adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

KiNO LAYiHƏSi

19185 | 2008-01-12 00:18

   
   Bu qarlı-şaxtalı günlərlə başladığımız təzə il üçün astroloji proqnozlardan biri də odur ki, Azərbaycanda kino inkişaf edəcək. Yəni illərlə sandıqda qalan kinolayihələr gerçəkləşəcək, kinolentə çəkilişlərin sayı artacaq. Əslində burda proqnoza ehtiyac yoxdur. Artıq indiki çəkilişlərin sayını nəzərə alsaq, görərik ki, bu, Sovet dövründə bir ilin payına düşən çəkilişlərin (söhbət bədii filmdən gedir) sayını arxada qoyur. Lakin yenə də azdır, Çox azdır. Çünki Sovet başqa, yaşadığımız dövr başqa! Heç o vaxtı ağlımıza gələrdi ki, bizim respublikada yeddi televiziya kanalı olacaq? Heç o vaxt ağlımıza gələrdi ki, respublikamızda kinorejissor, kinooperator, kinossenarist, kinoaktyor, kinoşünas yetişdirən ali məktəb ola bilər? Bugünki tələbatlar dünənkindən çox-çox fərqlidir. Hər şeydə bolluq tələb olunur, və bolluq olandan sonra seçim yalnız mənim özümə qalır. Yəni seçən, qiymət verən, reytinq yaradan (belə deyilir!) tələbatçı olur. Əslində tələbatçıya heç zəhmət çəkib seçmək üçün ağıl işlətmək də lazım gəlmir. Bolluq, daha doğrusu çoxluq olan yerdə keyfiyyət keçir arxa plana. Seyr edib, düşünüb qiymət vermək əvəzinə başlayırıq gözümüzü oxşayan rəngi axtarmağa. Məsələn, mən yaşıl rəngi çox sevirəm və hansı televiziya kanalında yaşıl rəngin çoxluq təşkil etdiyi film, yaxud yaşıl rəngli tərtibatdan, virtual studiyadan ibarət proqram gedirsə, ona baxıram, yəni ona reytinq yaradıram (belə deyilir!). Yeri gəlmişkən belə bir eksperimenti psixoloqlar ruhi xəstəxanada aparıblar. Sonra normal həyatda eksperimenti davam etdiriblər və görüblər ki, fərq bir o qədər də böyük deyil. Əlbəttə yaşıl rəngi şərti olaraq misal üçün çəkdim. Rəng, mavi də, narıncı da, qırmızı da... Yox, qırmızı yox, qırmızıdan savayı hansı rəng istəyirsən olar. Rəng olmasın, olsun qəşəng sifətlər, oğlanlar, qızlarg
   
   Bir dəfə hindistanlı kino işçisinə sual verdim ki, belə möhtəşəm kinoistehsalı onların ölkəsində nəyin və kimlərin hesabına başa gəlir. O, nəyin hesabına başa gəldiyinə toxunmayıb, kimin hesabına başa gəldiyi haqda olduqca maraqlı məlumat verdi. Onun dediyinə görə ölkədə nəhəng korrupsionerlər, yaxud mafiozilər prodüserlərə sifariş verirlər ki, elə film çəksinlər ki, orda yeni kinoulduz olacaq qəşəng qız meydana çıxsın və həmin kinofilmin süjetinə və kinofilmin təsirinə minnətdar olaraq o, yəni korrupsioner, yaxud mafiozi aktrisaya vurulsun. Yeni filmə minnətdar olaraq müəyyən müddət eşq macərası üçün ona imkan yaransın. Eşq sifarişçisinə də minnətdar olaraq kinoistehsalı inkişaf edir, sayı artır. Sonradan kinoulduz öz fərasətindən asılı olacaq, özünü əlçatmaz zirvəyə qaldıra biləcək, ya yox, o zirvədə özünü saxlaya biləcək, ya yox.
   
   Bax, əsil təlabatçı belə olur, reytinq yaradan (deyildiyənə görə) çoxluq əslində təlabatçı deyil, sadəcə çoxluqdur, passiv çoxluq. Bu çoxduğun elə passiv olmağı məsləhətdir, çünki aktivləşsə dünya qopar. Ağzında "çoxluq" deyirsən. Kinonu inkişafı tamam başqa amillərdən asılıdır.
   
   Qaydıaq özümüz haqda proqnoza. Əgər söhbət sənət əsərindən gedirsə, yəni bu gün populyar kino ədəbiyyatında "art-haus" adlanan filmlərə bizdə geniş mənada nə sifariş ola bilər, nə də tələbat. Belə filmlər yalnız hardansa əldə edilən kiçik, müəyyən vəsait hesabına çəkilə bilər və onların da ünvanı əsasən dünyanın müxtəlif ölkələrində keçirilən kinofestivallar olacaq. Əlbəttə ki, ordan mükafatlar gələcək, filmin rejissorundan müsahibələr götürələcək, təbrik ediləcək, adı müəyyən müddət mətbuat səhifələrində hallanacaq. Belə filmlərin çəkilməsi üçün müəyyən qədər dövlət vəsait ayrıa bilər. Eyni zamanda bu filmlərin kiçik ölkələrdə meydana gəlməsi üçün müxtəlif beynəlxalq proqramlar da mövcuddur. "Art-haus"un (ingiliscə "sənət evi" deməkdir ) bizim üçün ən böyük nəticəsi o ola bilər ki, kinorejissor, kinomüəllif, Sokurov kimi, Məhməlbaf kimi surətlər yaranıb bütləşə bilər. Sokurov da, Məhməlbaf da yaşadıqları mühitin kinosurətini yox, yalnız öz surətlərini yaradıblar. Əlbəttə bunu ən yaxşı nəticə kimi anlamaq lazımdır. Təəssüflər olsun ki, kinorejissor dostlarımı ruhdan salmaq istəməsəm də, hələ ki belə bir nəticənin simptomları Azərbaycanda özünü göstərmir. Birdən-birə baş verən möcüzəni mən kino tarixində tanımıram və bilmirəm. Hər bütün yaranması üçün illər uzunu zəmin yaranmalıdır. Yaxud da bizlərdən kimsə özünün fövqəl-istedadına, fövqəl-bacarığına və ən vacibi fövqəl-bəxtinə minnətdar olaraq dünyanın kino mərkəzlərində yaşayıb yaradıb ad çıxara bilər. Bunun bizim söhbətə heç bir aidiyyatı yoxdur.
   
   "Art-haus"un Azərbaycanda geniş mənada nə sifarişçisi, nə də təlabatçısı var. Bizim tərəfdən belə skeptik münasibət də burda ilk baxışda göründüyü kimi yersiz deyil.
   
   Bundan daha maraqlı geniş, kütləvi şəkildə kinoprosesin işə düşməsi ola bilərdi. Yalnız bunun daxilində maraqlı, kulturoloji əhəmiyyəti olan kinosurətlər, kinobütlər, kinoqəhrəmanlar yarana bilər. Belə bir prosesin işə düşməsi üçün sifarişçi və təlabatçı olmalıdır. Söhbət nə yuxarıda ənənəvi Azərbaycan publisistikasına uyğun olaraq kinayəli şəkildə misal gətirdiyim nə "yaşıl rəng"dən gedir, nə də "eşq mələyi" sifarişindən. Söhbət yerli bazarda işləyəcək filmlərdən gedir. Bununla belə, söhbət həm "yaşıl rəng"dən, həm də "eşq mələyi" sifarişindən gedir.

TƏQVİM / ARXİV