adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
21 Noyabr 2014 17:33
5184
ƏDƏBİYYAT
A- A+

Adili yuxuda görməsəydim...

Adil Qaçayoğlu yaddaşımda belə qalıb – təvazökar, qız qədər həyalı və ən əsası, ifrat səviyyədə məsuliyyətli. Ən köntöy, rəndəsiz yazını da o qədər ustalıq və peşəkarlıqla işləyir, cilalayırdı ki... Ondan ötrü qəzet səhifəsinə çıxacaq yazı müqəddəs idi, orda xaltura eləmək, xəyanət işlətmək olmazdı.

 

Onu Allah özü belə yaratmışdı, evdə-ailədə tərbiyəni bu cür almışdı – hər işi ləyaqətlə görməyi bacaran.

 

Elə bil xəmiri kədərdən yoğrulmuşdu. Dostluq elədiyimiz uzun illər ərzində bircə dəfə də ürəkdən-candan güldüyünü, qəhqəhə çəkdiyini görmədim. 93-də Ağdam işğal olunandan sonra isə beli qırıldı. Gücü yalnız həsrət dolu yazılar yazmağa, bununla da hamımızı kövrəltməyə çatırdı.

 

Adil çox nəsnədən yazırdı. Amma bütün yazılarında bir poeziya vardı – jurnalistikanın poeziyası. Futbolu çox sevirdi. 2002-ci ilin dünya çempionatını "Azadlıq” qəzetində o işıqlandırırdı. O qədər şirin, koloritli, ürəyəyatımlı yazırdı ki...

 

Əslində, Adilin qəribə yazı üslubu vardı. Xırda, yığcam cümlələrdən ibarət abzasları olurdu və bu abzasların hərəsi sənin qarşında ecazkar bir mənzərə açırdı. O çempionatda Türkiyə yığmasının uğurlu çıxışı da ona bir ayrı cür qol-qanad verirdi və bu sevinc yazılarına da hopurdu. Məndən olsa, o yazıların adını publisistikamızın şedevri qoyar və böyük məmnunluqla jurnalistika dərsliklərinə salıb tələbələrə tədris edərdim.

 

Onunla hər görüş gedib Kəbəni ziyarət eləmək qədər dəyərli məqam idi.

 

... 94-də Alim Qasımovla bir müsahibəm getmişdi. Nə qədər qəribə olsa da, yazı birmənalı qarşılanmadı. Məsələn, dəyərli Rafael Hüseynov zəng vurub kəskin irad bildirmişdi ki, Azərbaycan muğamının mənəvi pasportuna elə sual ("Yenə qumar oynayırsan?”) vermək qətiyyən doğru deyil. Həmin günlərin birində Adillə görüşdük və təklif elədi ki, gedək dəniz sahilində bir az gəzişək. İki saata yaxın gəzdik, çay içdik, dağı arana, aranı dağa daşıdıq. Söhbət o müsahibənin üstünə gələndə, qayıtdı ki, sən gərək yazı birmənalı qarşılansa, narahat olaydın. O cür yazıları minlərcə oxucu oxuyur və elə o qədər də fikir formalaşır. Sənin yerinə olsam, hər şeyi bir kənara qoyub, yalnız o seriyadan olan yazılar barədə düşünərəm.

 

Ruhu şad olsun, Adil jurnalistikanın cikini-bikini bilən adam idi və yersiz söz danışmazdı. Ondan sonra "Çay dəsgahı” rubrikamın qonaqları Rasim Balayev, Kamil Cəlilov, Paşa Qəlbinur, Akif İslamzadə, Flora Kərimova, Ramiz Rövşən, Seyran Səxavət... oldular.

 

Xaraktercə, təbiətən çox istiqanlıydı, dost-tanışa ürəyinin bütün qapılarını  açıq saxlayardı. Amma Hikməti – Hikmət Sabiroğlunu bir ayrı cür istəyərdi. İşini yaxşı bilən və onu namusla yerinə yetirən kiçik qardaşı kimi. Allah Hikmətə ömür versin, o da Adilin yolunu hər yerdə böyük qardaş kimi tutdu. Torpaqları – Şuşası və Ağdamı əlindən çıxmış o iki qardaşın yaralarının qanı axa-axa (məhz o anlarda şamaxılı olduğuma görə nə qədər utanırdım, İlahi – Z.Ə.) necə kədərlə danışdıqlarının dəfələrlə şahidi olmuşam və ayrılandan sonra göz yaşlarıma yiyəlik eləyə bilməmişəm.

 

Qardaşı Mətləblə tez-tez zəngləşirəm. İçimdəki Adilin diri olduğuna özümü inandırmaq üçün. Allahım, səsin tembri, intonasiya, için ağrısı nə qədər oxşar olarmış...

 

Hərdən yazılarımda onun abzas üslubundan yararlanmağa cəhdlər eləyirəm. Alınır, ya alınmır, bilmirəm. Qoy ruhu məni bağışlasın...

 

Hərdən "Ülfət” qəzetindəki günlərimizə qayıtmaq istəyirəm. Adilli, Elmanlı, Bəyalılı, Surxaylı, Elşənli günlərə. Və işdən sonra "üç məndə, beş də məndə” deyibən alman hesablı yığcam məclislər qurduğumuz anlara...

 

O, "Qarabağ”ı sevirdi, mən "Neftçi”ni. Bəzən çay içə-içə o qədər çılğın və emosional müzakirə başlayırdıq ki, kənardan baxanlar təəccüblənirdi. Vallah, yəqin ki, heç "Barselona”nın və "Real”ın fanatları da belə atışmazdı...

 

Dünyasını dəyişəndən sonra çapdan çıxan "Ağdam yuxuma girir...” kitabını arada vərəqləyirəm. Yurdundan-yuvasından nigaran gedən Adilə təsəlli üçün deməyə söz tapa bilmirəm. Tüstüm təpəmdən çıxır...

 

P.S. Bizdə belə yazılar adətən adamın doğum və ölüm tarixlərində yazılır. Mənsə dünən gecə Adili yuxuda görmüşdüm...