adalet.az header logo
  • Bakı 21°C

Kölgə obrazı

ZAKİR FƏXRİ
310172 | 2014-11-22 01:43
(əvvəli ötən şənbə sayımızda)

Şair bəzən adi məhəbbət əhvalatlarını ideallaşdırmaq üçün həm klassik poeziya örnəklərinə, həm insanın çağdaş həyat tərzi, məişət qayğılarının yaratdığı sosial-psixoloji mühitə əsaslanır. Sosial ədalətsizliyi təsvir etmək üçün mövzu seçiminə ehtiyac yoxdur. R. Rövşənin sevgi şeirlərində ictimai-siyasi zəmanə daha aydın boyalarla rəsm edilir. "Ax, bu qızın barmaqları Bir üzük taxdı belinə. Qız idi, dinə bilmədim, İndi nə deyim gəlinə?!" Nə vaxtsa barmaqla göstərilməyə layiq bir sevgi dünyası tar-mar edilir. Vəziyyət elədir ki, sosial qrup üçün mövcud şəraitdə qaneedici hesab edilən, sənətdəki ideal poetik dəyərlərlə isə ziddiyyət təşkil edən sayğısız və etinasız mühitdə gəlinlik (ərə getmək) mərtəbəsində, yəni romantik duyğuların öləzidiyi ən sönük nöqtədə cəmiyyət özünü abıra salır. Qızın, gəlinin və prokata qoyulan gəlinlik libaslarının indi yaxşı pula satıldığını hər kəs gözəl bilir... Dastan yaradıcılığındakı toy və duvaqqapma ilə sonuclanan eşq iztirabları ilə müqayisədə, təbii olaraq, izdivacla bitən müasir toy əhvalatları daha faciəli görünür. "Öldür məni, oynamaram bu toyda..." Lakin dünyada yaşayıb, onun işlərini yola vermək üçün "oynamaqdan" başqa çıxış yolu da qalmır. Bu, həyatın tələbidir. Sənətin isə öz qanunları var. İctimai kədəri tərənnüm edən şairin eşq ideallarının və sevgi əzablarının poetik səviyyədə gerçəkləşməsi üçün vüsala yetməyin mümkünlüyü müvəqqəti olaraq istisna edilir, haçansa yaranacaq sivil dəyərlərə qədər təxirə salınır. Gələcəyin azad, sivil qrup və icmaları, əslində, azad, "ədalətli" sevgi ilə bütövləşən saf, təmiz individual pozitiv resursların qeyd-şərtsiz olaraq bir yerə toplandığı, hərdən lap "köhnə kitablarının" içindən "köhnə məktublar"ın da tapıldığı dünyada yaşamalı olacaqlar. Arvad-uşaqdan gizlin oxunan o sevgi məktubu nakam bir eşqin, sevginin hekayətini yada salsa da, dünyada adam olub qalmağın mümkünlüyünü də sübut edir."Diksinərsən, boylanarsan qapıya: "o kölgəni arvad-uşaq gördümü?!" Tez məktubu atarsan külqabıya, yandırarsan hər sözünü, sətrini". İnsanın ruhunu və zehnini ağır zərbələrə məruz qoyan sərt və güzəştsiz mental icma qanunları şəxsiyyət azadlığını məhdudlaşdıran böyük ictimai bəladır. Onun məhəbbət ünvanlı yazılarında icmaya, kollektivə xas əxlaq və zəkaya etiraz üstünlük təşkil edir. Ədəbiyyatdakı etirazlara baxmayaraq, həyat öz reallıqları ilə davam etməyə qərarlıdır. "İctimai asayişi pozan" ideyaları yaymaq isə şairlərin əsas məşğuliyyəti sayılır. Amma "Sevənlər təklənir bu yer üzündə".
4. Təklənmə

