HƏR KƏSiN ÖZ ARŞINI

ƏBÜLFƏT MƏDƏTOĞLU
34466 | 2008-01-23 01:33
Bu gün üçün mövzu tapmaq xeyli müşkül işə çevrilib. Çox baş sındırdıq, ölkədə baş verən olayları, eşitdiyimiz informasiyaları həmkarlarımla, dostlarımla birlikdə demək olar ki, sağa-sola, yalan olmasın, on dəfə çevirdik və baxıb gördük ki, bir qisim məsələlər bizim qəzetlik deyil. Çünki bəziləri taftalogiya, başqa bir qismi isə patalogiyadır, olanı da yazıblar, bizim təkrarımıza ehtiyac yoxdur. Yəni hər gün eşidirik, bir qulağımızdan alıb, o birisi ilə yola salırıq çıxıb gedir işinin dalınca. Üçüncü qismi ölkənin dış xəbərləridi. Yəni o da daha çox Xarici İşlər Nazirliyimizə aiddir. Qısası, xəbər çox, məna az. Əlacsız qalıb yenə özümüzə, öz yazılarımıza üz tutduq. Və bu yerdə yadıma düşmüşkən, zəruri bir haşiyəni diqqətə çatdırım.
   
   Haşiyə: Tələbəlik illərində yığışıb bir məclis qurmuşduq və məqsədimiz də bu idi ki, babat yeyib-içək. Adını çəkmək istəmədiyim dostlarımızdan biri məclisə çaxır gətirmişdi, mən də təbii ki, Tuğun gözəl tut arağını. Uşaqlar hamısı meylini saldı tut arağına. Heç kim çaxıra tərəf baxmadı. Dostumuz vəziyyəti belə görüb özü gətirdiyi çaxırdan bala-bala süzüb içir, arada da bir deyirdi: kim deyir ki, pis çaxırdı. Biz də onun daşı hara atdığını bilsək də, özümüzü o yerə qoymadıq və dedik ki, yaxşı şeydisə, nuş olsun. Yəni özün gətirmisən, özün də vur getsin.
   
   Deməli, mətbuatda yayılan informasiyalardan istifadə edən xəbərlər şöbəsinin əməkdaşları dünənki sayımızda maraqlı bir mövzu təqdim eləyiblər. Yazının da başlığı belədi: "Hikmət Hacızadə ancaq "Şərq"də yaza bilər". Bəli, çox maraqlı informasiyadı və bunun üçün gənc həmkarlarıma təşəkkür edirəm. Ancaq məsələnin bir əmması var. O da qonorar məsələsidi. Çünki Hikmət bəy "Yeni Müsavat" qəzetinə verdiyi açıqlamasında bildirib ki, hansı qəzet yaxşı qonorar versə, ona yazaram.
   
   Doğrusu, bu xəbər çox diqqəti çəkən xəbərdi. Necə deyərlər, mübtədası, xəbəri yerindədi və təqdirə də layiqdi. Ən azı ona görə ki, hər kəs öz ayranının qiymətini deyir. Lakin gəlin görək hər kəsin ayranı içilirmi? Bu məsələnin bir tərəfi. Keçək indi digər bir məqama. Həqiqətən də jurnalistlərin, ümumiyyətlə, qələm adamlarının maddi durumu o qədər də ürəkaçan deyil. Ona görə də qonorar məsələsinin qaldırılması yaxşı haldı və yəqin ki, bunu bütün redaktorlar nəzərə alacaq (Bir qəribə atalar sözü də var ki: "Acın nəyi var ki, yalavaca nə versin" - lətifəsi bizim dostlardan uzaq). Odur ki, indidən qonorarın və köşənin tərəzisini qurmaq lazımdı, görək meyar nədi, qiymət nədi. Hansı vəzndə, hansı çəkidə kimlər, o cümlədən, Hikmət bəy bazara mal çıxaracaq. Bu da bunun burası. Gələk məsələnin ən vacib məqamına.
   
   Açıq deyəcəm, mən şəxsən bir oxucu kimi Hikmət bəyin imzası mətbuatda görünəndən onun hansısa bir dəqiq proqnoz verdiyini, hay-küyə səbəb olacaq yazısını xatırlaya bilmirəm. Ən çox da Rusiya ilə bağlı şərhlər verən Hikmət bəyin özü barəsində bu cür yüksək mövqedən düşünməsi nə qədər təqdirəlayiq olsa da, hər halda inanmıram ki, gündəlik qəzetdə gündəlik yazı yazmaq imkanı onun suyunu sıxıb, şirəsinin çıxartmasın. Biz də, o cümlədən mən də hər gün yazı yazıram və həftədə, ayda bir köşə yazanlarla bizim gündəlik yazarların yazı məşəqqətini gözümün qabağına gətirəndə bizimkilərə ən azı "sağ ol" deməkdən özümü saxlaya bilmirəm. Özü də burada çox ciddi bir məqam da var ki, gündəlik yazı yazanlar həmişə real tənqidlə üz-üzədi. Çünki onlar hər gün oxucunun baxışları ilə, iradları ilə üzləşir və bunu da çox səmimi qəbul edirlər. O cümlədən mən də. Amma həftədə, ayda bir köşə yazanların tənqidə münasibəti adətən başqa cür olur. İndi mənim dediklərimi Hikmət bəy necə qəbul eləyəcək bilmirəm, amma mən gündəlik yazı yazan və heç bir xüsusi qonorar iddiası olmayan, çörəyini düşünən bir qələm adamı kimi bütün bu dediklərimi səmimi bir oxucu, bir azərbaycanlı ziyalısı mövqeyimdən ortaya qoyuram. Necə deyərlər, anlayışla qarşılamaq haqqı qarşı tərəfindi.
   
   P.S. Bir gün görürlər ki, ala sağsağan ağlayır, soruşlar ki, niyə ağlayırsan. Deyir şah fərman verib ki, hamı balasını gətirsin baxım. Qorxuram balamı aparım göz dəysin. İndi lətifəsi çox dəyərli ziyalılarımızdan uzaq olsun, ortaya bala çıxardanda da gərək bala olsun, bəla yox...
   
   P.P.S. Yuxarıdakı söz ardının qonorarlara nə qədər dəxli olub-olmadığını özünüz fikirləşin...

TƏQVİM / ARXİV