adalet.az header logo
  • Bakı 20°C

BiZDƏ "AçARINI iTiRƏNLƏR"Ə PiS BAXIRLAR...

11844 | 2008-01-17 02:39
Bu yazıma başlamazdan qabaq bir məsələni oxuculara bildirmək arzusundayam. İstəyirəm bilsinlər ki, mənim bu andır Minsk Qrupunun utanmaz həmsədrlərindən həm "hoptum", həm də ayrı-ayrılıqda zəndeyi-zəhləm gedir. Bu həmsədrlərin xətrini çox istəyənlər məni bağışlasın, vallah, düz sözümdü. Ə kişilər, adam boş-boşuna nə qədər bir şəhərə gəlib-gedər, nə qədər boş-boş danışar? Nə qədər gəlib ağa qara deməkdən utanmaz? Başqalarını deyə bilmərəm, "uje" onların adını eşidəndə ürəyim bulanır...
   
   Amma dünən APA-nın bir xəbərinin başlığını qəzetlərdə oxuyanda elə sevindim, elə sevindim, az qaldım hönkür-hönkür ağlayım. Özü də məlumat xarici işlər nazirimizin müavini Araz Əzimova istinadən verilmişdi. Yazılmışdı ki, "Həmsədrlər Bakıya qayıtmaya bilərlər". Amma xəbəri tamam oxuyandan sonra gördüm ki, nahaq sevinmişəm. Sən demə, bu zəhləmgetmişlər Yerevana gediblər və söhbətləri alınmayacağı təqdirdə Bakıya yox, öz xarabalarına qayıdacaqlarmış.
   
   Eskudiero dedim yadıma Metyu Brayza düşdü. Əşi, bu Brayza "vobşe" ağ eləyib. Başı çıxan, özünə aid olan şeylərdən də danışır, başı çıxmayan, özünə aid olmayan şeylərdən də. Elə yer yoxdu ki, burnunu soxmasın. Hər dəfə də ortalıq elə qarışır ki, az qalır araya qan düşsün. Sonra heç nə olmamış kimi çıxır televiziyaya-zada, bəzi üzdəniraq arvadlar kimi irişə-irişə bildirir ki, mən elə yox, belə demişəm. Elə də üzə durur ki, heç kim günahını ona sübut eləyə bilmir.
   
   Brayza İrəvanda "Genişlənmiş Qara dəniz bölgəsi, beynəlxalq və regional təhlükəsizlik perspektivləri" məsələləri üzrə keçirilən beynəlxalq konfransda bildirib ki, ("PanArmenian") ilk vəzifələrdən biri Ermənistan və Türkiyə arasında diplomatik əlaqələrin bərpası və sərhədlərin açılmasıdır. "Bu, sərhədlərin qismən açılması, iqtisadi əlaqələrin fəallaşması, birgə enerji layihələri də ola bilər. ABŞ Türkiyəni Ermənistanla münasibətləri üçüncü ölkənin iştirakı olmadan normallaşdırmağa çağırır. Biz Türkiyəni Ermənistan qoşunlarının Dağlıq Qarabağdan çıxarılmasını şərt kimi irəli sürməməyə dəvət edirik. Türkiyədə və Azərbaycanda bir millət, iki dövlət anlayışı hökm sürür və bunu dəyişmək lazımdır. Amma bu dərhal alınmayacaq, uzun müddət işləmək lazımdır".
   
   İndi siz deyin, bu cür danışan bir diplomat "açarını itirib", ya itirməyib. Əlbəttə itirib. Özü də şəxsən mənə elə gəlir ki, Brayza nəinki açarını, lap "zamok"unu da itirib. Daim söhbət eləyəndə adamların üzünə irişən Brayza bəs əvvəllər deyirdi ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etməyib, ermənilər millətlərin öz hüquqlarını təyin etmə hüquqlarından istifadə edirlər. Bəs türklərin şərtinə işarə vurmaqla Brayza Ermənistan qoşunlarının Dağlıq Qarabağda olmasını dolayısı ilə təsdiq etmirmi?
   
   Niyə ingilislərin iki, ərəblərin 21 dövləti ola bilir, amma türklərin iki dövləti olmasına haqqı rəsmiləşdirmək missiyasını yerinə yetirməyə çalışan Brayzanın gözünə batır. Ondan soruşan lazımdı, siz niyə, hansı məntiqlə süni şəkildə 15 ildən çoxdur ki, ermənilər üçün yan-yana iki dövlət qurmaq üçün özünüzə əl qatıbsınız? Özü də o etiraf edir ki, Türkiyə ona qarşı ərazi, qondarma soyqırım iddialarında bulunan Ermənistanla sərhədlərinin açılması, "bir millət, iki dövlət" anlayışının aradan qalxması üzərində çalışır. Niyə, mister, soruşmaq ayıb olmasın, sizin başqa işiniz-gücünüz yoxdu? Yaxud sənin nə filan yerinin borcuna ki, Azərbaycanla Türkiyədə hansı anlayış var? Yoxsa bundan ötrü də sizdən icazə almalıyıq?
   
   Yeri gəlsə də-gəlməsə də, bir məsələ də yadıma düşdü. Amerikanın məşhur hərbi ekspertlərindən biri Filip Koe Çexiyada bildirib ki, raket hücumundan müdafiə sistemi qurmaq üçün Brdı poliqonunda apardıqları təhqiqatlara görə həmin sistemləri burada - əhalinin sıx yaşadığı regionda qurmaq doğru deyil. Çünki bu, əhalinin sağlamlığına mənfi təsir edəcək. O deyib ki, radar bazası yaratmaq üçün ən yaxşı ərazi Rusiyanın qonşusu Azərbaycandır.
   
   Belə çıxır ki, Avropa əhalisinin sağlamlığına ziyan vermək olmaz, amma Azərbaycana olar. Siz raketdən qorunasınız deyə min zillət içində çabalayan azərbaycanlılar şüalanmalıdır bəyəm? Bir Qəbələ RLS bizi məhv etməyə bəs eləmir? Necə olur, sağlamlığa ziyanlı olan məsələləri bizə, maliyyə yardımlarını Ermənistana məsləhət görürsünüz? Xeyirdimi?..

TƏQVİM / ARXİV