adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
20 Noyabr 2014 14:41
3275
MƏMLƏKƏT
A- A+

Mərkəzi Bankın sədri kredit tənqidlərinə cavab verdi

Parlamentin 20 noyabr iclasında danışan Mərkəzi Bankın sədri Elman Rüstəmov bank faizləri ilə bağlı tənqidlərə cavab verib. 

 Adalet.az-ın məlumatına görə, Elman Rüstəmov deyib ki, 2014-cü ildə Azərbaycan iqtisadiyyatı üzrə kreditlərin faiz dərəcəsi 14,3 faizdir: "Bunun təxminən dörddə üçü kommersiya, biznes kreditləridir. Kommersiya, biznes kreditlərinin faiz dərəcəsi 10,8 faizdir. Kreditlərin dörddə birini istehlak kreditləri təşkil edir. Bu kreditlər üzrə faiz dərəcəsi 18 faizdir.

Bəzən istehlak kreditləri üzrə faiz dərəcəsi 35 faizə çatır. Bunlar tam təminatsız kreditlərdir. Yəqin ki, bir çox millət vəkilləri, iş adamları kredit kartlarından istifadə edir. Bunlar tam təminatsızdır və faizi yüksək olur. Əhalinin bir çox hissəsi bu kreditlərdən istifadə edir. Bu, dünya praktikasında riskli kredit hesab olunur. Çünki arxasında nə girov, nə də təminat dayanır. Çox sadələşdirilmiş kreditdir. Burada geri qayıtmayan problemli kreditlər 15-18 faizdir.Lakin istehlak kreditlərinin strukturu çox müxtəlifdir. Bu kreditlər iki hissəyə bölünür: təminatlı və təminatsız kreditlər. Təminatlı kreditlər üzrə, məsələn, avtomobil kreditləri üzrə faiz dərəcəsi 14,8 faizdir. İpoteka və dövlətin xətti ilə verilən digər kreditlərin faiz dərəcəsi isə 4,8 faiz olub. Bankların öz vəsaitləri hesabına verdikləri ipoteka kreditlərinin faiz dərəcəsi 9-10 faizdir.

Real mənzərəni nəzərə almaq, kreditlərin maya dəyərinə diqqət etmək gərəkdir. İlk növbədə əmanət kreditlərinin faizinə toxunmaq istəyirəm. Əhalinin əmanətləri üzrə kreditlərin orta faizi təxminən 9,6 faizidir. Bu, olduqca böyük rəqəmdir. Bizim əhali əmanətlərini banklara çox yüksək faizlə verir. 2014-cü ildə bankların əhaliyə ödəyəcəyi faiz gəlirləri yarım milyard manat olacaq. Banklar isə əhalinin əmanətlərindən 420-430 milyon manat qazanacaqlar.

Kreditlərin faiz dərəcələrinin aşağı salınması istiqamətində ardıcıl tədbirlər görülür. 2003-cü ildən 2014-cü ilə qədər Mərkəzi Bank uçot dərəcəsini15 faizdən 3,25 faizə qədər azaldıb. Kreditlərin birrəqəmli olması üçün maliyyə naziri ilə müzakirələrimiz davam edir. Xüsusilə kommersiya kreditlərinin birrəqəmli həddə salınması üçün ciddi tədbirlər planlaşdırırıq”.