adalet.az header logo
  • Bakı 20°C

Çaydan

SAMİRƏ ƏŞRƏF
22357 | 2014-11-22 01:32
(hekayə)

Dünən gecə ağ rəngli, üstündə üç albalı şəkili olan çaydanı su ilə doldurub qazın üstünə qoydum. Özüm də gəlib oturdum nootkbukun qarşısında. Əvvəlcə Emir Kurtirtsanın bir filminə baxdım. Ardınca da Okan Byulgenin yeni başlayan proqramına. Okanın verilişini də bilirsiniz, it yiyəsini, dəli qız da ərini tanımır. Bir də onda ayıldım ki, saat beşi keçib. Girdim mətbəxə gördüm çaydanın dibindəki ərplər çırtıldıyır. Çaydanın sinəsi qurumamışdı, yanıb kül olmuşdu. Əvvəl çox kədərləndim. Çünki bu mənim çox illik mətbəx həyatımda məhv etdiyim üçüncü çaydan idi. Bunun üçün də hər bir evdar xanım kimi üzülməyə haqqım çatırdı. Elə bu səbəbdən də romantik, isterik qadınlar sayağı pəncərəyə yaxın stula əyləşib dənizin üzərinə sərilən ay işığına xeyli tamaşa etdim. El-oba dərin yuxuya gedib öz yuxusu ilə əlləşirdi. Mən isə soyuq qış gecəsində dərin qüssə çəkirdim.
Çaydanın üstündə dalğalanan isti ilğıma baxıb öz-özümə fikirləşdim ki, çaydanın atılmağı daha məqsədəuyğundu. Amma nə olsun? Əvvəlki illərdə yanan iki çaydanımla bərabər bu çaydan da qurban olsun məni maarifləndirən o iki bəyə. Səhər açılar gedib özümə təptəzə çaydan alaram. Səhər açılan kimi getdim yaxınlıqda olan qab-qacaq mağazalarının birinə. İçəri girdim. Məni üz-gözündən yuxusuzluq və sevgisizlik tökülən yorğun-arğın, yüngülvari qəzəbli, iyirmi yaşına güclə çatmış bir satıcı qız qarşıladı. Ona çaydan almaq istədiyimi bildirdim. Satıcı qız qarşıma dörd, beş cür çaydan qoydu. Çaydanların qiymətləri qəribəliklərinə görə dəyişirdi. Tefal materiallı ağzı yaşıl düymə ilə açılan tok çaydanı altmış manat, hərtərəfi şüşə, təkcə qapağı qara plastik qapaqla örtülü olan isə qırx beş manat və nəhayət dədə-baba çaydanlarına bir az bənzəyən minalı çaydan otuz manat qiymətində oldu. İlk çaydana altmış manat verməyə pulum yox idi. İkinci çaydan da şüşə olduğu üçün ala bilməzdim. Çünki mənim soba və qaz üçün nəzərdə tutulmuş şüşə qablara qarşı fobiyam vardı. Elə bilirdim isti onlara toxunan kimi ciliklənəcəklər. Nəhayət ən məqsədyönlüsü minalı çaydanı almaq idi. Düzdü qiyməti bir az baha idi. İstənilən ticarət yarmarkasından onu iyirmicə manata almaq olardı. Amma əlimdə çaydan yellədə-yellədə avtobusda gəlməyimi xəyalıma gətirib ürpəndim. Çaydanı almaq qərar verdim. Ancaq qəlbimdən bir səs dilə gəlib dedi: - Almazdan əvvəl qapağı qaldır bax!
Həmin səsin müşayiəti ilə qapağı qaldırıb çaydanın içinə baxanda bərk sarsıldım. Çünki çaydanın içərisində on qəpiklik boyda hissənin minası tökülmüşdü. İllərin evdarlıq təcrübəsinə dayanaraq bilirdim ki, həmin qopuq hissə pas verib çürüyəcək və çaydan tezliklə deşiləcək. Bu səbəbdən çaydanı almaqdan könüllü imtina etdim. Bayaqdan mənə çaydanların bir sürü özəlliklərindən həvəssiz-həvəssiz danışan gənc qız çaydanları götürüb yerinə qoydu. Mağazadan çıxıb o biri mağazalara da dəymək istədim. Amma nədənsə çaydan almağa heç bir həvəsim qalmamışdı.
Evə gəldim. Dilim-ağzı qurumuşdu. Susamışdım. Bir stəkan soyuq su içib axşamdan yanan çaydanıma çevirib diqqətlə baxdım. Sonra onu suyun altında yaxşı-yaxşı yuyub yanıq yerlərini təmizlədim və su ilə doldurub qazın üstünə qoydum. İlk suyunu boşaldıb təzədən doldurdum. Çay qaynadı, stəkana paket atıb çay dəmləyib icdim. Düzdü sudan bir az yanıq, ərp tamı gəlirdi. Amma əmin idim ki, zamanla həmin suyun dadı təmizlənib yaxşılaşcaqdı. Əsas məsələ o idi ki, mən qəlbimin səsinə qulaq vermişdim ki, çay içdiyim dəqiqələrdə üç dənə göy onluq cibimə qoyduğum sol əlimin barmaqlarını isindirirdi.

TƏQVİM / ARXİV