adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Milli və canlı sənət

3707 | 2014-11-21 01:50
(əvvəli ötən sayımızda)

Saranın faciəvi fonda verilən ölümü Elxanın ölümünə bənzəyir. Elxan bütün ömrü boyu axtardığı, tapdıqda isə qəmə, kədərə qərq olduğu qardaşı Aqşinin əli ilə ölümə məhkum edilir. Sara da Elxanın həyatını bir başqa formada yaşamalı olur. Sevgilisi, əmisi oğlu Bəhramın dönüklüyü, laqeydliyi, naxələfliyi onu məhv edir.
Saranın ölümü Firəngizin ölümünə qismən bənzəsə də, bu ölümlər arasında kəskin fərqlər də vardır. Firəngiz onu sevmədiyini bildirdikdə Oqtaya ağır, sarsıdıcı mənəvi zərbə endirmişdir. Sara isə heç bir hərəkəti ilə Bəhramı incitməmiş, onun xətrinə dəyən söz deməmişdir. Oqtaya müəyyən mənada haqq qazandırıla bilər. Bəhramın isə belə bir haqqı qazanması heç cür mümkün deyildir. Deməli, Saranın ölümü Firəngizin ölümündən daha artıq faciəvidir. Sevərək və eyni zamanda sevilərək sevdiyin insanın əlində məhv olmaq, bəlkə də böyük bir səadətdir. Lakin sevmək, sənin sevginə əvvəlcə qarşılıqlı məhəbbətlə cavab verən insan tərəfindən sonradan pula, var-dövlətə uyaraq unudulmaq dəhşətdir.
C.Cabbarlının dramları içərisində ən az obraza malik olan əsər "Solğun çiçəklər"dir. Bu əsərdə cəmi beş obraz iştirak edir? Bəhram, Sara, Gülnisə, Pəri, Əbdül. Burada dramaturq Sara və Əbdül kimi müsbət obrazlara qarşı Gülnisə və Pərini qoymuşdur. Bəhram isə dəyişkən, ziddiyyətli xarakterə malik mənfi və müsbət arasında qalan, hansı tərəfə çəkilsə, o yana əyilən, qeyri-stabil xarakterə malik olan bir surətdir.
Əsərin gedişatında sərsəmə çevrilən bu şəxs daha böyük fəlakətlər törədir. Ağır xəstəliyə düçar olan Saranın ölümünün əsas baiskarı Bəhramdır. Bivəfa insanlar üzündən özünə ölüm diləyən Saranın həyatının son anında yazdığı vəsiyyətnamədə Bəhrama pul ayırması əsəri daha da maraqlı edir. Saranın pulu dörd hissəyə ayrılır: Əbdül kimi insanlara, insanlığı sevən, zəif insanların hüquqlarını müdafiə edən vəkil Kərim bəyə, digər hissəsi məhəbbəti pula görə matəmə dönəcək qızlara, bir hissəsi də pula görə eşqini, məhəbbətini satan Bəhrama. Dramaturq Əbdülün dili ilə: "Görün Bəhramı nə qədər istəyirdi ki, qatili ola-ola ona rəhm eləyir"?söyləməklə Saranın qəlbininin nəcibliyini açıb göstərir.
Sonda Bəhramın Pərini öz əli ilə boğub öldürməsi pisliyin, riyakarlığın, zülmün əbədi yaşamaq hüququnun olmamasına işarədir. Bəhram kimi dəyişkən fikirli insanların sonu isə sərsəmlikdir. Əsərin məntiqi yekunu ibrətamiz və tərbiyəvidir.
