adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Noyabr 2014 13:38
15244
ƏDƏBİYYAT
A- A+

BDU-da “SÖZ” Yaradıcılıq Birliyinin ilk tədbiri keçirilib - Fotolar

Dünən Bakı Dövlət Universitetində Filologiya fakültəsi nəzdində yaradılmış "SÖZ” Yaradıcılıq Birliyinin ilk tədbiri keçirilib.Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dosenti Məti Osmanoğlu "Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsi,həmçinin digər qonaqlar və tədbir iştirakçılarını salamlayaraq "SÖZ”ün yaranmasında təşəbbüs göstərən magistrantları təqdim edib.Ədəbiyyata böyük maraqlarının olduğunu qeyd edən Nigar Məmmədli yaradıcı və sözün əsl mənasında istedadı olan gəncləri bir araya gətirmək arzusunda olduqlarını qeyd edib və çağdaş ədəbiyyatımızın hal-hazırkı xaus halının yaxşılığa doğru dəyişdirilməsində bu "birliyin” böyük töhfə olacağına inandığını söyləyib.Digər həmtəsisçi Cahanxanım Seyidzadə öz çıxışında "SÖZ” Yaradıcılıq Birliyinin qarşısında bir məqsəd,amal kimi qoyduqları planlarından söhbət açıb: "Biz yaradıcılıq istəkləri olan, bu "ədəbiyyat laboratoriyası”nda özünə inam hissi ilə get-gedə püxtələşən gəncləri gerçək ədəbiyyat və publisistik aləmə təqdim edəcəyik və onların yaradıcılıq imkanlarına geniş şərait yaradacağıq.Ədəbi zövq və bədii təfəkkürün kasad olduğu bir vaxtda buna çox ehtiyac var.”Həmtəsisçilər "SÖZ”ün yaranmasında ən az onlar qədər əməyi olan görkəmli ziyalı Məti Osmanoğluya və böyük dəstək üçün Filologiya fakültəsi rəhbərliyinə sonsuz təşəkkür bildiriblər.

Daha sonra "Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs tədbir iştirakçılarını salamlayaraq qeyd edib: "Gənclərin özlərini daha yaxşı ifadə edə bilmələri üçün daim yeni axtarışlara ehtiyac var.Filologiya fakültəsinin böyük ənənələrinin olmasına baxmayaraq gənclərin öz potensiallarının təqdim olunması üçün əlverişli şərait olmalıdır. Bu ədəbi problemlər bütün dövrlərdə olub və həmişə də olacaq.Ədəbiyyat səni vuran maşın,publisistika isə təcili tibbi yardım kimi xilasedici olmalıdır.İndiki dövrdə bu konteksti saxlamaq gənc nəsilin öhdəsinə düşür. "SÖZ” Yaradıcılıq Birliyinin dünyaya gəlməsi bu cəhətdən çox təqdirəlayiqdir.” Bu gün mən burada,məhz,bu ruhda yetişən gənclər gördüm.Bu çətin missiyanı üzərinə götürən "SÖZ”çülərə uğurlar arzulayıram və iştirakçıları "Ulduz” jurnalına abunəliklə mükafatlandırıram.” Həmçinin,iştirakçıların suallarını da cavablandıran Qulu Ağsəs maraqlı fikirlər səsləndirib.O,müasir dövrdə mühüm ədəbi problemlərə toxunaraq çağdaş qələm adamlarının ədəbi kontekstdən çıxıb daha çox bayağı elementlərlə "zənginləşdirdikləri” ədəbiyyatın bizi uçuruma aparacağını söyləyib.

Tədbirin sonunda Məti Osmanoğlu qeyd etdi ki: "Söz” ədəbi birlik deyil: onun əsas məqsədi bədii qiraət, rəssamlıq, musiqi və sənətin digər sahələrində yaradıcılıq iddiaları olan tələbə gənclərin bir araya gətirilməsidir... Missiyamız daha genişdir. Buraya BDU-nun bütün fakültələrində, eləcə də ölkəmizin ali məktəblərində yaradıcılığa həvəs göstərən gəncləri cəlb etmək arzumuz var. Əslində, qeyri-filoloji ixtisaslar üzrə təhsil alan tələbələrin yaradıcılıq müzakirələrinə daha çox ehtiyacı olur. "Söz” onlar üçün faydalı bir ünsiyyət klubu rolunu oynaya bilər biz işimizi bu istiqamətdə qurmağa çalışacağıq. Gələcək tədbirlərimizi də ölkəmizin aparıcı media orqanlarının nümayəndələrinin iştirakı ilə keçirməyi planlaşdırırıq. Yaradıcılığa yeni başlayan gənclərdə öz yazıb-yaratdıqlarını ortaya çıxarmaq, ictimaiyyətə təqdim etmək üçün müəyyən kompleks, çəkingənlik olur. Bu baxımdan, media rəhbərlərinin özlərinin "Söz”ün ocağı başına gəlmələri əbədi proseslə gənclər arasında birbaşa təmas yaradır.İlk məşğələnin iştirakçıların bunun şahidi oldular.”

Tədbirdə rəssam tələbənin əsərləri, bədii qiraət istedadı olanların poetik kompozisiyası nümayiş etdirildi. Sonda gənclər öz şeir və hekayələrini təqdim etdilər...