adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

GÜNƏŞİ GÖRMƏSƏN... AĞLAMA

VƏSİLƏ USUBOVA
23911 | 2014-11-22 01:40
Sən ki, ona doyunca baxa bilmirdin. Elə şeylər var ki, ona baxmaq vacib də deyil. O şeylərin böyüklüyü göz ölçüsünə, mənası, dəyəri ağlın dərkinə sığmaz. Bunu ancaq ürək duyar, hiss edər, anlar. Böyüklüyü, qüdrəti, istisiynən bir yerdə...
O da beləydi səndən ötrü. Ona da baxa bilmirdin doyunca. Ancaq o hər yanında vardı-gözündə, könlündə, ağlında, hissində. Sağında, solunda, arxada, qabaqda həmişə onu duyurdun, hiss edirdin. Adam var görürsən, amma hiss eləmirsən. Yoxdu səndən ötrü. Səsi qulağını deşsə də, ürəyinə çatmır. İşığı göz qamaşdırır, amma sənin içindəki zülməti əridə bilmir. "O" bir görünüşüynən, həniriynən bütün kölgələri yox edirdi səninçin. İşığa, əlvan rənglərə bürünürdü aləm. Sən də özün olmurdun daha. Quş lələyinə dönüb qalxırdın havaya, özünü verirdin küləklərin ixtiyarına. Qoy hara aparır aparsın- gücü çatmaz səni ondan ayırmağa. Sən istədikcə belə olacaq həmişə. Dünyanı biz idarə edirik duyğularımızla. Biz dəyişdiririk onu həm yaxşı, həm pis tərəflərə. Heyf ki, çox zaman özümüz də anlamırıq bunu. Şikayətçi oluruq hər şeydən, hər kəsdən. Dünya ancaq bizim gördüyümüz boydadı, anladığımız dəyərdədi. Sevgimizə sığmayan ölçüləri yoxdu Yer üzünün.
Və bütün bunlar ancaq bir nəfərə görədi. Bizdən ötrü qışın ortasında ətirli güllər açdıran, yayın qızmarında şaxta-qırov tökdürən də odu. Təkcə onun xətrinə bu boyda Kainatı belə bağrımıza basmaq istəyirik bəzən. Hamıya gülümsəməyə, xoş söz deməyə, əl tutmağa hazır olduğumuz anların səbəbkarı da odur. Öz kimliyini, ürəklərdə nələr yaratmağa qadir olduğunu anlamayan Kimsə...
Bəlkə bu dəyərli sözləri heç onun ünvanına deməyək?! Özünün xəbəri yoxdusa, deməli, bu sehri yaratmağa qadir olduğunu da bilməyəcək. Onu böyüdən sənin gözlərindi. Qiymətli edən sənin hisslərindi, yaşadıqlarındı. Çox ucada görürsən onu. Gördüklərini deyil, arzuladıqlarını adına yazırsan onun...
Bir gün yaxından tanısan, kimliyinə bələd olsan...
Yaman qorxuram o gündən...
Sən də qorx! Öz günündən, düşəcəyin hallardan qorx! İşığı göz oxşayıb, istisi cana yatan ocaqların, alovu dilim-dilim ərşə dirənən tonqalların yerində bomboz, soyuq kül qalıb həmişə. Günəşə də çox baxanda içində qara kütlə görünür. Deyirlər, bir gün onun da sonu olacaq. Amma çox-çox, uzun-uzun illərdən sonra. Sevgilərimiz bundan da uzunömürlü görünür bizə. Amma sonu elə tez çatır ki... Gözlərimizdə kədərli kölgələr qalır. Batan Günəşin üfüqdə qalan izləri kimi. Solğun, qüssəli... Bir sinə dolusu ah olur mükafatımız. Getdikcə o da səngiyib yox olur...
Bir gün soyuq sinəmizdə ürəyimiz soyuq-soyuq döyünəndə başımızın da havası soyuyur və anlayırıq ki, güvəndiyimiz dağlar kiçik təpələrdən başqa bir şey deyilmiş. Bir də heç bir təpəni dağ saymayacağımıza söz veririk. Daha ağıllı olacağımıza, ağı qaradan, tükü tükdən seçəcəyimizə özümüzü inandırırıq. Bunun da ömrü çox çəkmir, elə növbəti "təpəciyə" rast gələn kimi, əvvəlki halımızı unuduruq. Hər şey təzədən başlanır. Yenə günəşin şüaları göz qamaşdırır, istisi sifət qarsıdır. Yenə də gecələr Ay, ulduzlar həmsöhbətimiz olur. Gözümüzdən yuxu qaçır, dilimizdən sevgi şeirləri düşmür...
Bu dəfə səhv etmədiyimizə, özümüzü aldatmadığımıza inanırıq. Yenə şirin xəyallar duman kimi fırlanır başımızda: Yox, bu dəfə səhv eləmirəm. Bu, heç kəsə bənzəmir. Axtardığım hər şeyi tapmışam onda. Xəyallarımın yaratdığı, könlümün arzuladığı adamdı çıxıb qarşıma. Həmişə yanımda, həmişə mənimlə olacağına inanıram...
Yenə aldanış, yenə böyük görmə...
Hamımız beləyik: sən də, mən də, o da...
Əvvəllər bu sözlərdən təsəlli tapardım: "Bəzən istədiyin bir işin olmaması, sənin üçün xeyirdir". Daha bu sözlər də qəlbimi ovutmur. Belə nə qədər davam edəcək, axı?!.
Dünya Günəşsiz qaralar, buz bağlayar,dağılar...
Sən də onsuz qaralar, buz bağlarsan, ancaq yaşayarsan...
Çarəsiz də olsan, yoluna davam etməlisən...
Tək yolçuluq maraqsızdı...
Ancaq pis yoldaşla getməkdən qorxusuzdu...


TƏQVİM / ARXİV