adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Yılbazı

16966 | 2007-12-29 12:22
"Gəlib birtəhər sürünə-sürünə yeni ilə çatdıq. Çal-çağır yanğılı xalqım ikiqat bayrama hazırlaşır. Bu da sizə qloballaşma. Yüz ilin "yılbaşı" masasına "həmrəylik aşı" dürtülüb.
   
   Müqəddəs Məryəm İsa peyğəmbəri küknar altında dünyaya gətirərək insanlara bayram simvolu hədiyyə edib. Qadının böyüklüyünə bax. Uşaq doğasan - Peyğəmbər! Doğuş yerini bütün dünyada biznes və bayram xitinə çevirələr. Bütün dünya da həmin gün həmrəy ola.
   
   Lüdovik "Bad Santadan" "Nice Claus" düzəldəndə azərbaycanlıların həmrəylik gününü özü də bilmədən təsis edib. Bütün ili it sifətində harda gəldi bir-birinin ayağından çəkən, yolunu kəsən, ətini didən adamların bircə gün xeyirxah kimliyin fonunda olmaq məcburiyyəti var. Yaşadıqca görürsən ki, keyfiyyət üçün bəzən məcburiyyətə əl atmaq lazım gəlir. Kimi əlini müharibəyə atır, kimi sülh yoluna . Sülhün altında da məcburiyyət məzmunu var. Siyasi böyüklük- məcburiyyət təbii yön alır. Heç nə olmamış kimi, ya da belə də olmalıdır kimi çox adi, çox təbii hadisələr axını...
   
   Mərhum prezidentimiz ildə heç olmasa bir dəfə həmrəy olmaq şansı verdi azərbaycan xalqına. Nə fayda?! Bütün dünya üçün birqat bayramda həmrəy endirilən bazar qiymətləri bizdə ikiqat şənlik xətrinə rəysiz ikiqat da qaldırılır. Təbriklərin forması isə elə hey həmformadır. O da həmrəy deyil. Rəylər yenə çarpışır, kəsişmir ki, kəsişmir. Yeni ilə gəldikdə, bircə gün səbrini cilovlayıb onu qarşılamağa təmkin göstərən xalqımız səhəri gün heç nə dəyişməmiş, heç nə olmamış, sanki onların həyatında daha bir il qocalıq, daha bir il köhnəlmə,təzələnmə, ölümə daha bir il yaxınlaşma ya da xoşbəxt olmaq üçün imkan deyə - heç nə baş vermədi. Hər şey əvvəlki kimidir. 10 manatlıq şaxta babalar gözdən itir, kifir-kifir qar qızlar yollardan yığışır, yalandan bəzədilən yolkalar sifarişçi (müştəri) tapmayan şit, vulqar geyimli tənha, bədbəxt küçə qadınlarını xatırladır. İnsanların simalarında zorla özünü məmləkətə çatdıran yeni ildən kölgə də qalmır. Yalnız tərbiyyəsiz uşaqların partladanlarının səsindən anlayırsan ki, dünən buralarda nəsə hadisə baş verib. Bir az da formal dekarasiyalar bu hadisənin Sovet dövrünün " S novım qodom" una oxşadığına işarə edir.
   
   İstər istəməz qeyd ediləcək bayrama azərbaycanlıların həmrəylik günü adını da qatıblar ki, millət özünü hiss eləsin. Hiss eləsin ki, ildə bircə dəfə milli birlik haqqında düşünmək olar. Ən azı köhnə ildəki (illərdəki) dağınıqlığı toplamağa düzüb-qoşmağa ilbəil şans və səbəb var.
   
   İlin 12 ayı Azərbaycanda millət formalaşdırmaq, bəşər xalqları ilə ayaqlaşmaq üçün konstitusiya, dirçəliş, oyanış, açılış, azadlıq, demokratiya, ordu yaranması və s. kimi milli səpgili bayramlar, günlər özünü öldürsə də qurbanlıq, ramazan, azan-ozan dünyavi millət üçün önəmli olan hər şeydən çox-çox vacib və təmtəraqlı məzmunda dayanır.
   
