adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

GiRƏVƏ

OQTAY SALAMOV
24555 | 2008-01-10 00:09
Bəlkə də 20 ildən çoxdur ki, ərk sözünün rus dilindəsini axtarıram. Lüğətdə bir "familiyarnost" anlayışı var ki, bu da sözün mənfi mənasındadır, ərk pis mənada ola bilməz. Sonra dərk elədim ki, rusda ərk olmadığı üçün bu söz də yoxdur - sakitləşdim, axtarışı saxladım. Daha sonra gördüm ki, bizdə də elə sözlər var ki, əslində çox yaxın, hətta bəzən sinonim olsalar da, məna çalarları və istiqaməti ilə tamam başqa-başqa yerlərə gedib çıxırlar. Bu sözlərdən biri də fürsət və girəvədir.
   
   
   
   Fikir vermisinizsə, əksər vaxtlarda fürsət həmişə qəbul edilən, yəni yaxşı mənada başa düşülür: "Fürsət yoxsa danışmağa, göz elə"; "Fürsətdən istifadə edərək bəyimizi təbrik eləyib gəlinimiz xoşbəxtlik arzulayıram"; "Fürsəti əldən verməyərək xəncəri onun kürəyinə soxdu". Gorürsünüz ki, hətta namərdlik edib arxadan vuranda da fürsət sözü yaxşı mənada səslənir, yəni həmin fürsəti hər ikisi gözləyirdi, əgər bu vurmasaydı, o biri vuracaqdı. Çünki ifadənin tərzindən görünür ki, hər ikisi özümüzünkülərdi. Girəvə isə hansı yaxşı məqama salsan belə mənfi çalarlıdır: Girəvə tapıb qızın yanağından bir öpüş götürdü. Deməli, ürək istəyi, anın qəfilliyi və ləzzəti əsas deyil, əsas odur ki, beynində dolandırdığını həyata keçirə bildi. Yəni girəvədə bir maraq, niyyət, özü də qərəzli niyyət var...
   
   Bu uzun girişdən sonra gəlirəm məqsəd üstünə və görürəm ki, biz daha çox girəvə gəzənlərik, nəinki fürsət axtaranlar (Öz aramızdır, "axtarmaq" sözü qoşulanda elə fürsət də yaxşı mənada səslənmir). Deyir bu günlərdə Bakıda son 100 il ərzində ən şaxtalı hava şəraiti qeydə alınıb. Belə ötəri baxanda maraqlı, amma adi xəbərdir. Amma gözünün qabağına gətirəndə ki, bu xəbərdən girəvə kimi istifadə edənlər nə qədərdi, ən isti otaqda belə adamın canından bir qütb soyuğu keçir. Xəbəriniz varmı ki, havalar soyuduqca apteklərdə bintin də qiyməti qalxır, təsərrüfat malları mağazalarında gipsin də? Sürüşüb yıxılanlar çoxalır, ehtiyac artır, deməli, qazanmaq olar. Qəbiri də baha qazırlar, soyuqdu, yer donub, külüng girmir. Sürücülər girəvə gəzirlər ki, yer donsun, gediş qiymətlərini qaldırsınlar. Çörəkçilər girəvə gəzirlər ki, qar yağsın, çörəyin çəkisini azaltsınlar, qiymətini qaldırsınlar. Paltar satanlar qar yağan kimi isti paltarın qiymətini qaldırmaq girəvəsi əldə eləyirlər, adi toxunma təsəyi ondatra papaq qiymətinə satmaq istəyirlər. Hətta dünyanın düz vaxtında 12-14 manat qiyməti olan sürüşmə əleyhinə zəncirlərin qiymətini də 200 manata qaldırıblar...
   
   Sadalamağın mənası yoxdur, hər kəs soyuqdan, qışdan, şəraitin çətinliyindən girəvə kimi istifadə eləyir. Və heç kim də özünü günahkar saymır - o eləyir, mən də eləyirəm. Yəni qiyməti qaldıran sürücü çöbrəyi baha alır, çörəyi baha satan paltarı baha alır, qəbiri baha qazan dərmanı baha alır... Və heç kim də anlamaq, qanmaq istəmir ki, Tarif Şurasının qaldırdığı, dünyada qalxan qiymətlərin təsiri ilə artan qiymətlər boks termini ilə desək, nokdaun yaradırsa, girəvə gəzib bir-birimizə etdiyimiz özümüzü birbaşa nokauta salır. Yəni nokdaunda hakim 10-a sayana qədər yıxıldığın yerdən durmağa canında təpər qalır, nokaut birdəfəlikdir, saymağın mənası yoxdur- qalxmayacaq, sürüyüb çıxarmaq lazımdır...
   
