlar axtaranlar da boş işlə məşğuldurlar. Mən yazının adında münasibətimi bildirmişəm və doğrudan da danışacağım məsələni tam şəbədə sayıram. Onu da deyim ki, şəbədə sözünün bildiyim mənasını dəqiqləşdirmək üçün iki həmkarımdan da bu sözü eşidəndə nə düşündüklərini öyrəndim. Cavablar eyni oldu: lağ, məsxərə, məzələnmə... Söhbət adam taleyindən gedəndə məsxərədən, məzələnməkdən danışmaq qətiyyən yerinə düşməsə də, məğzində, mənasında vallah, bu məsələnin özü şəbədədi.
   
   Arayış 1: Azərbaycanda İşgəncələr Əleyhinə Komitə adlanan bir ya HT (Hökumət Təşkilatı), ya da QHT (Qeyri-Hökumət Təşkilatı) var. Adından göründüyü kimi, çox gərəkli və həlli vacib işlərlə məşğul olmalıdır. Ona görə olmalıdır deyirəm ki, indi çoxları istəsələr də görməli olduqları işi görə bilmirlər. Nə isə, bu Təşkilatın sədri Elçin Behbudovdur. Tanımırıq deməyin, Elçin müəllim artıq Qənimət Zahiddən, Faiq Ağayevdən, Milli Məclisin 98 deputatından daha populyar adamdır, hər gün ən azı 3 qəzetdə şəkli çıxır, özü o həbsxana sənin, bu həbsxana da sənin, gecə-gündüz həbsxanaları gəzir, dustaqlarla görüşür, monitorinqlər keçirir, bəyanatlar verir. Bir sözlə, Elçin müəllim öz öhdəsinə düşən işi görür və şəklindən də görünür ki, kifayət qədər ciddi adamdır. Mən bu yazıda məhz Elçin Behbudovun "Təzadlar" qəzetindən götürdüyüm sitatından danışacam. Babalı Elçin müəllimin, "Təzadlar"ın boynuna.
   
   Arayış 2: Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində Səyyarə Heydərova adlı məhbus qadın aclıq elan eləyib. Məlumat bir çox qəzetlərdə getsə də, aclığın səbəbi haqda mən "Təzadlar"dan oxudum və reaksiyam da elə oradan qaynaqlanır ("Təzadlar" mənə reklampulu verə bilər).
   
   Elçin müəllimin sözlərinə görə, Səyyarə Heydərovanın ittihamnaməsində deyilir ki, o, dörd kişini vəhşicəsinə döyüb və döyülənlərdən biri polis kapitanıdır. Məhkəmə də bu ittihamnaməni təsdiq edib və hökmdən narazı qalan Səyyarə xanım aclıq aksiyasına başlamağa məcbur olub.
   
   Mən bilmirəm, Elçin müəllim deyən düzdür, ya düz deyil, ittihamda belə yazılıb, ya yazılmayıb. Məhkəmə belə ittihamı təsdiqləyib, ya təsdiqləməyib. Səyyarə Heydərova karate, uşu, nə bilim nə üzrə dünya çempionudu, ya deyil, amma bu işin özü şəbədəlikdir. Elçin Behbudovun təsvirinə görə, Səyyarə xanım balacaboy, zəif bir qızdır. Təşkilat sədri məhkəmənin qərarını gülünc adlandırıb və bu məsələ ilə əlaqədar qurumlara müraciət edəcəyini deyib. Əlaqədar qurumun başına dönək, indi hamımız rəsmi aclıq edəkmi ki, haqqımızda şəbədə hökmlərin qarşısını alsın?..
   
   İndi Elçin müəllimin araşdırmasından sonra bəlkə də ittihamnamədə nəyisə dəyişdirdilər. Amma mənə çöçün gələn odur ki, biz ermənilərlə müharibəyə hazırlaşırıq, kişilərimizi koroğlulara, babəklərə bənzədirik, əsgərlərimizin döyüş ruhundan danışırıq, bu yandan da bir balacaboy xanım çıxıb dörd nəfər kişini sərir yerə. Və bizim məhkəmədə işləyən digər qəhrəmanlarımız da kişi həmrəyliyini əsas götürərək dörd kişini döyən bu qızı həbs eləyib iş verirlər. Şəxsən mən o qıza qəhrəman adı verərdim. Vallah, mən biləni o polis kapitanını məhkəməyə vermək lazımdır ki, əynində bu dövlətin paltarı, başında bu dövlətin papağı, qaşqasının ortasında dövlətin gerbi, qurşağında ayıb da olsa pistolet... bir zəif qız səninlə bir yerdə üç kişini də xurd-xəşil eləyib.
   
   Təsəvvür eləyin, məhkəmədir. Qəfəsdə arıq, Sovet vaxtı deyilən kimi çəlimsiz bir qız əyləşib, dörd əsgər onu mühafizə edir, iki zabit mühafizəçilərə nəzarət edir. Zərərçəkənlər kürsüsündə dörd, belə deyək ki, bığıburma kişi oturub. Hakim bir-bir onlardan soruşur:
   
   - Günahlandırılan sizi nə ilə və necə vurdu?
   
   Zərərçəkən də gözaltı zalda oturan arvad-uşağına baxıb ağlamağa hazır səslə deyir:
   
   - Möhtərəm hakim, bu qadın təkcə məni yox, Azərbaycan kişilərini təhqir edib. Onun ayaqlarımın arasına vurduğu təpik zərbəsi Vətən üçün neçə oğulun doğulmasının qarşısını aldı.
   
   O biri məhbuslar da onun səsinə səs verirlər. Kərbəla müsibəti məhkəmə zalına köçür. Məhkəmə də hökm çıxarır: dörd kişini, onlardan biri polis kapitanı olmaqla, vəhşicəsinə döyməkdə təqsirləndirilən Səyyarə Heydərovaya hökm!.. "Uşaqlığın son gecəsi" filmindəki səhnə yadınızdadır. Məmmədsadıq Quliyevin oynadığı obraz özünə Fontamas deyəndə qoca qarı ona nə və necə deyir? Yadınızda deyil? Deyir ki, kül sənin kişi başına! Mən ölüm, gedin ağlınıza dua yazdırın.

TƏQVİM / ARXİV