adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

ZOğALLAMA

OQTAY SALAMOV
27902 | 2008-01-19 00:11
Yazının başlığına görə məni qınamayın. Hər şeyə ad qoyan Dədə Qorqud bilsəydi ki, adına qatıq dediyi ağartı sonradan təhqiramiz bənzətməyə çevriləcək, bozbaş sözü davalara səbəb olacaq - heç onlara ad qoymazdı. Mən durub həmin iki sözün niyə ilkin mənasından daha çox sonrakı mənalarda başa düşülməsini araşdırmaq və izah eləmək fikrindən bilmərrə uzağam. Yazının adını da ona görə "Zoğallama" qoydum ki, əvvəla belə bir sözü haradasa eşitmişəm, sərt, birbaşa və çox vaxt haqsız danışanlara, bəzi yerlərdə isə boş-boş danışmağa, çərənləməyə belə deyirlər. Həm də zoğal çox qəribə bitkidir, bütün ağaclardan qabaq çiçək açır, demək olar ki, hamısından sonra meyvəsi yetişir. Siz hansı mənada istəsəniz qəbul edə bilərsiniz, mən bəzisini elə, bəzisini belə, bəzisini də elə-belə yazmışam.
   
   
   
   ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri, yeznəmiz Metyu Brayza situasiyanın əsl sahibi kimi danışıb və deyib: "Biz razılaşma imzalanması üçün süni vaxt müəyyənləşdlirmək istəmirik və hər iki prezidentə hər təklifin, sözün və hərfin təhlili üçün nə qədər vaxt lazımdırsa o qədər vaxt verməyə hazırıq". Birbaşa zoğallamadır. Deyəsən bunları da hürdürə-hürdürə it elədik. Adama deyərlər ki, düdük, sən kimsən ki, vaxt verirsən, özü də bu tonla - hər sözü, hərfi təhlil eləmək üçün... Elə belə zoğallamalara cavab vermədiyimizdəndir ki, indi bu cənablar Dağlıq Qarabağın tərəf kimi tanınmasını və danışıqlarda iştirakını artıq tələb kimi qoyurlar...
   
   
   
   Qəzetlərin biri öz adından da yuxarıda bir manşet yazıb: "Bu ay Tarif Şurası qiymətləri artıracaq". Bax, bunu mən boş-boş danışmaq sayıram. Tarif Şurası bəyəm bu xalqın düşmənidir? Tarif Şurası Metyu Brayza demiş, katalizatordur, reaksiyanı gücləndirir, tezləşdirir. Məsələn, dəmir yolu deyir qiymətləri qaldırmaq istəyirəm, sərf eləmir. Tarif Şurası soruşur, nə qədər? Dəmir yolu deyir 23 faiz. Tarif Şurası qaldırır 32 faiz. 3 də, 2 də qalır, ancaq yerləri dəyişir, reaksiyanın sürəti 9 faiz artır. Özü də qəzet bu manşeti daimi də saxlaya bilər, hələ istəsə "bu ay"ı "bu gün"lə əvəz də eləyə bilər, səhv olmayacaq.
   
   
   
   Elə həmin qəzet soruşur ki, "Əli İnsanov hansı müxalifət liderini dəstəkləyəcək?" Xoş o müxalifət liderinin halına. Mütləq qabağa gedəcək. Sualı bir az başqa cür də qoymaq olardı: Əli İnsanovu hansı müxalifət lideri müdafiə edəcək? Axı bu dəqiqə onun müdafiəyə ehtiyacı daha çoxdur.
   
   
   
   Bu başlığın isə şərhə qətiyyən ehtiyacı yoxdur: "Ziya Məmmədov avtomobil biznesini əlinə keçirir".
   
   
   
   Maraq məni üzmüşdü ki, Pənah Hüseyn Müsavat Partiyası ilə nəyin davasını aparır, nədən narazıdır, nəyi bölüşdürə, nəyi sinirə bilmir. Sağ olsun, özü söyləyib şəxsən məni intizardan qurtardı. Sən demə, o son zamanlar müsəlman demokratik ideologiyanın tərəfdarıdır və onu da təbliğ eləyir, amma Müsavat Partiyası liberal-demokratik ideologiya həyata keçirir. Ona görə də onların arasında fikir ayrılığı yaranıb. Vallah, qurd ürəyi yeyib Pənah bəy. Müsavat Partiyasının üzvü olmaya-olmaya Milli Məclisdə Müsavat Deputat Qrupunun üzvü olasan, özün də başqa ideologiyaya xidmət göstərəsən. Özü də tək, kontrabasda... orkestrə qarşı çıxasan...
   
