hacklink Adalet.az | MÜSƏLMANIN SONRAKI AĞLI... Adalet.az | MÜSƏLMANIN SONRAKI AĞLI... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

MÜSƏLMANIN SONRAKI AĞLI...

15381    |   2008-01-12 14:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bayrama iki gün qalmışdı. Səhər işə gedərkən, köhnə qonşuyla həyətdə rastlaşdıq. Əlində bazar çantası vardı. Deməzdim ki, yükü ağır idi. Hal-əhval tutub, bayramlaşdıq. Dedi:
   
   -Tezdən getmişdim bazara. Fikirləşirdim ki, sonra qiymətlər bir az da artacaq. Sən demə, bazara bayram neçə gün əvvəl gəlibmış. Görünür, bizdə 31-ndə iki bayram olacağından hər şeyin qiyməti iki dəfə bahalaşıb. Alan, ağına-bozuna baxmadan pul sayırdı, imkanı çatmayan da deyinə-deyinə bazarın içində girinc vəziyyətdə qalmışdı.
   
   - Canın sağ olsun qonşu, hamı necə, biz də elə. Çox dərinə getmə,-deyə ona toxtaxlıq vermək istədim.
   
    Bizi görüb ayaq saxlayan ikinci qonşunun elə bil dərdi təzələndi. O da söhbətə qoşuldu:
   
   - Dünən evimizin altındakı dükandan tort almaq istədim. Satıcı dedi ki, biz sifarişlə işləyirik. 31-nə kimi doluyuq. Sonra neçə yerə getdim, eyni cavabı aldım. Yaxşı ki, bazar sifarişlə işləmir, nəsə almaq mümkündür.
   
    İstədim söhbəti giley-güzar müstəvisindən çıxarıb qonşularla sağollaşam və yoluma davam edəm:
   
   - Səhər-səhər belə şeylərlə qanımızı qaraltmasaq yaxşıdı. İl təzələnir. Təki can sağlığı olsun. Qalan şeylər düzələcək.
   
    Qonşu mənə tərs-tərs baxıb dedi:
   
   - Canım necə sağ olsun? Altmış manat pensiya ilə? İnişil bağı satıb bir təhər dolanırdıq. İndi növbədə yeddi ilin "Jiquli"sidi. Bəs, sonra nəyə ümid bağlayaq?
   
   -Sonra, Allah kərimdi. Ümidi üzmək olmaz.
   
   - Mən ümidi yeməyib qonaq-qara üçün saxlamışam. Evə gələn olanda ortaya qoyuram. Ayıbdı axı, camaat yanında gileylənə bilmərəm. Necə olsa, bir vaxtlar adım-sanım vardı, sən ki, bilirsən.
   
   - Elə indi də həyətdə hamı hörmətini gözləyir. Sənə nə olub, maşallah.
   
   - Olan olub qardaş. İndiki ağlım əvvəllər olsaydı, vaxtında mən də başqa cur işləyərdim. Bu yaşımda gor qonşularımı görəndə dərdimdən zarımazdım, adam kimi yaşıyardım. Nahaq yerə demirlər ki, müsəlmanın sonrakı ağlı məndə olsaydı...
   
    Sağollaşa-sağollaşa yenə cəhd elədim havanı yumşaltmağa:
   
   -Yeni il gəlir, həmrəylik bayramımızdır. Bədbinləşməyək, qardaş.
   
    Sözüm ağzımda yarımçıq qaldı. Hər iki qonşu bir az da qızışıb ürəklərindəki narazılıq qazanının qapağını genış açdı.
   
   - Mən o həmrəyliyi bugün bazarda gördüm. Hamı həmrəylik göstərib vəzərini, kəvəri barmaq yoğunluğunda dəstələyib, od qiymətinə satırdı. Qonşu düz deyir, müsəlmanın sonrakı ağlı. Amma, onda da iş-işdən keçır... Sonrakı peçımançılığın faydası olmayan kimi, sonradan ağıllanmağın da mənası yoxdur. O da əlavə yük olur. Başlayırsan içini yeməyə kli, vaxtında niyə filan şeyi eləmədim.
   