"Solğun çiçəklər" əsərində Saranın çiçəkləri, fikrimizcə, əsərdə altıncı obraz kimi çıxış edir. Onlar Pəri və Bəhram kimilərdən daha çox vəfalıdır, etibarlıdır. Saranın çiçəkləri canlıdır, təravətlidir. Onlar Saranı sevir, onunla həmsöhbət olur, nazını çəkir, sonda isə ölümünə yas saxlayırlar. Sara ən çətin günlərində məhz bu çiçəklərdən güc alır, onlara sığınır. Onlar da Sara kimi zərif, gözəl və gücsüzdürlər. Bu çiçəklər sədaqətli və sevimlidirlər. Onları həyata yalnız Saranın məhəbbəti bağlayır. Altıncı obraz kimi əsər boyu Saranın həmdəminə çevrilən bu çiçəklər Saradan sonra ölümə məhkumdurlar. Onlar Bəhramdan fərqli olaraq Saranı yaxşı və pis günlərində tərk etmirlər. Əbdüllə birləşib Saranın xəstə günlərində ona keşik çəkirlər, Saranın sayıqlamasını dinləyirlər. Onun həsrətindən də saralıb-solurlar. Onların zəif çiyinləri dost itkisinə tab gətirə bilməz. Belə bir sonluq əsərin təsir gücünü daha da artırır.
Saranın çətin günlərində həmdəmi çiçəklərdisə, Aydının yeganə təsəllisi, "həmsöhbəti" şərabdır. C.Cabbarlı "Aydın" əsərində baş qəhrəmanın şəraba meyl etməsini göstərməklə obrazın düşdüyü çətinliklərin, problemlərin ağırlığına, sivil qaydada həllinin mümkünsüzlüyünə diqqəti çəkmişdir. Əgər Sara dərd qarşısında özünü təmiz, saf çiçəklərlə ovundurursa, Aydın şərabla dərdlərini unutmağa cəhd göstərir. Sara zərif qadın obrazı olduğu üçün onun həmdərdi də özü kimi zərif çiçəklərdir.
Aydın şəraba meyl saldıqca problemlərini artırır, sağlamlığını və nüfuzunu itirir. Şərabın təsiri altında Aydının dedikləri acı həqiqətlər olsa da, sərxoş bir insanın fikirləri olaraq təsirsiz qalır və ona əhəmiyyət verilmir. O, şərabı dərdlərin ağırlığına dözməyin və ürəyini boşaltmağın yeganə vasitəsi kimi qəbul edir. Bu baxımdan Aydınla Cəlil Məmmədquluzadənin Kefli İskəndər ("Ölülər") obrazı arasında paralellər də aparmaq olar. Hər iki obraz şərabı kef, əyləncə məqsədi ilə yox, ictimai bəlaların çarəsini aramaq niyyətilə qəbul edir. Hər iki qəhrəman şərab içdikdən sonra cəmiyyətin yuxarı, imkanlı təbəqələrinə qarşı daha açıq, sərt fikirlər söyləyə, onları mənfur əməllərinə görə daha kəskin ifşa edə bilirlər.
Cəfər Cabbarlı Aydın kimi qəhrəmanına təsadüfi olaraq şərab içirtmir. İstər sufi, istərsə də digər düşünən beyinlər, bir çox filosoflar hər zaman şərab, mey içmişlər. Onun təsirilə həyat əzablarından və məşəqqətlərindən uzaq olmağa çalışmışlar. Fikrimizcə, dramaturq filosof Aydını da bu yolla aparır. Cəmiyyətin darıxdırıcı və məstedici bürküsündən ayılmaq və ayrılmaq üçün sərxoş olmaq?budur sənətkarın göstərmək istədiyi dumanlı mənzərə. Süjetdə şərabın obraza çevrilməsi dramaturqun rəmzi obrazlarla canlı insanı müqayisə etdiyinin göstəricisidir. İnsan övladının edə bilmədiyini rəmzi mənada mey edir. Rəmzi obrazların bu şəkildə verilməsi sənətkarın istifadə etdiyi ədəbi priyomlardan biridir.
"Aydın" əsərinin quruluşuna nəzər salsaq, görərik ki, burada dramaturq pyesi Aydının gileyləri ilə başlayır. "Solğun çiçəklər" əsəri faciəli hadisə ilə başladığı halda, "Oqtay Eloğlu"nda səhnə arxasının təsviri verilir. Göründüyü kimi, sənətkar bütün səhnə əsərlərini bir-birindən köklü surətdə fərqlənən forma və quruluşla başlamışdır.
