adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

AŞURA MƏQAMI

18775 | 2008-01-19 00:11
Qərb teologiyasında Azərbaycan dilinə təxminən belə tərcümə olunacaq ifadə var: "Paskal inamı". Burda Allaha necə inanmaq nəzərdə tutulur. Yəni söhbət əgər inamdan gedirsə, deməli, inanmamaq da mümkündür. Belə olanda Allah ya var, ya da yoxdur. Əgər inananların təsəvvürünə görə Allah varsa, onda o ulu qüvvə ona inananlara əbədi həyat, yaxud cənnət bəxş edəcək, inanmayanlara isə bu dünyada çəkilən bütün əzabları belə çox-çox arxada qoyacaq cəza veriləcək, onları əbədi cəhənnəm odunda yandıracaq. Belə olanda, yəni Allahın varlığı ehtimalı onun yoxluğu ehtimalından xeyli az olsa belə, yenə də ona inanmaq, yaxud özünü inanan kimi göstərmək daha düzgün mövqe olar, nəinki inanmamaq.
   
    Fransız Blez Paskal alim idi. Sonsuz kainatı seyr edən alim dəhşətə gəlir: "Sükut içində olan bu sonsuzluqda öz başına buraxılan, bu ümmanın əhəmiyyətsiz dərəcədə kiçik və heç bir rol oynamayan zərrəsində özünə sığınacaq tapan, nəyə görə bu zərrəyə atıldığını anlamaqda, bu intəhasızlığı dərk etməkdə aciz qalan və nə edəcəyini, bundan sonra onunla nə olacağını başa düşməyən insan barədə düşünəndə bədənimi qorxudan əsmə tutur. Mənə elə gəlir ki, yuxuda olan zaman məni aparıb elə bir adaya atıblar ki, ordan heç vaxt çıxa bilməyəcəyəm. Məni heyrətə gətirən odur ki, belə ümman qarşısında kiçik insan məğlub olmur, qüvvəsini itirmir".
   
    Ona görə itirmir ki, bu ümmanın sonsuz iradəsindən daha qüdrətli iradənin var olduğuna inanır. İnanmaya bilməz. Nəyəsə qəti cavab verməkdən əvvəl cavabının əks tərəfini də göz önünə gətirməlisən. Bu da azdır. cavab verəndə, yaxud seçim edəndə, gərək hər iki tərəfi gözünün önünə elə gətirəsən ki, bu görüntü sənin bütün bədənini əsdirsin. Yalnız bundan sonra sənin cavabının səmimiliyinə inanmaq olar. Amma burda başqa bir məsələ ortaya çıxır. Əgər sənin inamın, yaxud seçim və cavabın qorxudan irəli gəlirsə, bunun səmimiliyini nə dərəcədə ciddi qəbul etmək olar. Belə çıxır ki, sənin qorxu mənbəyin, toxunduğumuz məsələdə kainatın sonsuzluğu qarşısında qorxu aradan götürülərsə, deməli, əks tərəfə, yəni böyük, ulu qüvvəyə inamın da əsassız olacaq.

TƏQVİM / ARXİV