   
   
   Qənimət Zahidin həbs orlunmasında adı keçən Sevgiladə Quliyeva qəzet redaktorunun onu təhqir elədiyini söyləmişdi. Məhkəmədə isə konkretləşdirib: mənə dedi ki, "əlindəki gül qədər gözəlsən". Hökumət qapını açsın, Qənimət bəy, əgər demisənsə və bu söz təhqir kimi qəbul olunubsa, ya çox şişirtmisən, ya da gül solmuş, köhnə olub. Gələn dəfə belə bənzətmələr eləmə, xatası böyüyə bilər...
   
   
   
   Bizim Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bildirirdi ki, kolbasa və sosis məmulatları yoxlanılır və daim nəzarətdədir. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, vəziyyət yaxşılığa doğru dəyişilməyib, əksinə, kolbasa və sosis məmulatlarının içərisindən tez-tez kibrit çöpü, saç, sap və həşəratlar çıxır. Əyyub müəllim, hələ bu adları iki sətir tutan idarələrin nəzarətində ola-ola belə şeylər çıxır, gör olmasa nələr çıxardı ey... Yeri gəlmişkən, mən də zoğallayım, bir lətifə danışım: Şəkidə yeməkxanada birinin borşunun içərisindən əski cırığı çıxır. Adam ofisiantı çağırıb qışqırmağa başlayır ki, bu nədir? Şəkili ofisiant çox sakitcə cavab verir: Haindi 60 qəpik verdiyin borşun içindən istəyirsən xalça-palaz çıxsın?
   
   
   
   Ay camaat, siz bilərsiniz, bu qadınlara nə olub belə? Xəbəriniz varmı ki, kriminal işlərdə qadınlar kişilərdən qabaqdadır? Keçən ilin on ayı ərzində qadınlar tərəfindən 1680 cinayət törədilib. Özü də ağır cinayət törədənlərin əksəriyyəti öz ərlərini öldürənlərdir. Kişilər, ehtiyatlı olun, bunların gözü qızışanda birinci bizi düşmən görürlər.
   
   
   
   Söz qadınlardan düşmüşkən, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə insan alverində ittiham edilən Elmira Qurbanova adlı bir qadını törətdiyi əməllərə görə 5 il azadlıqdan məhrum eləyib və ...məhkəmə zalından azadlığa buraxıb. Himayəsində azyaşlı uşağı varmış, cəzasını övladının 8 yaşı tamam olduqdan sonra çəkəcək. O gün televizorda qadın həbsxanasını göstərirdilər. Qucağı balalı qadınlar da var idi. Deyirəm, yəqin onların cinayəti ağır imiş. Elmira Qurbanova isə elə böyük bir iş görməyib, Xarici Dillər Universitetinin tələbələrini cinsi istismar etmək məqsədi ilə Türkiyənin müxtəlif şəhərlərində satırmış. Bir şey də maraqlıdır, cəzanı niyə uşağının 8 yaşı olana qədər təxirə salıblar, gözləsinlər, uşaq həddi-buluğa, 18 yaşına çatsın, sonra baxarlar, tutsunlar, ya tutmasınlar. Ona qədər isə Universitet çox, qız çox, Türkiyənin şəhərləri çox.
   
   
   
   Bu mövzuda daha bir zoğallama: DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları əməliyyat keçirərək daha iki qadın alverçisini yaxalayıb. Türkiyəyə qadın satanlar Sevinc Nəsirova və Leyli İsmayılzadə adlı, vallah, xanım deməyə dilim gəlmir, qadınlardır. Gorun çatlasın, Füzuli, Leyli qız satır. Rejissor Arif Qazıyev də narahatdır ki, səhnəmizin Leyliləri, Məcnunları 40-45 yaşındadır, cavanlara yol vermək lazımdır. Yol verən kimi Leyli Türkiyəyə "jivoy tovar" aparır...
   
   
   
   Bir sətirlik zoğallamalar: Qubada Sülh prospektində bıçaqlanma hadisəsi baş verib. Corc Buşun qızı ərə gedir (oğlu ərə getsə qəribə görünə bilərdi). "Şəhriyar" söküləcək, Mədəniyyət Mərkəzi ticarətçilərə satılıb (Mədə niyyət olan yerdə mədəniyyət kimə gərəkdi?). 7 küçə uşağı ailəsinə qaytarılıb. Sən mənim mürəbbəli çayımsan (Vüqar Əhmədin "şeri"ndən sitat).

TƏQVİM / ARXİV