Bütün sevgilərin içində məcnunluq var. Məcnun olmaq təklənmək deməkdir. Çoxluğun sevgi macəralarında divanəlik axtarmağa dəyməz. Divanəlik həm də şairlikdir. Şairlər təklənir. Təklik Tanrıdan gəlir. Poeziyada təklənmə istedad amili ilə əlaqəlidir. "Məndə Məcnundan füzun aşiqlik istedadı var" deyən Füzuli həm də bu fikirdədir ki, "risvay gərək həmişə aşiq". Rüsvaylıq mərtəbəsində təklənməkdən başqa çıxış yolu olmayan aşiq üçün yeganə təsəlli yeri onun eşq ucalığında qərar tutmasıdır. Ramiz Rövşənin lirik qəhrəmanı da eşq zülmü və zilləti içərisində nə qədər tək-tənha dolansa da, rüsvaylıq həddinəcən yüksələ bilmir."Qorxdum, qonşular görələr, Buna min cür rəng verələr..." Bunun əsas səbəbi, görünür, şeirdə ictimai pafosun çox yer tutması, R. Rövşənin real duyğulara daha çox könül verməsi ilə bağlıdır. Ümumən, deyə bilərik ki, Ramiz Rövşən poeziyasında, o cümlədən, nəsrində kontekstdə klassik romantizmə istinad edən eşq konsepsiyası yer almaqla real həyatın əhvalatlarının panoramı açılır. Bu reallıq çağdaş dünyamızın konturlarını da əhatə edə bilir. "Mənim balam, sən də təksən, Təksən, yer üzündə təksən; Ay kimi gün kimi təksən, Torpaqda dən kimi təksən, Çöldə külək kimi təksən, canda ürək kimi təksən..." Vaxt ötdükcə, görünür, bu təklik adama daha çox lazım olur... İnsanın çoxluqdan qıraqda qalması, təklənməsi onun cəmiyyət daxilindəki fövqəladə halı və statusu ilə bağlıdır. "Dünyada sevgi adlanan bu yükün altında təksən". "Süd dişinin ağrısı" poemasını oxuduqdan sonra yəqin edirsən ki, sevgi "bu yer üzündə" vaxt, məsafə, səbəb və şərtlər nəzərə alınmadan mövcuddur. "Bu sevgidi, mənim balam, ömürlərdən uzun cevgi. Bir əliylə beşikləri yırğalayan, bir əliylə qəbirləri qazan sevgi". Sevgi irfan əhlinin məziyyətlərindən biridir. Boynunda sevgi yükünü daşımağa məhkum edilənlər milyon adamın içində belə nə qədər tək qalsalar da, başının üstündə bir kölgə onları bu "fəlakətdən" xilas edə bilir. "Sənin kölgən düşür burda hər şeyə; Bu evə-eşiyə, yorğan-döşəyə...".Bu, sevgi adlı bir duyğunun və həmin sevgi əhvalatının əbədi xatirəsinin kölgəsidir. "Hələ bircə qarış kölgən qalıbsa, Mən qərib deyiləm, demək, dünyada". Tək qalmağa məhkum olanlar həm də hərdən bu dünyayla barışmağa və ya ondan üz döndərməyə bəhanəsi olmayanlardır. Ölüm, ömür də təkliyin əbədi nişanələridir. R. Rövşən ömürdən yazan şairdir. O, "Bir az uzun çəkdi ömrüm, deyəsən" ovqatı ilə də ölməyə yox, ayrı bir ruhani dünyaya, necə deyərlər, haqq dünyasına tələsdiyini bəyan edir. Həmin şeirdə bu dünyanın bir az ögey və qəribliyinə, bir sözlə, müvəqqətiliyinə işarə edilir. Minnətli olsa da, az, ya çox yaşamağından asılı olmayaraq bu dünyaya bağlılıq allahdan gəlmə hisdir. "Gücüm çatmır bu dünyadan getməyə". Zaman-zaman şeirimizdə hiss, duyğu qıtlığı yaşanıb. Bu defisiti ört-basdır etmək üçün intellektual şeir, prozaik şeir və s. adlarla təsəlli tapmalı olmuşuq. İntellektuallıq bədii mətndə arxa planda yer almalıdır. Füzuli demişkən, elm divarın bünövrəsinə hörülməlidir. Şeir mətni həyəcanlandıran qaibanə səslənişlə, poetik sıçrayışlarla oxucunu heyran edə bilər. Onun mahiyyəti barədə düşünmək sonranın, gələcəyin işidir. Ən çox sevdiyimiz bir şeirin, həm də dərin fəlsəfəsi olan şeirin yazılması üçün, görünür, bir küskün ovqatın da içinə düşməlisən. "Bir az uzun çəkdi ömrüm, deyəsən, Deyəsən, dostlar da darıxdı bir az". Ovqata giriş bu iki misradan başlayır. Deməli, bir həyat fəlsəfəsini yoluna qoymaqdan ötrü belə bir ömür həyəcanını yaşamalısan. "Məni yedirtməkdən yoruldu dünya, çörəyi yoruldu, suyu yoruldu. Məni gəzdirməkdən bezdi yolları. Gözümə baxmaqdan göyü yoruldu..."Bax dünyanın belə işləri varmış. Dünya ilə insan arasında təmənnalı, təmənnasız münasibətlər varmış. Bu cür minnətli "sazişlərlə" bu dünyada, əslində, yaşamağa dəyməz. Daha çox ona görə dəyməz ki, "dostlar da birtəhər baxır üzümə". Amma dünya da qələt eləyir. Dünyadan getmək adamın öz əlində deyil. Yerin-göyün də sahibi var. "Bu dünya Dərbənd qalası, Nə yolu, nə yolağası, Qardaşım, atam balası, gücüm çatmır bu dünyadan getməyə". Nizamidən bu yana dünyanın əgər-əskiyi haqqında çox yazılıb və hər kəs həyatın faniliyi və əbədiliyindən bəhs edərək öz üslubunu və dəst-xəttini qoyub gedib. Ancaq bu tanış fəlsəfənin ən unikal poeziyasını yaradanlardan biri Ramiz Rövşəndir. Ömrün uzun sürməsi xəbərdarlığı yaşamağın fəzilətlərini adamın yadına salır, nəticədə zamanın özüylə rəftar və davranışlara korrektələr etməli olursan. Məsələn, şair olmağa gücü çatmayanlar bu dünyanın çörəyini şair kimi yeməli deyillər. Bəlkə, onlar, məsələn, qalayçılıq peşəsinə yiyələnsələr, yaxşı olar və dünyadan daha halallıqla, həm də daha çox ruzi qazana bilərlər.
(ardı gələn şənbə sayımızda)

TƏQVİM / ARXİV