Cəfər Cabbarlının yaratdığı qəhrəmanlar nə qədər bir-birlərinə bənzəsələr də, bənzərsizlik onların istəklərində özünü daha çox büruzə verir. Xarakterlərində, mübarizə üsullarında və digər xüsusiyyətlərdə bir-birindən köklü şəkildə fərqlənən bu qəhrəmanlar həm də daha çox bir-birlərinin davamı kimi ortaya çıxırlar. Və son nəticədə, bu qəhrəmanlar daimi inkişafda verilən, eyni zamanda biri digərini tamamlayan obrazlara çevrilirlər. Deməli, C.Cabbarlının dramaturji qəhrəmanlarını təhlil edərkən onları ayrı-ayrılıqda deyil, birlikdə, tam, bütöv şəkildə öyrənmək gərəkdir.
Fikrimizsə, Cəfər Cabbarlı sənətkarlığının əsas xüsusiyyətlərindən biri yaratdığı hər bir surəti, yaxud hər hansı ictimai situasiyanı baş qəhrəmanın xarakterinin açılmasına yönəltməsi bacarığındadır. Dramaturqun yaratdığı hər hansı epizodik, yardımçı obraz belə eyni məharətlə əsərin ümumi qayəsinin açılmasına xidmət edir. Onun yaratdığı surətlər sistemi müxtəlif ictimai vəziyyətlərdə üz-üzə gəlir. Beləliklə, ədibin romantik qəhrəmanları cəmiyyətdən təcrid olunmuş deyil, məhz cəmiyyətin müxtəlif zümrələrindən olan ayrı-ayrı üzvləri ilə ünsiyyətdə bir xarakter kimi ortaya çıxır.
Ümumilikdə, onu çəkinmədən söyləyə bilərik ki, C.Cabbarlı yaratdığı obrazların daxili aləminə nüfuz edir, obrazlarda real insanları təsvir edir, bu insanların daxili psixoloji sarsıntılarını incəliklərinə qədər göstərir. Ədibin qəhrəmanlarının hiss və həyəcanlarını tamaşaçı öz daxili süzgəcindən keçirdikdə ona haqq qazandırır. Bu qəhrəmanlar romantik olsalar belə, real hissləri təcəssüm etdirirlər. Onlar çox zaman özlərini hələ dərk edə bilmirlər. Cəfər Cabbarlının yaratdığı obrazlar ilk baxışdan nə qədər dərk olunan və başa düşüləndirsə, sonralar onlar haqqında fikirləşdikdə onları anlamaq oxucu və tamaşaçı üçün bir o qədər çətin olur. Onlar sanki yerlə göy arasında qalan, hansı dünyanın adamları olduqlarını anlamaqda çətinlik çəkən insanlardır. Aydını ("Aydın")misal çəkə bilərik). Bu sözlər Oqtaya ("Oqtay Eloğlu"), hətta Cəfər Cabbarlının ən mükəmməl obrazı sayıla biləcək Elxana da(" Od gəlini") aiddir.
C.Cabbarlının baş qəhrəmanları həyatda haqsızlıqlar, ədalətsizliklər ilə üzləşib sarsıntılar, həyəcanlı hisslər, böhranlı məqamlar keçirsələr də zamanın hökmünə, pulun, sərvətin şirin vədlərinə baş əyməyən məğrur, ləyaqətli insanlardır. Ədib yaratdığı obrazların daxili psixoloji çırpıntılarını yüksək professionallıqla təqdim etməyi, onları uğurları və qüsurları ilə birlikdə tamaşaçıya sevdirməyi bacarır. Mayası istedadla yoğrulmuş, xalq həyatını əks etdirən sənət əsəri həmişə milli və canlıdır.



TƏQVİM / ARXİV