adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

"ELÇİN İSGƏNDƏRZADƏ: "OLDUĞU VƏ GÖRÜNDÜYÜ KİMİ"

ƏBÜLFƏT MƏDƏTOĞLU
20822 | 2014-11-21 01:51
Bəri başdan deyim ki, daha çox elmi məqalənin adını xatırladan bu başlıq bu günümüzün qəhrəmanı, yəni Azərbaycanın ən gənc və istedadlı alimlərindən, şairlərindən, naşirlərindən və nəhayət, şəxsiyyətlərindən biri olan Elçin İsgəndərzadə barəsində bir növü təqdimatdı. Hətta türk qardaşlarımızın söylədiyi kimi ifadə etsəm, bu ədəbi ictimaiyyətə Elçini yenidən, müəllifin də dediyi kimi, necə var elə, yəni olduğu kimi tanıtmaqdı.
Bəli, mən artıq bir neçə aydı ki, ölkə və qardaş Türkiyə mediasını gücüm, imkanım çatan qədər izləyirəm, saytlara göz yetirirəm. Demək olar ki, medianın çox böyük hissəsi bu gənc istedada, 50 yaşını qeyd etdiyimiz Elçin İsgəndərzadəyə böyük səxavətlə yer ayırıb. Həmin ayrılmış yerdə isə sadəcə söz yığını, fotoşəkillər deyil, insanın içinə nüfuz edən, insanın ürəyini oxşayan və nəhayət, Elçinin yenidən bizə sevdirən bir-birindən maraqlı, bir-birindən dəyərli publisist elmi yazılar, həmçinin anları özündə donduran, zamanı tarixləşdirən fotoşəkillər öz halal meydanına sahib olubdu. Mən qürur hissi ilə izlədiyim bu yazıları, seyr etdiyim bu şəkilləri öz-özümə həm də saf-çürük edirəm. Elçinin bir oxucusu kimi, onun bir həmvətəni kimi həmin o auranın içərisində mən də bir xoşbəxt zaman payı yaşayıram. Çünki bunların böyük əksəriyyəti mənim gözlərim qarşısında baş verib və yaxud da onlar baş verməmişdən öncə Elçin müəllim mənimlə ya telefon vasitəsilə, ya da üzbəüz görüşlərdə ürəkaçıqlığı ilə, həm də qürrələnərək yox, sadəcə haqqını tanıdaraq mənə bilgilər verib. Necə deyərlər, bax onda Elçinin yerinə mən qürrələnib, bütün varlığımla bağrıma basıb təbrik etmişəm. Çünki Elçin İsgəndərzadə mənə, mənim ürəyimə öz dünyasını, yəni bir çimdik Şuşa- Qarabağ torpağı olmasını hopdura bilib. Mən də bu bir çimdik Qarabağ topağını tütyə sayıram. Ən böyük arzularımdan biri də bu torpağın çiçəklərinin cümlə Qarabağ çiçəklərinə qovuşduğu anı görəmək və onun bədnəzərdən qorunmasıdı...g
Dəyərli oxucular, bir az məni üzrlü sayın. Necə deyərlər, hisslər güc gəldi, həmkarım, şair dostumuz Mübariz Məsimoğlunun elə bugünlərdə "Vektor" nəşrlər evi tərəfindən çap olunmuş kitabı barəsində təəssüratımı bölüşməyi unutdum. Üz qabığında Elçin İsgəndərzadənin məhz çiçəklər fonunda verilmiş fotosuyla oxucu görüşünə gəlmiş bu kitab kifayət qədər çəkiyə, sanbala sahibdi. Bunu o mənada deyirəm ki, oxucu kitabı əlinə alanda 50 illik bir həyat yolunun ən önəmli məqamları ilə baş-başa qalacağına tam əmin ola bilsin. Necə ki, mən bu kitabın son vərəqini qatlayanda həmin o əminlik hissi ürəyimə hakim kəsilmişdi.
Mübariz Məsimoğlu redaktor və ön sözünün müəllifi AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, millət vəkili, professor Nizami Cəfərovun bir növü xeyir-duası ilə yubilyar barəsində apardığı araşdırmaları bir kitaba çevirə bilib. Həmin kitabda ayrı-ayrı başlıqlar altında Elçin İsgəndərzadə həyatının məhz ayrı-ayrı anları, uğurları sərgilənib. Maraqlı publisist qələmi ilə yazılmış bu kitabda necə deyərlər, hər şey yerli-yerindədi. Burada mənə görə çatmayan bir qüsur varsa, o da kitabın tirajının az olmasıdı. O ki, qaldı kitabın əhəmiyyətinə, dəyərinə, bunu hər bir oxucu ayrı-ayrılıqda yəqin ki, müəyyənləşdirəcəkdi. Mən isə öz növbəmdə Mübariz Məsimoğlunu bu yeni kitabı münasibəti ilə təbrik edirəm. Və lap sonda...g
Mən yazımın içərisində 50 yaşlı qəhrəmanımızı təsadüfdən gənc adlandırmadım. O, böyük Üzeyir bəyin dediyi kimi, bütün ruhuyla, qəlbiylə, həyat tərziylə, insanlara münasibətiylə həqiqətən 20-25 yaşında bir cavandı. Və burada məsələyə yaşın ümumiyyətlə dəxli yoxdu. Çünki söhbət Elçin İsgəndərzadədən gedir.

TƏQVİM / ARXİV