adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

QIRMIZI TOY

VAHİD ƏLİFOĞLU
24872 | 2008-01-19 00:12
Şəhid olmaq təkcə vətənə, torpağa can qurban eləmək deyil, həm də yorğan-döşəkdə ölməyi üstün tutanların əzablarını görməməkdi.
   
   ...Qarabağın torpaqları su istəmir, qan istəyir. Qarabağın havası gül-çiçək iyindən bezib, tay. Barıt qoxusundan ötrü dəli-divanədi...
   
   ... O qan mənim qanımdı- birinci qrup. O qan sənin qanındı - ikinci qrup. O qan sənin qanındı- üçüncü qrup. O qan sənin qanındı dördüncü qrup... Damarında su axanı neynəyir. Damarında qatıq axanı, damarında süd axanı neynəyir... Bu barıt qrad mərmisindədi, top lüləyindədi...
   
   ... Birinci qrup qan Şuşanın damarına düşür, iknci qrup Füzulinin, üçüncü qrup Ağdamın, dördüncü qrup Laçının... Həm də birinci qrup külli Qarabağın damarına düşür...
   
   ... Üç dayımın - Gülhüseynin, Sumbatın, Raqubun hərəsinin bir oğlu şəhid oldu Füzulidə... Cəlal, Barat, Əlikram... Heç biri toy görmədi. Heç biri bəy olub gəlin otağına girə bilmədi. Heç biri orta yaş görmədi, heç biri qocalmadı...
   
   ...Hər "qara bayramda", hər cümə axşamı Gülsənəmdən, Qəndildən, Səadətdən çox ağlayan kim var?..
   
   Qarabağ həsrətli şerlər yazan Vahid Əlifoğlu, Cəlal sənin oğlun yaşdaydı. "Gilavarı" bəyənməyib "Neolit"də toy eləyən oğul atası Baratın atası elə səninlə tay-tuş olardı, şəhərin küçələrində "07"-ni at kimi "çapan" oğlan, Əlikram şəhid olanda yaşda səndən kiçik idi... Onlar da yaşamaq istəyirdlər...
   
   ... Nənəş bibim əyləşmişdi mağarın baş tərəfində. Qız-gəlin arasında... Hamı qırmızı paltardaydı; hətta mağarın örtüyü də qırmızıydı. Bircə Nənəş bibim yeddi taxta qara tuman geymişdi, başında da qara şamaxı... Bəy havası çaldılar... Əvvəl Cəlal çıxdı meydana, sonra Barat gəldi, lap axırda da Əlikram utana-utana, "xala xətrin" qalmasın qollarını qaldırdı... Bütün mağar əl çalırdı, üzlərdən işıq, nur axıb tökülürdü. Amma bu işıq,nur heç sevinc işığına, sevinc nuruna oxşamırdı. Həm də qəribəsi o idi ki, bu işığın, bu nurun rəngi də qırmızıydı və vaxt ötdükcə hər yeri qırmızı rəng bürüyürdü. Elə bil dünya-aləmə nar sıxmışdılar... Cəlal oynaya-oynaya gəldi Nənəş bibimin qarşısına, arvad heç yerindən qımzanmadı. Barat da qolları göydə yaxınlaşdı, Əlikram da... Bir xeyli oynadılar...Birdən hər üçü Nənəş bibimi hop götürüb apardılar mağarın ortasına. Onda Nənəş bibim hiss etdi ki, canı-cəsədi yoxdu. Elə Nənəş bibi deyilən arvad ibarətdi qara koftadan, qara tumandan, bir də qara şamaxıdan...
   
   Hava dəyişdi. Aşıqlar keçdilər ağır-sanballı havaya. Ortalıqda Cəlal idi, Barat idi, Əlikram idi, bir də hamının Nənəş bibi dediyi qara kofta, qara tuman, qara şamaxı idi... Nənələr nəvəni almışdılar ortalığa. Süzürdülər...
   
   ...Kəndin döyüşməli oğlanlarından bəzilərinin adı artıq "pensiyaçıların" siyahısına düşmüşdü. Axşamacan kəndin çayxanasında yeyib-içirdilər... Nə yaxşı ki, Cəlallar, Baratlar, Əlikramlar var idi bu kənddə. Qanlarını axıdırdılar vətənin, torpağın yolunda...
   
