adalet.az header logo
  • Bakı 18°C
21 Noyabr 2014 20:58
5524
ƏDƏBİYYAT
A- A+

İlyas Əfəndiyevin 100 illik yubileyi qeyd olundu

Bu gün Heydər Əliyev Sarayında Xalq Yazıçısı, Dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubiley gecəsi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə sarayın foyesində ədibin həyat və yaradıcılığını əhatə edən foto və kitab sərgisi ilə tanış olublar.  

Hökumət və dövlət rəsmilərinin, Milli Məclisin deputatlarının, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdikləri yubiley gecəsində "İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2014-cü il 16 yanvar tarixli Sərəncamı oxunub.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan ədəbiyyatının və dramaturgiyamızın inkişafında böyük xidmətləri olmuş yazıçının mənalı ömür yolundan və zəngin yaradıcılığından söz açıb.

Bildirilib ki, Azərbaycan Prezidenti  İlham Əliyev tərəfindən təkcə 2014-cü ildə mədəniyyət və incəsənət xadimlərinin yubileylərinin dövlət səviyyəsində keçirilməsi üçün 13 sərəncam imzalanıb.

Qeyd edilib ki, görkəmli ədibin "Söyüdlü arx”, "Körpüsalanlar”, "Sarıköynəklə Valehin nağılı”, "Geriyə baxma, qoca”, "Üçatılan” və digər roman və povestləri müasirliyi ilə yeni nəsil oxucu kütlələrinin dərin marağına səbəb olur. Həmçinin "İşıqlı yollar”, "Bahar suları”, "Atayevlər ailəsi”, "Sən həmişə mənimləsən”, "Mənim günahım”, "Unuda bilmirəm”, "Məhv olmuş gündəliklər”, "Qəribə oğlan”, "Mahnı dağlarda qaldı”, "Bağlardan gələn səs” və digər pyesləri ilə teatr sənətimizdə yeni bir mərhələ açaraq  "İlyas Əfəndiyev teatrı” yaradıb.

İlyas Əfəndiyevin yubileyinin UNESCO-da qeyd olunması isə ədibin yaradıcılığına göstərilən beynəlxalq marağı bir daha təsdiqləyir. 

Mərasim İlyas Əfəndiyevin əsərləri əsasında hazırlanmış ədəbi-bədii, musiqili proqramla davam etdirilib.