   Girəvəçilik qanımıza işləyib, hər yerdə var. Götürək muğam sahəsini. Muğamımız unudulurdu, qayğıya ehtiyacı var idi. Sağ olsunlar, sahib çıxanı tapıldı. Müsabiqələr təşkil olundu, istedadlar üzə çıxarıldı. Gördülər ki, bu sahəyə pul buraxılır, maraq var, başladılar girəvəçiliyə. Hansı kanalı açırsan hərə əlinə bir qaval götürüb muğam oxuyur, səhər tezdən oxuyur, gündüz-günorta oxuyur, axşam oxuyur, gecə oxuyur, bacardı-bacarmadı oxuyur, səsi var-yox oxuyur, oğlandı-qızdı oxuyur, nə ondandı nə bundandı- o da muğam oxuyur... Vallah, muğamı urvatdan salırıq. Belə geninə-boluna, hər yetənə muğam oxumağa meydan versək şitini-şorunu çıxaracağıq, muğamın da ləzzəti və hörməti qalmayacaq...
   
   Dünənki yazımda Milli Məclisin dövlət və ictimai ehtiyaclar üçün vətəndaşlardan kompensasiya ödənilmədən torpaq sahələrinin alınması və sökülən oöyektlərə təzminat verilməməsi ilə bağlı qəbul etdiyi qanundan bir qrup millət vəkilinin Konstitusiya Məhkəməsinə müraciət edəcəyini yazmışdım. Hüquqşunas dostum bütün dünyada belə qanunun olduğunu söyləyir. Amma onu demir ki, bəlkə də dünyanın heç bir ölkəsində bizim kimi sivil qanunlardan öz mənafelərinə uyğun istifadə etmirlər, girəvəçilik edib qanunu vətəndaşın gözündən salmırlar. Biz hər sözdən, hər hərəkətdən, hətta qanundan da kimin marağına uyğun gəlib-gəlmədiyini axtaranlarıq. Çünki qanunun hamı üçün olmadığını görmüşük və görürük.
   
   Elə bilirsiniz "Təhsil haqqında" Qanun mürəkkəb olduğu üçün bu qədər yubanır? Elə bilirsiniz o SPİD-li qızın adını çəkdiyi kafelərin, barların hamısının harada yerləşdiyindən xəbəri var? Haradan bilirsiniz ki, Bakı bir yana, rayonlarda yeməkxanalara gedib deməyiblər ki, "sənin obyektinin də adını çəkib, mən yazıya salmamışam, haqqı bu qədərdi"...
   
   Dünənki qəzetlərdə Fransada, Strasburqda "Bakı gecələri" restoranının azərbaycanlı sahibinin oğlunun qətlə yetirildiyini yazmışdılar. Görkəmindən sanballı adama oxşayan birinin ilk sözü "Allah rəhmət eləsin" yox, "gör nə qədər pulu var ki, Strasburqda restoran açıb" oldu... Ölkə prezidenti xüsusi istedadı olan gənclərin mükafatlandırılması haqda fərman imzaladı. Çoxları uşaqların atalarının adını, soyadını oxuyub soruşdu ki, bu, o filankəsdi?..
   
   Allah hamının bağlı qapılarını açsın, həbsdə olan adam haqda zarafat etməzlər. Amma bizim girəvəçilərin bəzən elə hoqqaları olur ki, danışmaya bilmirsən. Yazırlar ki, "Ruslan Bəşirli həbsxanada aclıq aksiyasına hazırlaşır". Qardaşım, əzizim, hazırlaşıb nə eləyir, suxarı qurudur, yoxsa artıq yeyir ki, sonra rahat aclıq eləsin? Girəvədi, xəbər əlinə düşüb, daha bilmirsən necə təqdim eləyəsən.
   
   APA-nın Azərbaycan Müdafiə Nazirliyi tərəfindən təsdiqlənmiş məlumatları əsasında apardığı monitorinqin nəticələrinə görə, 2007-ci ildə atəşkəs 575 dəfə pozulub. 365 gündə 575 dəfə pozulursa, bunun harası atəşkəsdir? Niyə hər şeydə girəvə axtaran biz indi əlimizə düşən bu fürsətdən istifadə eləyib rəsmi olaraq atəşkəsi pozmur, torpaqlarımızı geri almırıq? Çünki bu məsələdə girəvə yollarını hələ dəqiqləşdirməmişik...

TƏQVİM / ARXİV