adalet.az header logo
  • Bakı 17°C
24 Noyabr 2014 13:35
2811
MƏMLƏKƏT
A- A+

Ədliyyə işçilərinin peşə bayramı geniş qeyd olunub

Ulu öndər Heydər Əliyevin imzası ilə tarixə yazılan 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı artıq 15 ildir ölkəmizdə böyük ruh yüksəkliyi ilə qeyd edilir.

 Peşə bayramlarını sonsuz iftixar hissi ilə qeyd edən ədliyyə işçiləri və hakimlər noyabrın 22-də əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar. 

Həmçinin, akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri düzülüb, Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi anılıb. Sonra tədbir Ədliyyə Nazirliyində davam etdirilib. Rəsmi tədbirdən əvvəl əbədiyaşar liderimizin nazirliyin binasındakı büstü önünə tər çiçəklər qoyulub. Təşkil olunmuş geniş yığıncaqda ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev iştirak ediblər.  Ədliyyə naziri tədbirə açaraq peşə bayramı münasibətilə bütün ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik edib, Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edib, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə son illər bütün sahələrdə sürətli tərəqqiyə nail olunmasını, o cümlədən ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə əldə olunan nailiyyətləri vurğulayıb, ölkəmizin Avropa Şurası Nazirlər Komitəsində uğurlu sədrliyini və keçirilən tədbirləri, bütövlükdə beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin və nüfuzunun daha da yüksəlməsini qeyd edib. Ali Məhkəmənin sədri R.Rzayev çıxış edərək Azərbaycan ədliyyəsinin dinamik inkişafından bəhs edərək, ədliyyə sisteminin cəmiyyətdə yüksək nüfuza malik olmasını qeyd etmiş, məhkəmə-hüquq sahəsində aparılan islahatlar nəticəsində ədalət mühakiməsinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini vurğulayıb, ədliyyə işçilərinə fəaliyyətlərində uğurlar arzulayıb. Çıxış edən Konstitusiya Məhkəməsinin sədri F.Abdullayev nazirliyin keçdiyi tarixi inkişaf yoluna toxunaraq bu gün ədliyyə orqanlarının qanunun aliliyi, insan hüquqlarının təmin olunması üzrə üzərinə düşən vəziflərin uğurla yerinə yetirilməsini, dövlət başçısı tərəfindən bayram ərəfəsində bir qrup əməkdaşın dövlət təltiflərinə layiq bilinməsini ölkə Prezidentinin ədliyyə fəaliyyətinə verdiyi yüksək qiymətin təzahürü kimi dəyərləndirib. Sonra bayram münasibətilə fəaliyyətində fərqlənmiş bir qrup ədliyyə işçisi mükafatlandırılıb.