   Onlar da "pensiya" kağızı düzəltsəydilər özlərinə, indi yaşayırdılar. Arvad, oğul-uşaq sahibiydilər ya Sabirabad çadırında, ya da Dərnəgüldəki tələbə yataqxanasında... Hansı yaxşıdı, mənim balam? Cəlalın, Baratın üstündə üz cıran da oldu, saç yolan da, özünü cansız, taxta yeşiyə çırpan da... Əlikramın nə ölüsü tapıldı, nə dirisi...
   
   ... Oxucu özünü toxtat. Kövrəltdim deyəsən səni? Milyonların göz yaşından qiymətli minlərlə Cəlalların, Baratların, Əlikramların qanlarının bir damcısı...
   
   ...Bu babalı, bu haqqı, bu borcu sən ödəməlisən, mən ödəməliyəm, o ödəməlidi...
   
   Hər bir kəs elə yaşamalıdı ki, qəbrinin üstə qohum-əqrəbasından da başqaları gəlsin... Bəlkə gəlməsin? Onsuz da gəlməyənlər olacaq... Nə çoxdu "pensiya" kağızları olanlar... Daşdan keçən kağızlar... Başdan keçənlərdən çox ola bilməz... Olar ey, amma sayda... Sayda ki, sayı çox, sanbalı yox... Şəhid üçün ağlamazlar. Şəhid üçün kövrəlməzlər... Şəhidi yada salarlar, şəhidi xatırlayarlar...
   
   ...Bu elə mövzudu ki, nə qədər kövrək, dəyərli, qiymətli sözlər var, yazdıqca uzanıb gedir...
   
   Qarabağda dığalar prezident seçir. Füzulinin, Ağdamın, Laçının varlığını silir yer üzündən... Şuşa od içində, Kəlbəcər od içində...
   
   ... Bu odu su söndürməz. Bu od qan istəyir... Qarabağ qan istəyir...
   
   ... Mənim atam, mənim yaşıdım, mənim balam vətən torpağına halal eləməyə qanın var? Neçə litr, hansı qrup?..
   
   ... Eheyy, qanı damarlarına sığışmayanlar! Gözləyirəm sizi... Üç dayısının üç oğlu şəhid olmuş Vahid Əlifoğlu, çağırış boğazdan yuxarı olmadı ki? Cəlalın, Baratın, Əlikramın qanı sənin adına yazılmır. On beş ildi adıynan fəxr edirsən... Bəlkə sən də, öz adında fəxr yeri qoyasan?.. Səndən sonra gələnlər üçün...
   
   
   
   Axdı damcı-damcı, illər qurudu,
   
   Dizlərə döşənən əllər qurudu.
   
   Ağac şivi kimi, yollar qurudu,
   
   Ay anam, ay bacım mən qayıtmadım.
   
   
   
   İlahi, bu qədər yay uzanarmış,
   
   Bir ildən beş ilə toy uzanarmış.
   
   Boylana-boylana boy uzanarmış,
   
   Ay anam, ay bacım, mən qayıtmadım.
   
   
   
   Görmüşdük novruzda qış qayıdardı,
   
   Doğma yuvasına quş qayıdardı.
   
   Sapanddan atılan daş qayıdardı,
   
   Ay anam, ay bacım, mən qayıtmadım.
   
   
   
   Muradı gözlərdə qalan gözlərə,
   
   Neyləsin, dönməyən balan, gözlərə?
   
   Dəhnə olsaydım dolan gözlərə,
   
   Ay anam, ay bacım, mən qayıtmadım.
   
   
   
   Ulduzlu səmanın, yerin xətrinə,
   
   Canını aldığım şərin xətrinə,
   
   Buğdası ütülmüş vərin xətrinə,
   
   Ay anam, ay bacım, mən qayıtmadım.
   
   
   
   ... Ağlama yollara, çəkmə bu dərdi,
   
   Mərdlər diri bilər, məzarda dərdi...
   
   Hamı qayıtsaydı vətən itərdi,
   
   Ay anam, ay bacım, mən qayıtmadım...
   
   
   
   Nənəş bibi, məni bağışla. Bağışla, bibi. Cəlal, Barat, Əlikram çoxdan bağışlayıb məni... Bircə sən, bircə sən bağışla bibi...
   
   
   
   P.S. Bu yazı həm də Sarvanın, Fətəlinin, İdrisin, Şövqünün və bütün şəhidlərin ruhuna yazılıb.

TƏQVİM / ARXİV