DÜNYA, VƏTƏN, TORPAQ HAQQINDA ŞEİRLƏR

VAQİF YUSİFLİ
114522 | 2014-11-21 01:55
Mən hələ bir dəfə eşitmədim ki,
Desinlər bir nəfər öyür dünyanı.
Bilmirəm dünyanın nədi günahı,
Yerindən hər duran söyür dünyanı?

Kimin yarası var - dünya günahkar,
Kimin meydanı dar - dünya günahkar,
Dünyanın yarısın zəbt edən də var:
- Lənətə qoy gəlsin-deyir-dünyanı.

Bu sətirlərin müəllifi Sahib Əliyevdir. Şeiri də dünya haqqındadır, şeiri də sadədir, özü də. Adi bir nəşriyyatçı, jurnalist ömrü yaşayır. Mən onu keçən əsrin altmışıncı illərindən tanıyıram. Qonşu-uca dağlar qoynunda yerləşən Yardımlı rayonunda qəzet redaktoru idi. Yardımlıda qəzeti çıxarmağa çap sexi olmadığına görə Masallıya gələrdi. Sonralar onu Bakıda gördüm. İndi yeni kitabı qarşımdadır.
Sahib Əliyevin seçilmiş əsərlərinin I cildində bir xeyli şeir və iki poema ilə qarşılaşdım, təbii ki, onların hamısından söz açmaq olar. Çünki 30 ildən bədii yaradıcılıqla məşğul olan, şeirləri tez-tez "Kredo" və digər mətbuat orqanlarında dərc edilən, kitabları da nəşr sarıdan əziyyət çəkməyən bu şairin şeirləri adama başağrısı vermir. Oxuyursan: mətləb aydın, fikir sadə, həm də o fikrin ifadəsi də dürüst. Yuxarıda misal gətirdiyim şeir parçası kimi.
Sahibin bu kitabında Dünya, Vətən və Torpaq haqqında şeirlərindən söz açmaq istəyirəm.
Bu üç mövzu bizim poeziyada həmişə işlənib. Dünya bizim yaşadığımız, nəfəs aldığımız böyük bir aləmdir, nə əvvəli var, nə axırı. Gəldiyimiz yer, getdiyimiz yerdi dünya. Ağrılarımızın, sevinclərimizin vətənidi dünya. Şikayətlənirik-üzümüzü ona tuturuq. Bəzən həddimizi aşıb onu "vəfasız" kəlməsini ünvanlayırıq. Amma dünya dinmir, sakitcə dövr edir. Biz gəlirik, gedirik, o isə yerindədir. Üstündə amansız müharibələr gedir, qırğınlar törənir, atomlar onu yaralayır, dünya isə bütün bu vəhşətləri sakitcə seyr edir. Bizə elə gəlir ki, başımıza gələn müsibətlərin, bəla və qovğaların səbəbkarı da odur. Üzümüzə gülür, amma axırda ağladır bizi. Fikirləşirik, axı, nədi bu dünya?

Nədir görən bu dünya,
Nədən ibarətdi o?
Yer adlı, Göy ünvanlı
Əsl həqiqətdi o.
Arandı, dağdı dünya,
Günəşdi, Aydı dünya.
Hava, külək, yağışdı,
Dənizdi, çaydı dünya.

Bir az həlim, mülayim,
Bir az da ki, mələkdi.
Üzü arxaya döndü,
Görərsən ki, kələkdi.
Onunla çox oynama,
Oddu, alovdu dünya.
Boğazını uzaq tut, -
İti tilovdu dünya.

Caynağından Qartaldı,
Lələyindən Qu-dünyag
Amma yaman şirindi
Damaqlarda bu dünya.

Sahib Əliyevin dünyaya həsr etdiyi şeirlərində də dünyaya öz mənəvi dünyasının pəncərəsindən baxış duyulur. Bir şeirində görürsən ki, deyir: "Bir cənnətdi başdan-başa,- Dünya gözəl bir tamaşa!", bir başqa şeirində isə bir gün həyatdan köçəcəyinə görə doyunca yaşamadığı dünyada gözü qaldığını deyir. Bir şeirində özünü bu dünyanın xoşbəxti sanır: "ötür ilim, ötür ayım, hələ varam bu dünyada" - deyir, başqa bir şeirində isə "Nə gözəl olardı gör onda dünya" deyibən yurdun dərdlərindən söz açır. "Qarabağ, yurdumun dilbər guşəsi, Dilbər də zindana salınarmı heç?"
Böyük Nəsimi deyirdi ki: "Dünya duracaq yer deyil, ey can, səfər elə". Səməd Vurğunsa yazırdı: "Sirrini verməyir sirdaşa dünya". Məmməd Araz söyləyirdi: "Dünya mənim, dünya sənin, dünya heç kimin". Ümumiyyətlə, poeziyada dünya haqqında təsəvvürlər rəngarəngdir və hər şair Dünyaya öz şeir dünyasından bir pay verir. O cümlədən, Sahib Əliyev də. Onun bu misraları kaş həqiqətə çevriləydi:

Dünyaya badalaq atır xəbislər,
Dünyanı hörmətdən salır bu pislərg
Deyirəm, bu pislər olmayaydı kaş,
Şeytanlar, iblislər olmayaydı kaş!
Gəzərdi ən yaxşı bir donda dünya,
Nə gözəl olardı gör onda dünya!

