adalet.az header logo
  • Bakı 12°C

KEçi PiYi - 2

VAHİD ƏLİFOĞLU
25837 | 2007-12-29 12:24
... Bu anlayışı da mən icad elədim və məmləkətin çiçəklənməkdə olan mətbuatına gətirdim. Necə ola bilər ki, yaşda məndən (indi yaşa baxırlar, başa baxan kimdi - V.Ə) kiçik olan Oqtay Salamov "Qaravəlli" yaza bilir, mən əski ədəbiyyatda uğurlu bir tapıntı olan "keçi piyi" anlayışını sintez və analiz edə bilməyim...
   
   Xalq deyimlərində, şifahi ədəbiyyatda elə hikmət mənbələri var ki, vallah, indiki, yəni müasir həyat tərzi ilə tutuşduranda elə bilirəm ki, bu deyimlər bu gün üçün deyilib...
   
   Bir də ki, Əbülfət Mədətoğlunun bir "Umac" yazısı var idi... Qəzetlərdən oxudum ki, bir koreyalı rəsmi deyib ki, Koreya lap Nuh Nəbidən Azərbaycanın ərazi bütövlüyünü tanıyır... İstədim ayağımı yerə dirəyib bərkdən bir şaqqanaq çəkəm, sonra fikirləşdim ki, olmaz. Həm səhhətim imkan vermir ki, qarın əzələlərimi "nakruskaya" salım, həm də xeyli vaxtdı ki, qabaq dişlərimlə xudahafizləşmişəm. Gülsəm:
   
   - Diş tökülüb, ağız qalıb kalafa...
   
   Koreyanın ərazisi qırx ildi bölünüb iki yerə, heç öz ərazisinin bütövlüyünü qoruya bilmir...
   
   ... Yadıma bir əhvalat düşdü. Neyniyim, qələmi alıb əlimə hansısa bir hadisəyə münasibət bildirmək istəyirəm, dörd-beş əhvalat ağacın diriyir qapıya...
   
   ... Kənddə ərköyün bir uşağın "sünnət" toyudu. Dəlləkdən tutmuş, kirvənin anasına, bacısına, arvadına kimi kəndin yarısı yığışıb nə billah edirdi uşağı yola gətirə bilmirdi... Uzun çək- çevirdən sonra dedilər ki, uşağın babasın çağırın, bəlkə o bu işi yoluna qoya... Ağsaqqal içəri girən kimi üzünü tutur uşağa və deyir:
   
   - Ağıllı balam, heç utanıb-çəkinmə.
   
   Bu iş hamının başına gəlib. Elə məni də sünnət ediblər...
   
   Otaq dolu arvad-uşağnan...
   
   İndi Koreyanın torpağını da nə vaxtsa "sünnət" ediblər...
   
   ... Bizim baxtımızdandı. Evləndiyi gündən arvadını evdə tapa bilməyənlər namusdan, qeyrətdən danışır bizə...
   
   ... Elə bu anda, bu məqamda sözü verək poeziyaya:
   
   ... Qürbətin gözü kor, dili lal deyil,
   
   Yaşaya bilmədik günahsız yerdə.
   
   Hər yüzü adlayan ağsaqqal deyil,
   
   Oturtdular bizi allahsız yerdə...
   
   Öz işimdə öz sözümdə qınandım,
   
   Keçib əyləşdilər başda kiçiklər,
   
   Məndən yaşda böyüklərə inandım,
   
   Mənə inanmadı, yaşda kiçiklər...
   
   ... Öz-özümə elə hey fikirləşirəm ki, niyə xiristianlığın bir "baş biləni" - papası var, amma islamın yoxdu?... Niyə BMT-də Təhlükəsizlik Şurasının daimi üzvləri sırasında müsəlman dövləti yoxdu?.. Və sonradan əlimi yelləyib çıxıb gedirəm işimə, gücümə. Bu işlər bilik deyil...
   
   ... Qətər adlı bir kiçik dövlət var. Ərazisi az qala Laçın boyda olmaz. İki-üç aydan bir bu ölkənin telekanalı Ben Ladenin təzə-təzə "kliplərini" nümayiş etdirir. Görəsən Amerikanın ben Ladeni heç cür tapa bilməyən (zarafat bir yana. Doğrudan dünyada belə bir adam var? - V.Ə) təhlükəsizlik təşkilatları niyə bu telekanalın boğazından yapışıb soruşmur ki, bu "klipləri" sizə kim gətirir?..
   
   ... Axırına sual işarəsi qoyduğum cümlələri bir də oxuyub gördüm ki, çox duzsuz mülahizələrdi... Amma tay keçib... Naxçıvanla əlaqə kəsiləndən elə hamı "duzsuzlaşıb". İnanmırsınız qəzetləri diqqətlə oxuyun, televiziyaya baxın...
   
   Yazının reklam çarxı:
   
   - Falabaxanın otağından qoca qarı əsasına dirənə-dirənə çıxır qapıya. Bir uşaq yüyürüb gəlir:
   
   - Nənə, falçı xala nə dedi?
   
   - Falçı xala dedi ki, mən tezliklə uşaq doğacam... Sonra qarı cibindən şokolad çıxarıb verir nəvəsinə və dişsiz ağzını marçıldada-marçıldada deyir:
   
   - "Snikers" yeyin, uşaq doğun...
   
   Tay nə deyim? Allah ağıl versin...
   
   P.S. Bilmədim ki, Elnarə xanım qızının adını nə qoydu? Bir də ki, Zülfiyyə xanım dünyaya oğul gətirdi, yoxsa qız?
   
   P.P.S. Həkimlər mədəmdə aparılan əməliyyatdan sonra yeməkləri şit yeməyi məsləhət görüblər... Mənim də duzum azalır...

TƏQVİM / ARXİV