adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

SOYUQ BAŞIN DüŞüNCƏSi QRiP OLUR

OQTAY SALAMOV
25934 | 2007-12-29 12:23
Təzə ilin nəfəsi çöldə də duyulmaqdadı, evdə də. İlin simvolu olan Krısa da (siçan, siçovul, mişovul, süleysin kimi tərcümələri olsa, krısa daha tutumlulur) xarakterlərdə artıq özünü göstərməkdədir, adamlar krısalığa başlayıblar, daha doğrusu, krısalıqlarını qiymətlər kimi, artırıblar. Hamı özünə tərəf dartır, xəlvət yeyir. Pulsuzlar pulluların pulunu saymaqdan özgə maraqlı bir mövzu tapa bilmirlər. Pullular o biri pulluların dərdini çəkirlər ki, onları necə ötsünlər. Fərq orasındadır ki, pulsuzlar hirslə, hikkə ilə, paxıllıq və demoqoqluqla pulluların pulunu sayır, pullular isə Dzerjinski demiş, əsil çekist kimi - qaynar ürək, soyuq baş və təmiz əllərlə özlərindən pulluların və ətrafdakılarının dərdlərini çəkirlər. Pul sözünü tez-tez təkrar eləməyimdən elə düşünməyin ki, mövzumuz puldan olacaq. Baxmayaraq ki, indi məhəbbətdən də, siyasətdən də danışanda bir başı gedib pula dirənir, söhbətim təkcə pul haqda deyil, soyuq başdan danışmaq istəyirəm.
   
   Feliks Edmondoviç "soyuq baş" deyəndə sakitcə götür-qoy eləməyi, hirssiz düşünməyi və qərar qəbul eləməyi, məntiqi əsas tutmağı məsləhət görürdü. Özü də bu sözü çekistlər haqda deyirdi. Bizimkilər, yəni vəzifə və peşəsindən asılı olmayaraq, pullular və pulsuzlar soyuq başla düşünmək deyəndə sözün birbaşa mənasını düşünürlər və başlarını soyuğa verirlər. Bunun nəticəsində isə, qış vaxtı sarsaq fikir və əməllərin, ən azından deyimlərin sayı daha çox artır. Bu gün nəzər saldığım məqamlar ya onları yaradanların, ya da mənim başımın soyuqlamasının məhsullarıdır.
   
   
   
   Analginin də kitabı bağlanıb?
   
   
   
   Ağrımız olanda ilk növbədə ağlımıza gələn dərmanlardan biri də analgindir. Reseptsiz-filansız alıb özünümüalicə ilə məşğul oluruq, ucuz və sərfəli. Amma sən demə, Səhiyyə Nazirliyimiz xaricdən alınan bir çox preparatlarla birgə analginin satışına da qadağa qoyubmuş. Ta mən onu deyə bilmərəm ki, bu dərman ziyanlıdır, yoxsa başqa ağrıkəsici hansısa dərmanı gətirən maya buraxıb öz dərmanını qabağa itələyir, lap yoxsa nazirliyimiz istəmir ki, xalq ağrını hiss eləməyib kütləşməsin, hər nədisə qadağan eləyib. Amma satırlar. Ortada pul var axı. Və maraqlısı da odur ki, apteklərdə belə bir qadağanın olduğunu bilmədiklərini deyirlər. Mən də sizin kimi, deyirdim ki, əlbəttə belə deyəcəklər, daha durub deməyəcəklər ki, qadağandır, amma biz heç kimi saymırıq, almışıq satırıq. Sonra bir rəsminin açıqlamasını oxudum və qaldım mat-məəttəl. "Şərq"dən sitat: "Məsələyə münasibət bildirən Səhiiyə Nazirliyinin mətbuat xadmətinin rəhbəri Anar Qədirli isə "Şərq"ə açıqlamasında belə bir qadağanın qoyulduğunu bildirib.Onun sözlərinə görə, analgin preparatının satışına qadağa qoyulması haqda müzakirələr gedir". Anar müəllim, qoyulub, yoxsa müzakirələr gedir? Sonra baş lap soyuyur: "O ki qaldı apteklərə bununla bağlı xəbərdarlıq edilməsinə, mətbuat katibi bu barədə məlumatsız olduğunu deyib". Əla, gözəl! Mətbuat katibi bilmirsə, aptekçi haradan bilməlidir ki? Getdik analgin almağa!..
   
   
   
   12 faizə hansı tərəfdən yaxın?
   
   
   
   2007-ci ilin dəqiq inflyasiya dərəcrəsini öyrənə bilmədik. Gah dedilər 15, gah dedilər 25faiz, iqtidar bir rəqəm dedi (17), müxalifət başqa rəqəm dedi (25), hər ikisi də dedi ki, hələ bu hamısı deyil və s. Nə isə, daha gecdir, nə qədərdisə o qədər olub, çətin olub, asan olubbirtəhər yola vermişik gedib. Əsas gələn ildir.
   