   - Sən yolundan qalma, işə gecikərsən. Biz bekar adamıq. Bir az həyətdə dərdləşək ki, dilimizin acısını evə aparmayaq. Arvad-uşaq bu cür pay-puşdan lap bezib.
   
    Təzəcə onlardan aralanmışdım ki, arxamca tanış səs eşidib geriyə döndüm:
   
   - "Aləmi zövqü-səfadan bana bəhs etmə, saqın,
   
    Bildik artıq bu cahan mülki nə viranə imiş". Sən bilərsən, bunu kim deyib?
   
   - Bilmirəm, hər kimdisə, Allah onun atasına rəhmət eləsin,- deyib getdim.
   
   
   
   ***
   
   Binamızın qarşısında kiçik meydançada təzəlikcə bağ-bağat salıblar. Vaxtilə şəhərin ən böyük kitab mağazası burda yerləşərdı. Onu bir neçə hissəyə bölüb, özəlləşdirib, gözəlləşdirib, dükan-baca elədilər. Kitabdan başqa nə desən orda taparsan. Əslində kitab alan olsaydı, kitab evləri dağılmazdı. "Dünyada satandan əvvəlcə alan var". Neçə vaxtdır kitabsevərlər üçün bağ-bağat dediyim yerdə daşların üzərində səyyar bazar açıblar. Yanından ötən baxandan cox, baxan maraqlanandan cox, maraqlanan da alandan coxdu. Neçə dəfə fikir vermişəm: kitabları səhər gətirib səliqəylə düzürlər daşın üstünə, axsam yenə karton qutulara yığıb harasa aparırlar. Yağış onları islatmasın deyə, üzərinə salafan ötrük salırlar. Vaxtım olanda yolumu ordan salıb köhnə nəşrlərə baxmaqdan ləzzət alıram. Xoşuma gələn kitab gözümə dəyəndə heç tərəddüd etmədən alıram.
   
   - Sizi nə maraqlandırır, yardımçı ola biələrəm,- deyə biri mənə müraciət etdi. Kitab aləmində könüllü olaraq bələdcilik etməyi təklif edən bu kişini üzdən tanıyırdım. Ona memuarlarla maraqlandığımı söylədim.
   
   -Sizə nadir nüsxələr təklif edə bilərəm,- dedi. Buyurun baxın. Özü də bu kitablar cox yaxşı vəziyyətdə qalıb. Elə bil indicə çapdan çıxıb.
   
    Kitablara diqqətlə baxdım. Qırx ilin nəşri olsa da, bəlkə bir-iki dəfə səhifələnmişdi. Satıcı dedi:
   
   -Bu kitabların sahibini tanıyırdım. Sakit adam idi. Gördüyünüz hündür binada yaşayırdı. Vaxtilə vəzifə adamı olmuşdu. Səhərlər dalınca qara "Volqa" gələrdi. Keçən il rəhmətə getdi. İli hələ çıxmayıb. Oğlu atasının kitablarını yavaş-yavaş bizə satdırır. Deyir, vaxtında atamın ağlı olsaydı, bu kitabların yerinə daş-qaş alardı. İndi biz də adam kimi yaşayardıq. Yoxsa, bir vaqon kitab qoyub getdi. Heç xeyri də yoxdu. Tozunu silmək bizə qalır. Yaxşı deyiblər ki, müsəlmanın sonrakı ağlı...
   
    Bu sözləri eşidəndə fikrim yaman qarışdı. Rəhmətlik kitab sahibinin aqibətinə acıdım. Mən yaxşı bilirəm ki, bir vaxtlar bu kitabları pulla da almaq olmurdu. Xahiş-minnətlə tapanda hər kəs sevinərdi. Kişı evində zəngin kitabxana yarada bilib, amma övladına kitabı sevdirməyi bacarmayıb. Doğma oğlu da onu bəyənmir, gedənin dalınca danışır ki, vaxtında ağlı olsaydı, pulu kitaba xərcləməzdi... Qiymətini soruşdum.
   
   - Biri üç manat,- dedi,- ikisi oğlanın, bir manat də mənim, halal edin.
   
   Mən "ağılsızlıq" edib iki kitab aldım. Pulun qalığını qaytarmaq üçün ciblərində eşələnən satıcı öz-özünə danışırmış kimi, "vaxtında mənim də ağlım olsaydı," deyəndə, özümü saxlaya bilmədim. Vay-vay, bu adam da şıkatyətlənməyə başladı:
   
   - Vaxtında ağlın olsaydı, sən nə edərdin?- deyə soruşdum.
   
