adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Noyabr 2014 14:14
3925
GÜNDƏM
A- A+

Əli Abbasov Kürdəmirdə qəbul keçirib

 Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Kürdəmirdə bu rayonun sakinləri ilə yanaşı, Ucar, Göyçay, Ağdaş, Qəbələ, Mingəçevir və İsmayıllıdan olan vətəndaşları qəbul edib. 

Nazirlikdən verilən məlumata görə, qəbulda nazirliyin müvafiq struktur rəhbərlərinin iştirakı da təmin olunub. Habelə müraciətlərin operativ araşdırılması və həlli məqsədilə rayonların poçt şöbələrinin və telekommunikasiya qovşaqlarının rəhbərləri ilə videoəlaqə yaradılıb.

Qəbul zamanı vətəndaşlar əsasən işlə təmin olunmaq, bir sıra yerlərdə, xüsusən ucqar yaşayış məntəqələrində telefon rabitəsinin, habelə internet, poçt, televiziya və radio yayım xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Müraciət edən hər bir vətəndaş diqqətlə dinlənilib. Qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Araşdırılmaya ehtiyac olan bəzi müraciətlər isə qeydiyyata götürülüb. Onların operativ həlli üçün nazirliyin müvafiq struktur rəhbərlərinə konkret tapşırıqlar verilib. Məsələn, Kürdəmirin 18 kəndində telefon xidmətinin yaxşılaşdırılması, sürətli və keyfiyyətli internet xidməti üçün 35 kilometr məsafəyə fibrooptik kabel xəttinin çəkilməsi üçün lazımi tədbirlər görülməsi məqsədilə araşdırmalar aparılması qərara alınıb.

Qəbul zamanı nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər də olub. Bununla əlaqədar vətəndaşlarla ətraflı izahat işləri aparılıb. Həmin müraciətlər müvafiq strukturlara göndərilərək həll olunması üçün qeydiyyata alınıb.

Vətəndaşlar səmimi qəbula və yaradılan şəraitə görə razılıqlarını bildiriblər.