Sahib Əliyevin Vətənə həsr etdiyi şeirlərində bir konkretlik, məkan-zaman dəqiqliyi var. Hələ ötən əsrdə yazdığı bir şeirində deyirdi ki: "Azərbaycan-bir cümlədi, bu cümləni neçə dildə oxuyublar. Vergülünü qoyubdular Xan Arazın yarasında. Nöqtəsini axtarırıq hələ onun o tay-bu tay arasında". Sahibin Vətən haqqında şeirlərində heç bir umu-küsü yoxdu. O, bu Vətəndə doğulduğu üçün özünü xoşbəxt sayır: "Mən bülbüləm, sən də gülüm, Öz gülümə vurulmuşam" kimi ənənəvi bir deyimi qələminə gətirir. Vətənin hər bir kəndi, rayonu, şəhəri, çayı, dənizi, dağı, dərəsi, meşəsi ona əzizdir. Amma doğulduğu, dünyaya göz açdığı Yardımlıdan başlanır Vətən onun üçün: "Gör necə torpaqdı, gör necə yerdi, - Burda bulaq nəğmə, çay da şeirdi". Kəndi isə çox şirin bir lisanda mədh edir: "Al yanaqda axşamçağı, Sanarsan ki, xaldı bu kənd... Günəş verdi üzüyünü, Barmağına saldı bu kənd... Kim nə deyir, desin ona, Mənim üçün baldı bu kənd". Dağlar da Vətəndi, əgər biz ona, əgər biz ona adi dağ kimi baxmırıqsa:

Çeşmə bulaqların buzdan sərindi,
Şəlalə-çiynində hörüklərindi,
Qayalar nizəli əsgərlərindi, -
Hürküdər ən böyük qoşunu, dağlar!

Hiss olunur ki, Sahib Əliyev təbiətə, onun gözəlliklərinə heyrandır və bu heyranlıq onun şeirlərində də öz əksini tapır. Yaxşı cəhət budur ki, o, təbiətin hər bir atributuna özünəməxsus bir şəkildə yanaşa bilir, deyilənləri, yazılanları təkrar etmir. Bulaq görür və yazır ki: "Bir uca palıdın dibində görən, Kim sənin yerini seçibdi, bulaq? Bu palıd de, sənin arxalığınmı? Kim bunu boyuna biçibdi, bulaq?" - maraqlı, orijinal bənzətmədir. Duman görür və yazır ki: "Tökmüsən saçını yal-yamaclara, Məcnunsan, Leylini gəzirsən, duman?" - bu da gözəl metaforadır. Sahib Əliyevin təbiətlə bağlı belə bədii kəşfləri az deyil. O, təbiətdə insanı, insanda da təbiəti axtarır və bunların vəhdətini, harmoniyasını şeirə gətirir. Onun "Çiçəyə yazılmış şeir", "Qızılgülə" şeirləri elə bil şair əlindən yox, yaxşı bir bağbanın əlindən çıxıb.
Torpaq da Vətəndir və Sahibin şeirlərində torpağın dərdləri sıralanır. "Kəlbəcər dablarına" şeirində "Nəbi gəzən yerdə yağı yer salıb, Hanı bəs qeyrəti, arı dağların?" Amma deyirik ki, dağların nə günahı? Onu biz qoruya bilmədik. "Xocalı faciəsi" şeirində "Qəm kəhərdir, yəhərdə Xocalı faciəsi" inanırıq ki, o qəm uzun sürməyəcək. Şuşa yanğısıyla qovruluruq. O torpaqda uyuyan məzarlar yuxumuza girir. Sahib Əliyev Şuşa torpağını - o gözəlliklər məskənini bizə unutdurmamağa çalışır:

Hardan aldıq biz bu boyda səbiri?
Yanır axı Natəvanın qəbiri.
Yan ki, sənin alovunda yanaq biz,
Bəlkə onda qeyrət nədir, qanaq biz.
Sənsiz ömrü hansı ömür sanaq biz,
Ürək - Şuşa, bədən - Şuşa, can - Şuşag

Mən çox ötdüm, qəhərlənmə, şəhərim,
Xətainin altındadır kəhərim.
Gecə keçir, yaxınlaşır səhərim,
Söküləcək göylərində dan, Şuşa!
Şərəf Şuşa, şöhrət Şuşa, şan Şuşa!

Sahib Əliyevin Dünya, Vətən, Torpaq haqqında yazdığı şeirlərindən söz açdıq və onun Dünya, Vətən, Torpaq sevgilərini duyduq. Ona şeiriyyət aləmində uğurlar arzulayırıq...

TƏQVİM / ARXİV