   - Malakan bağının yanında birinci mərtəbədə iki otaqlı mənzilim vardı. Yalan deyə bilmərəm, yaxşı şəraiti yox idi. Yerdən nəm çəkərdi. Su başına həyətə çıxardıq. Növbəm çatdı iş yerimdən havayı üç otaqlı mənzil verdilər Əhmədlidə. Sevincək köçdük təzə evə. 7-ci mərtəbədən dəniz də görünürdü. Bundan sonra adam kimi yaşayarıq, dedik. Amma, az keçmədi, zavod bağlandı. Qaldım işsiz. Arvad da evdə, xəstəliyinə görə pensiya alır. Bizim köhnə daxmanı JEK müdiri saxlamışdı süpürgəçılərinə. zəlləşmə başlayanda oranı mənimsədi. Sonra küçəyə qapı açıb elədi mağaza. İnd iki minə kirayə verir, akademikdən yaxşı dolanır. Mənsə, Əhmədlidən bura gəlib kitab satıram ki, axşam evə beş-on manat apara bilim. Bütün günü ayaq üstəyik. Soyuq adamı kəsir. Dənizin nəmişliyindən hər yanım revmatizmadır. Qazandığım dərmana gedir. Küçədə dayanmağımıza baxma, buranın da xırda-mırda xərcləri var. Yerpulu almasalar bir gün də qoymazlar alış-veriş edək. Amma neyləyim, əlimdən başqa iş gəlmir. Ona görə deyirəm ki, vaxtında ağlım olsaydı, köhnə evimi əldən verməzdim. İndi mən də şəhərin mərkəzində mağaza sahibi idim.
   
   Piyada yoluma davam edərkən, özlüyümdə düşündüm ki,qəribə adamlarıq. Böyüklü-kiçikli hər məqamda keçmışı baltalamaqdan həzz alırıq. Elədiyimizə, dediyimizə, kiməsə nəsə verdiyimizə sonradan peşıman oluruq. Bir-birimizə "yüz ölçüb, bir biçməyi" məsləhət görürük. Amma, demirik ki, yüz ölçməyin vaxtı coxdan keçıb. Gərək indiyədək düz biçməyi öyrənəydik. Əyri biçilən parçadan düzəməlli libas cıxmadığını kim bilmir ki? Bunu dərk etmək üçün üləmamı olmaq lazım? Yeri gəldi-gəlmədi, tez-tez dilimizdə bu ifadə səslənir: "müsəlmanın sonrakı ağlı məndə olsaydı"... Bəlkə, bizi bilərəkdən elə proqramlaşdırırlar ki, guya nə etsək yanlışdır. Guya, bizlərə ağıl sonradan gəlir. Bizi özümüzdən, sözümüzdən, əməllərimizdən bədguman olmağa alışdırırlar. Sonrakı ağlımızı dildə öyməklə hazırda gerizəkalı olduğumuza gizli işarə vurulduğundan niyə duyuq düşmürük? Müsəlmanın sonrakı ağlına həsəd aparmağın özü, bəlkə məkrli düşmən hiyləsidir, bizim üçün düşüncə tələsidir. Şüuraltı işləyən mesajın gerçək mahiyyətini niyə anlamırıq? Mühüm bir qərar verərkən, yaxud önəmli addım atarkən müsəlmanın ağlı niyə öz yerində olmasın, niyə sonradan onun ağlı başına gəlsin? Başda ağıl varsa, onu dincə qoymazlar. Ağıl varsa, hər yerdə, hər zaman özünü büruzə verəcək. Vaxtsız-vədəsiz olan hər şey pisdir. Vaxtsız banlayan xoruzun da başı tez kəsilir. Əgər məqamında dadımıza yetən ağlımız yoxsa, müsəlmanın sonrakı ağlına ümid bəsləməyə dəyməz. Müsəlmanın sonrakı ağlı sonrakı peşimançılıq kimi bir şeydir. Sonrakı peşımançılıq da kimsəyə fayda verməz. Nicat elə öz ağlımızdadır!


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK