adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

SUYUN içƏRiSiNDƏ SU PROBLEMi...

54378 | 2008-01-11 00:04
Müstəqillik qazanandan sonra gözlərimiz elə şeylər gördü ki, fikirləşdim "uje fisyo", tay heç nə məni təəccübləndirə, heyrətləndirə bilməz. Başqasını deyə bilmərəm, şəxsən mən düşünürdüm ki, təəccüb planını doldurmuşam. Amma necə deyərlər, deyir sən saydığını say, gör fələk nə sayır. Bir neçə gün öncə aldığım məlumatlar məni şoka saldı. Özü-özümdən soruşdum ki, bu camaat görəsən nə vaxt nədənsə razılıq eləyəcək? Qar yağır, camaat narazıdır, qar yağmır, yenə narazıdır. Yağış başlayır, camaat vay-şivən qoparır, yağmır, yenə daş atıb baş tutur ki, vay susuzluqdan qırıldıq. İldırım çaxır, üz-gözümüzdən zəhrimar tökülür, çaxmır, yenə dilxoruq. Hökumət qalsın bir yana, təbiət də bizdən bezib. Əşi, belə göstərməyik, heç yerdə tayımız-bərabərimiz yoxdu.
   
   Məlumat almışam ki, son günlər paytaxtın bəzi yerlərinin, Şimal bölgəsindəki Quba, Qusar, Şəki rayonlarının sakinləri su sarıdan korluq çəkirlər. Əşi, tay belə də "kaprizni" olmazlar da. Bu hökumət sizin üçün nə etməlidir ki? Yayın cırhacırı olsaydı yenə dərd yarı olardı. İlin-günün bu vaxtında, yəni yeri-göyü yağmur, qar götürdüyü halda necə susuz qalmaq olar? Hamı bilir ki, qarı əridəndə qar dönüb olur su, özü də əlasından. Yəni distilə edilmişindən. Bunu da bilmirsinizsə sizə tay nə deyim? Yağış haqqında isə heç bir izahat vermək lazım deyil, çünki yağış elə özü "promoy" tərtəmiz sudur. Doldur vedrələrə, nə qədər istəyirsən iç getsin.
   
   Özü də bu məqamda məni dilxor edən məsələlərdən biri də odur ki, qar ən çox elə Şimal bölgələrinə yağdığı halda bilmirsən oraların camaatı niyə susuzluqdan şikayətçidir. Vallah, narazılıq eləməyə bir canıq. Avropa Məhkəməsinə o qədər şikayət məktubu göndərmişik yazıqlar göz aça bilmirlər. Yüz faiz əminəm ki, işdi-şayət adlarını çəkdiyim bölgələrə qar-zad yağmasaydı onda da narazılıq eləyəcəkdilər ki, niyə başqa rayonlara qar yağır, bizə yox. Gəl, onda bu camaata cavab ver görüm necə verəcəksən.
   
   Dünən qardan istifadə haqqında söhbət edəndə Oqtay Salamov dedi ki, Lənkəran rayonunda bəzi məhəllələrdə qarı əridib içdiklərinə görə neçə-neçə adam xəstələnib. Hətta xəstəxanaya düşənlər də var. Yəqin bu adamlar qarı əridib işlədəndə bəzi qaydalara riayət etməyiblər. Mən şəxsən su problemi yaşayan əhalini razı salmaq məqsədi ilə qar və yağış suyundan istifadə edən camaata pulsuz məsləhət verə bilərəm. İstəyənlər öyrənə bilərlər.
   
   Əvvəla, qar və yağış suyu dolduracağınız vedrələrin təmizliyini ciddi yoxlayın. Onların içərisini 96 faizli spirtlə "dezinfeksiya" eləyin. Bundan sonra həmin vedrələri qoyun qazın üstünə, pul kimi qızarana qədər gözləyin ki, spirtlə ölməyən mikroblar odun təsirindən ölsün. Bundan sonra vedrələri götürün gedin əldən-ayaqdan uzaq bir yerə, oranın təmiz qarından doldurun vedrəyə, qoyun odun üstünə, qar ərisin, sonra başlasın su qaynamağa. Özü də çalışın ki, bu zaman qapağı olan vedrələrdən istifadə edəsiniz. Düz yarım saat həmin suyu qaynadandan sonra təmiz, ağ, möhkəm parçadan 7 dəfə süzün. Və həmin suyu işlədin. Bu suyun da heç kimi xəstələndirməyəcəyinə bəri başdan "qarantiya" verirəm.
   
   Əlbəttə, qarın, yağışın suyunu necə gəldi işlədəndə insan xəstələnər, hələ bir az da o yana keçər. Mən eşitmişəm ki, narazılıqdan zəhləsi gedən, amma su problemi olan bəzi insanlar qış aylarında suya pul vermirlər. Çünki onlar araq çəkən aparata oxşar bir aparat düzəltdiriblər. Qar yağan kimi qarı götürüb doldururlar aparatın "tiyanı"na, aparat da yuxarıda sadaladığım proseduru "avtomatik" başlayır yerinə yetirməyə. Və aparatın krantından tərtəmiz su gəlməyə başlayır. Bağ-bağatda qar qurtaranadək nə qədər istəyirsən təmiz su istehsal elə iç. Bir az da "delovoy" olsan qonum-qonşuya "qar suyu", "yağış suyu" adlı su da sata bilərsən. Yaxşı pul da qazana bilərsən. Tay nə istəyirsiz?
   
   Mən ölüm, harada görünüb ki, selin-suyun içərisində üzəsən, amma su üzünə həsrət qalasan? Vallah, ağ eləmişik. İndi bu söhbətdən sonra gördünüz ki, bizim camaat elə narazılıq xətrinə narazılıq eləməyi xoşlayır. Çünki mən eşitməmişəm ki, biz nədənsə razılığımızı bildirək. Hər şeyin adını problem qoyduğumuza görə elə bu gündəyik. Bəlkə belə döyül?..

TƏQVİM / ARXİV