adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

HƏR GüNAH BAğIŞLANMIR

16688 | 2008-01-22 14:12
Bu dünyada hər nə varsa, yaxşı görmək üçün ona yaxından baxmaq lazımdır. Yalnız bir şeydən başqa - bu, tarixdir, tarixi hadisələr, şəxsiyyətlərdir. Onlara yalnız uzaqdan baxanda daha aydın görünür, duyulur, anlaşılırlar. İyirminci əsrdə 70 il əzəmətli imperiyanın tərkibində yaşadıq. Zaman keçdikcə içində çalxalandığımız o böyük nehrənin özünü də, "yağı yağ, ayranı ayran" olan özümüzü də daha doğru tanımağa başlayırıq. Yeddi rəqəmi bizə həmişə əzizdir. Biz hər zaman İlahidən yeddi oğul istəmişik. Yetmiş ildə yeddi rəhbərimiz oldu. Şəxsiyyət kimi sayılanı, sayılmayanı da var idi. Amma bir yerdə sayanda sayı düz gəldi, yeddi oldu: Lenin, Stalin, Xruşşov, Brejnev, Andropov, Çernenko və Qorbaçov. Hər biri dövlət maşınını ölkənin əyri yollarında düz sürmək üçün sükanı bir az sağa, bir az sola burdu. Gələndə noğul kimi şirin-şəkər bildiyimiz oğullar bizə nə nağıllar vəd etdilər, bəs, gerçəklər nə oldu... Gələndə Rüstəmi-Zal, gedəndə lal-kar olan yeddi oğulun aqibətindən indi də yeddi oğul istərəm ki, dərs alsın. O dövlət də getdi, o oğullar oxuduğumuz dərsliklərdə qalmadı. Şahlıq quşuna həmişəlik bir yerdə oturmağı kimsə öyrədə bilmədi. Çox dolaşıb seçdiyi ən qiymətli başda da, yol azıb yorulduğundan təsadüfən qonduğu dəyərsiz başda da əbədi qalacağını kimsəyə vəd etmədi. Gəzən çoxdu, amma gəzəyən adı təkcə Şahlıq quşuna yaraşdı. Səmada pərvazlanıb ölkələr gəzdi. Qonduğu başların başına gələnləri hamıya danışdı. Danışdı ki, bilib agah olaq. Danışdı ki, agah olduqlarımızdan doğru nəticə çıxaraq. Danışdı ki, dünyada əbədi var olan, göylərdə-yerlərdə dövranını sürüb tarix saatının göstəricisiylə bir anlıq o bəxtəvər başa mehman olan Şahlıq quşunun yanında kimsə özünü növbəti dəfə qiymətsiz etməsin. Tarix saatının ərəbləriysə öz bildiyi kimi işləyir... Həm saatın əqrəbləri, həm də ətrafımızda dolaşıb bizi yerimizdən oynadan, ağlımızı qaçıran ölümcül zəhərli əqrəblər bir an belə dayanmır. Hərdən tarixi vərəqləyib ondan ibrət dərsi almaqda fayda var.
   
   
   
   ***
   
   Zamanın karvanı irəlilədikcə gözümüzdə bir çox dəyərlər, meyarlar dəyişir, tarixi hadisələrə, şəxsiyyətlərə münasibət birmənalı qalmır. Elə biz də əvvəlki kimi deyilik. Yaşadığımız dövrlə ayaq-laşmaq üçün mümkün olduğu qədər zamana uyğunlaşmağa çalışırıq. Zəmanəylə həmişə uyğunlaşa bilməsək də, hər zaman onunla hesablaşırıq. Çünki əbədi var olan biz deyilik, odur. Bu, yaxşımı, pismi, deyə bilmərəm, amma həqiqətdir.
   
   Yer üzünün qüdrətli dövlətlərindən olan SSRİ-nin yaranması, inkişafı və dağılması XX əsrin ən böyük hadisələrindən oldu.

TƏQVİM / ARXİV