   Ancaq həmrəylik gününün bizimkilərə daha çox ziyanı var. Onsuz da dünyadan ayrı yaşayırıq. Və onsuz da bir-birimizi sevmirik. Əvvəllər yenə sivilizasiyanın maraqlı tərəflərini təqlid etməyə çalışırdıq. Şaxta babamız onların Santasından, heç olmasa rusların "Ded Moroz" -undan geri qalmırdı, qar qızımız daha yaradıcı və gözəl idi, iri küknar ağaclarını bəzəyib altına balalarımızı sevindirmək üçün cürbəcür hədiyyələr qoyurduq. Bütün dost tanış birinin evinə yığışırdı, hamı yeyir-içir, şellənirdi. Bayramları milliləşdirdikcə dost tanış evində yığıncaqlar, ailə bayramları şadlıq evləri- manısxana konsertləri ilə əvəz olunur, qar qızlar mənasızlaşıb, həm də qocalıb, uşaqlar daha yolka altında şaxtanın hədiyyəsi ilə maraqlanmırlar şaxta baba saxta bostan müqəvvası kimi heç inandırıcı da deyil, uşaqlar ona gülür, yalan-palan yapışdırılan eybəcər səliqəsiz saç-saqqalından dartıb onu ələ salır, onun ac-yalavac cavan aktyor, ya da fırıldaqçı bomj olduğunu bilirlər. Düzünü desəm belə şaxta babalara ürəyim yaman acıyır. Qadın xələtindən özünə kürk düzəldən gənc kişilərə heyifim gəlir. İndi zülümlə yola salmağa hazılşadığımız ilin gənclərə heç bir dəxli olmasa da bu ilin adı gəncləri ələ saldı düz 12 ay. Düz 12 ay azərbaycan gəncliyi inana bilmədi ki, onun ilidir. Düz 12 ay dilənçi günündə yaşayan gənclik dilənməyə utandı. İlin son ayında şansına sevinərək şaxta babalar qar qızlar qismində küçələrə tökülüşdü gənclik. Açıq-açıq diləndi. Həm də utanmadan. Çünki bu halına bayram simvolu donu geyindirə bildi. Onun da yeni ilidir...
   
   Azərbaycanda yeni il gecəsinin simvolu nanaylar və nanayxanalar olub. Yeni il gələr gəlməz bütün müğənni tayfası, restoranlar şəbəkəsi kimə nətəhər atıb irəli düşmək haqqında düşünür. Əhalisə bu qlobal günü zövqlə qarşılamağın deyil, hansı restoranda kimi dinləyəcəyinin hayındadır. Bütün hay-həşir ondan ötəridir ki, millət kabab siyahısi kimi növbələnən müğənniləri dinləmək üçün bir çamadan pul töküb restoranlara doluşacaq İlahi televiziya reklam bazarında qəfldən qiymətlər kəllə çarxa qalxır. Ən reytinqli telexoruzdöyüşmələrində yeni il gecəsi illik büdcəsini aşırdacaq çalğı məkanlarının reklamları bir-iki ay beynimizi döyür. Bircə gün. Hər şey həmişəkindən bir az artıq olur, vəssalam. İllik təfəkkür dalğası bir gündə sunamiyə çevrilir, səhər yenə əvvəlki qaydada bir az asta-asta yırğalanır. Bütün dünya dəyərlərinin mahiyyəti bizimkilər üçün şadlıq evlərindən çox deyil.
   
    Ev demişkən, yazının bu yerində qalxıb pəncərədən qonşu göydələnin həyətində yeni il qabağı zırpaket partladan cocuqlara baxıram. Binanın nəhəgliyi uşaqların kiçikliyini, balacalığını bir az da artırır, onları qaynaşan, bir-birlərinin belinə minən beş-altı böcəyə oxşadır. Binaların ucalığı həm də onu göstərir ki, insanlar necə dərinliklərdə yaşayırlar...

TƏQVİM / ARXİV