AMERiKA AYISI

ƏBÜLFƏT MƏDƏTOĞLU
34753 | 2008-01-12 00:19
Axırıncı dəfə zooparkda olduğum tarixi unutmuşdum. Amma atalar da bir yaxşı söz deyib də, yəni deyib ki: "Uşaq adamı bəzən düşmən ayağına da aparır". Doğrudur, zooparkda mənim düşmənim-zadım yoxdur, amma nədənsə heç marağım da olmayıb ora getməyə. Qış tətili günlərində qızım məni üzdən-gözdən saldı və məcbur oldum onu zooparka aparım. Getdik, kaş getməyəydim. Hələ də xəcalətimdən özümə gələ bilmirəm, bu gen dünyada bir qarış yer tapmıram ki, orada rahat olum. Bilirsiniz niyə? Ona görə ki, o canı yanmış Amerika ayısı mənə nə təhər baxıbdısa, hələ də nə baxışını unuduram, nə də yuxumdan çıxır...
   
   Bizə qonaqpərəvər xalq deyirlər... Bu doğrudur... Bizə şair xalq deyirlər... Bu da doğrudur... Bizə nəğməkar xalq deyirlər... Bu da lap doğrudur... Bizə xəyalpərvər xalq deyirlər... Bu vobşe doğrudur... İndi gərək bizə bu deyilənlərin açmasına, çünki deyənlər deyib, bunun açmasını biz verməliyik...
   
   Başlayaq şair xalq olmağımızdan. Həqiqətən hər gün ən azı 8 milyon 600 min əhalimizin 5 milyonu bir misra da olsun şer yazır. Qələmnən yazmayan da mesajla bir-birinə göndərir. Bu 5 milyon şerin aşağısı 5 min misrası qəzetdə, kitabda, efirdə, ekranda, mesajda oxunur. Deməli, biz həqiqətən şair xalqıq...
   
   Biz həqiqətən nəğməkar xalqıq. İnanmayan efirimizə, ekranımıza diqqət yetirsin, Bakı küçələrində satılan kasetlərə, audio, video yazılarına diqqət yetirsin, qulaq assın. Hansı küçədən keçirsən qəttəzə səslər eşidirsən. Deməli, hamamdan tutmuş, ekrana qədər hər yerdə oxuyuruq. Maşallah olsun və bunun da nəticəsidir ki, nəğməkar (gərək bunu oxuyan yazaydım) xalq kimi tanınmışıq...
   
   Biz həqiqətən xəyalpərvər xalqıq. Xəyalımızda nələr qurmuruq. Şəxsən mən gündə on dəfə Qarabağa, Tuğa gedib-gəlirəm. Hələ xəyalımda dünyanın ən bərkgedən qəzetlərində, nəşriyyatlarında yazılarım dərc olunur, mükafatlar almışam və sair və ilaxır. Bütün bunlar bizim xəyalpərvərliyimizin xırda bir detallarıdır, hələ mən böyüklərini demirəm.
   
   İndi gələk qonaqpərvərliyimizə. Biz doğrudan-doğruya qonaqpərvərik. Götürək xaricdən gələn qonaqlarımızı. İstəyir ATƏT-dən, istəyir AŞ PA-dan, istəyir hardan, dəxli yoxdur. Bir ovuc dən olub səpilirik ayaqlarına. Orada oturma soyuqdu... Burada durma külək vurar... Onu yemə istiotludur... Bundan içmə boğazını ağrıdar... Üstünü qalın elə soyuq dəyər... Tay nə bilim nələr, nələr. Yeməyin çeşidi çox, içməyin sayı-hesabı yox, yorğan-döşəyin qalını, mələfələrin quş boğazından çıxanı, bir sözlə, oluruq qonağın ayağının altında tapdalanmış dəvə yunundan olan xalı. Bax, bütün bunlara görə qonağımız da çoxdur, bizi istəyənlər də...
   
   Bütün bunları oxuyandan sonra fikirləşəcəksiniz ki, bunların Amerika ayısına nə dəxli var. İndi mən deyim, siz də görün dəxli var, yoxsa yoxdu. Deməli, getmişdim zooparka. Gəzə-gəzə gəlib çıxdım Amerika ayısı saxlanan qəfəsə (gərək bu sözü ən azı villa yazaydım). Ora çatana kimi düşünürdüm ki, bu ayının ən azı 4 dənə teloxraniteli (cangüdəni), 5-6-ı çeşiddə yeməkləri, isti-soyuq suyu, şirələri, qalın kürkü (bunu ən azı adyal da eləmək olardı) və sairə və ilaxırla əhatə olunduğunu görəcəm. Amma...
   
   Yadımdan çıxmamış bir haşiyəyə çıxım. Bizim Qarabağnan bağlı problemimizi çözənlərdən biri də amerikalı həmsədr Metyu Brayzadı. O müəllim ayağını hava limanından yerə qoyub götürənə qədər qarşısında səcdə eləyirik. Bax, mən də buradan çıxış edərək Amerika ayısı barəsində o cür xəyalpərvər bir şəkildə düşünmüşdüm. Digər tərəfdən kinolarda gbrdüyüm Amerika ayısı da məndə müəyyən təəssüratlar yaratmışdı. Yenə deyirəm, kaş o zooparka getməyədim...
   
   Hə, düşündüklərimin əksinə olaraq Amerika ayısını elə bir vəziyyətdə gördüm ki, ürəyimin ağrımağı bir yana, heç ona güvənməyim də qalmadı. Əgər Amerika ayısı bizdə bu gündədirsə və yaxud biz onu bu günə salmışıqsa, onda inanmıram ki, Amerikanın ayıları bizim üçün nə isə bir iş görsün. Ayı ayıdır da, nə fərqi var, istəyir Amerika cəngəlliklərində olsun, istəyir bizdəki qəfəsdə...
   
   Namiq Qaraçuxurlu demişkən, bəlkə mən düz fikirləşmirəm. İradınızı qəbul etməyə hazıram, bir şərtlə ki, yəqin bilirsiniz də Buş müəllim Şərq ölkələrinə səfərə çıxıb. Birdən çaşdı-elədi bizim zooparka gəldi. Bax onda Amerika ayısını ona nə təhər təqdim edəcəyik. Məncə, bu barədə düşünməliyik. Nə qədər gec deyil Amerika ayısına münasibət dəyişməlidi, yoxsa...
   
   
   
   P.S. "Yoxsa"nı yazmağa ehtiyac duymuram, kim nə istəyir onu fikirləşsin.
   
   
   
   P.P.S. Bir faktı yadınıza salım. Deməli, 5-6 ilin söhbətidi. Amerikadan ata-oğul Bursaya Uludağa gəzməyə gəlir və təbiət bunların gəlişini o qədər də xoş qarşılamadığından qar-çovğunda yolu azırlar. Amerika hökuməti öz vətəndaşlarını xilas edib, tapmaq üçün xüsusi dəstə göndərir Bursaya. Doğrudur, onlar gəlib çıxana kimi yerli sakinlər amerikalı ata-oğulu artıq tapmışdılar... Amma nə dəxli var, Amerika vətəndaşının axtarışına gəlmişdi də!! İndi Buşdu da gəldi ayısının halını soruşmağa, onda nə deyəcəyik?

TƏQVİM / ARXİV