   Pulumuzun rəisi, Azərbaycan Milli Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, gələn il inflyasiyanın səviyyəsi 12 faizə yaxın olacaq. Ta onu deməyib ki, hansı tərəfdən, nə qədər yaxın olacaq. Yəqin çox uzaq olmaz- 22, uzağı 32 olar. İndi hələ yaxşıdır, rəqəm deyirlər, əvvəllər deyərdilər ki, ikirəqəmli olacaq. Di gəl başa düş, 10 da ikirəqəmlidir, 99 da. Buna min şükür. Əgər bu yaxınlıq aşağıdan olsa, lap iki min şükür!
   
   
   
   Əli İnsanov türmələri düzəldəcək
   
   
   
   Əvvəlcə arzulayaq ki, Allah kimi məsləhət bilirsə qapısını açsın, türmədə olanın da, qapısı bağlanın da. Amin! Sonra da deyəsin bizim ayıb da olsa Penitensiar Xidmət işçilərinin görə bimlmədiyi işi keçmiş səhiyyə naziri Əli İnsanov görəcək - türmələrdə vəziyyəti düzəldəcək.
   
   Əli müəllim həm bizimkilərə, həm də xaricdəki yerlərə xəbər yollayır ki, həbsxananın istilik sistemai yoxdur, çoxadamlıq kameralarda basabasdır, yeməklər keyfiyyətsizdir və s. İşgəncələr Əleyhinə Azərbaycan Komitəsini rəhbəri Elçin Behbudov deyib ki, Ədliyyə Nazirliyi problemin aradan qaldırılacağına söz verib. Görürsünüz, adamın gərək türmədə də naziri ola ki, qara camaatın qayğısına qalanı da ola...
   
   
   
   Rəhbərə salam
   
   
   
   Bakının sayrışan ulduzlarından
   
   Şalvarsız, yubkasız şən qızlarından
   
   Salam gətirmişəm hüzuruna mən...
   
   
   
   Azərbaycan Kommunist Parityasının sədri Rüstəm Şahsuvarov Rusiya Federasiyası Kommunist Partiyası Mərkəzi Komitəsinin və Kommunist Partiyaları İttifaqı - Sovet İttifaqı Kommunist Partiyasının (saydım qurtardım, çox şükür) sədri Gennadi Züqanova açıq məktub yazıb.
   
   Məktubda yazıb ki, Rauf Qurbanovun Azərbaycan Kommunist Partiyasına iddiası əsassızdır və Sov. İKP-nin birinci müavini Yevgeni Korışev nahaq onu dəstəkləyib. Sən demə Jenya müəllim Bakıya gələndə ölkədə hüquqi səlahiyyətə malik olan Azərbaycan Kommunist Partiyası əvəzinə, Rauf Qurbanovun və bir qrup şəxsin iddiası ilə yaradılan qurumu dəstəkləyən bəyanatla çıxış eləyib.
   
   Yaxşı eləməyib Yevgeni Korışev də, elə Rauf Qurbanov da. Heç kommunist də kiminsə payına şərik olar? Sözsüz ki, indiki kommunistlərin dahi rəhbəri Gena hər ikisinə qulaqburması verəcək. Kreml elə o vaxt da əyalətlərdən gələn şikayətlərə reaksiya verirdi...
   
   
   
   Kitabımız var, korrupsiyanın
   
   atası yanacaq
   
   
   
   Hələlik ancaq təhsildə, sonrasına başqa kitab kərimdir
   
   ABŞ-ın ölkəmizdəki səfirliyinin Demokratiyaya Dəstək Komissiyasının, Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun dəstəyi və Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin təşəbbüsü ilə "Təhsildə antikorrupsiya tədrisi metodikası" adlı ldayihə yardılab və bir kitab buraxıblar, təqdimatını da keçirblər. Bu layihədə daha nələr yoxdur: təhsildə şəffaflıq, cavabdehlik və antikorrupsiya mövzusunun tədris proqramlarına inteqrasiyası, cəmiyyətin korrupsiyaya qarşı maarifləndirilməsi, preventiv tədbirlər... Bu vəsaitdən hətta müəllimlər də istifadə edə biləcək. Daha nə istəyirsiniz?..
   
   Mövzunu davam edəcəkdim, yenə bayırda hava qarışdı. Qorxuram başıma soyuq dəyə, çox soyuq başla yazaram, kimsə qızdırmaq həvəsinə düşər. Siz başa düşən mənada yox, müdir iş vaxtı baş qızdırmağı qadağan eləyib, başı döyüb qızdıra bilərlər. Sən Allah, qoy oturmuşuq, görək başımızı gələn ilə salamat çıxara bilirikmi?..
   
   
   
   

TƏQVİM / ARXİV