adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Noyabr 2014 15:00
2609
GÜNDƏM
A- A+

Təhsil naziri deputatlara cavab verib

Təhsil naziri Mikayıl Cabbarov Milli Məclisdə 2015-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı təhsil sahəsindən şikayətlənən və Təhsil Nazirliyinə təkliflər verən deputatların fikirlərinə münasibət bildirib.

Adalet.az-ın məlumatına görə, noyabrın 20-də parlamentdə çıxış edən nazir bildirib ki, müəllimlərin dərs yükü həftə ərzində maksimum 36 dərs saatı həddində ola bilər: "Bu da onların öz istəyi ilə müəyyən edilir. Müəllimlərin əmək haqlarına gəlincə, bu göstərici 12 saat üçün minimum 155, maksimum 207 manat həcmindədir”.

Mikayıl Cabbarov kənd rayonlarındakı məktəblərdə vakant yerlərlə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, belə rayonlarda vakant yerlərin sayı 3 faizdən 1 faizə enib: "Bu da onu göstərir ki, hökumətin gənc müəllimləri ucqar ərazilərimizdə işləməyə həvəsləndirmək üçün apardığı işlər müsbət nəticə verir”.

Müəllimlərin sayından danışarkən təhsil naziri qeyd edib ki, əvvəllər Azərbaycanda 1 müəllimə 8 şagird düşürdü: "Görülən tədbirlər nəticəsində bu göstərici dəyişib. Hazırda Bakıda 1 müəllimə 12 şagird, qalan yerlərdə isə 1 müəllimə 9 şagird düşür. Azərbaycanda 151 min müəllim fəaliyyət göstərir”.

Mikayıl Cabbarov bildirib ki, ali təhsil müəssisələrində müəllim ixtisaslarına qəbul balları qaldırılır, bu da müəllimin nüfuzunun artmasına xidmət edəcək: "Biz eyni zamanda Müdafiə Nazirliyi ilə birlikdə işlər həyata keçiririk. Sərhədyanı bölgələrdə əsgərlərlə görüşlər keçiririk. Müdafiə Sənayesi Nazirliyi ilə birgə aparılan işlərin böyük əhəmiyyəti var. Çalışırıq ki, fənn kabinetlərini məhz Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi vasitələrlə təmin edək. Daha 50 məktəbdə hərbi hazırlıq kabineti həmin vasitələrlə təmin olunacaq”.

Peşə təhsilinə gəlincə nazir deyib ki, hazırda Dünya Bankı ilə bir layihə ətrafında danışıqlar aparılır: "Ümid edirəm ki, layihənin müsbət həllinə nail olacağıq. Qalın qabıqlı kitabların çap olunmasının əhəmiyyəti haqda deyilənlərlə razılaşmıram. Məsələn, 6-7-ci siniflərin şagirdləri artıq öz dərslərini elektron resursların köməyilə oxuya bilərlər”.