adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

"BAğIŞLAMAQ OLAR SOYUQLUğUNU...."

VƏSİLƏ USUBOVA
48266 | 2008-01-22 14:10
Hərdən şairlərə acığım tutur. Sanki Tanrı onları hamının əvəzinə söz deməyə, dünyanın bütün gözəlliklərini vəsf etməyə yaradıb. Əvəzində qalanları düşünmək, təzə söz demək zövqündən ( həm də əzabından) xilas edib. Baxmayaraq ki, millətin yarısı şeir yazır, ancaq kimi dindirsən, özünün yox, şairlərin sözü ilə danışacaq. Məsələn, yazın gəlişi ilə bağlı hansı uşaqdan şeir soruşsan:
   
   Gəl, gəl, a yaz günləri
   
   İlin əziz günləri
   
   şeirini söyləyəcək. Böyüklərdənsə mütləq Səməd Vurğunun
   
   Bahar nə xoş gəlir, ruha dad verir
   
   Şeirə, duyğuya qol-qanad verir.
   
   və yaxud
   
   Bahar istəklimsən başdan-binadan
   
   Ən gözəl qızısan sən təbiətin
   
    misralarını eşidəcəksən.
   
   
   
   ***
   
   Bu qış, bu da ilk qar... Heç kəslə müqayisə edilməyəcək qədər bənzərsiz şair Musa Yaqubsa lap baltanı kökündən vurub. Heç şairlərə də düşünmək yeri qoymayıb:
   
   
   
   Ulduztək üstümə səpələn, ey qar
   
   Geyindir üstümə ağappaq donu.
   
   Sənin ki, bu qədər təmizliyin var,
   
   Bağışlamaq olar soyuqluğunu.
   
   
   
   Keçən yay nəfəsimizi kəsəndə dünyagörmüşlər deyirdilər ki, qış sərt keçəcək. İndi qış sərt yox, gözəl keçir. Bilirəm, bu " gözəl" sözü çoxlarının dodağını qaçırtdı: " Əcəb gözəldi- yollar buz bağlayıb, sular donub, işə getmək olmur. İşıq, qaz da bu yandan..." Bunlar təbiidi, qayğılar, çatızmazlıqlar həmişə olub, yenə də olacaq. Ancaq qış da qış kimi keçməlidi, axı... Qış nədi, günəş çıxıb havanı qızdırdı nədi. Qışda gün çıxıb hava qızanda təbiət mənə o qədər ikiüzlü, riyakar görünür ki, ... Lap qəlbi qan ağlayan adamın təbəssümünə bənzəyir. Hələ dədə-babadan qarın torpağa gərəkliyi, ruzi-bərəkət mənbəyi olması barədə deyilənləri sadalamaq istəmirəm.
   
   Məmləkətimizin çox bölgəsində qar o qədər gec-gec yağır ki, yetərincə zövq almağa da vaxt tapmırsan. Həm də çox tez əriyir.Yaxşı ki, tez əriyir, yoxsa şəhər təsərrüfatı qışa heç zaman lazımınca hazır olmadığından, bir həftə keçməmiş hamımız cəngəlliklərdə yaşayanların gününə düşürük. Amma nə qədər çətinliklər olursa-olsun, insan onu unudub xoş xatirələri yaşatmağa çalışır... Həyatım boyu cəmi beş-altı dəfə möhkəm qar yağmasının şahidi olmuşam. Altıncı sinifdə oxuyanda kəndimizə, yalan olmasın, dizə qədər qar yağmışdı. Yadımda qalan odu ki, mal-qaranı örüşə ötürə bilmədilər, elə damdaca yemləyirdilər. Həmin gün valideynlərimin təkidinə baxmayıb qara bata-bata dərsə getdim. Məktəbə üç-dörd müəllim, beş-altı şagird gəlmişdi. Qızlardan da təkcə mən. Yaxşı ki, həmin gün dərsə getmişdim. O günün ağappaq işığını ömrümün sonunacan qəlbimdə, yaddaşımda gəzdirəcəyəm.
   
   Universitetin birinci kursunda oxuyanda da Bakıya möhkəm qar düşdü.Yaşadığım binanın həyətində sürüşüb arxası üstə yıxılmağım yadıma düşəndə indi də kefim durulur, gülümsəməkdən özümü saxlaya bilmirəm. Sonralar da qar yağdı... Ən çox qorxduğum şey küçədə oğlanların qızları qara basmasıydı. Kirayə qaldığım evin sahibəsi də bunu bilirdi və həmişə mənə gülürdü. Bir dəfə yenə qarlı gündə geyinib pəncərədən bayıra baxırdım, ürəyimdən qara qanlar keçirdi. Ev sahibəsi başını bulayıb təəssüflə: Ay-hay,- dedi,- kaş, indi sənin kimi cavan qız olaydım, dərsə gedəydim, oğlanlar da məni qara basaydılar... Rayonda işləməyə başladığım ilk qışı, ilk qarı da xoş duyğularla xatırlayıram. Bir də... qarlı-şaxtalı qış gecəsində o zamankı " Avrora" kolxozunun maldarlıq fermasında axşam sağımında iştirak etdiyimi unuda bilmirəm...
   
   
   
   Ulduztək üstümə səpələn ey qar,
   
   Belə təmizliklə isinmək olar.
   
   
   
   Ancaq...Görünür, insanlara həmişə təmizlik gərək olmur.
   
   
   
   P.S. Axşam saat 6-da işdən qayıdanda binamızın arvadları zir-zibili, kağız-kuğuzu kiçik su nasoslarının altına yığıb mini tonqallar qalamışdılar ki, boruların donu açılsın. Salam verib yavaşca yanlarından keçdim. Yaxşı ki, qəzet-zad oxumurlar, yoxsa, qardan-şaxtadan xoşlandığımı bilib topa tutarlar məni...

TƏQVİM / ARXİV