adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Noyabr 2014 14:10
3728
ƏDƏBİYYAT
A- A+

Lermontovla bağlı elmi-praktiki konfrans keçirilib

Naxçıvan Dövlət Universitetində (NDU) görkəmli rus şairi M.Y.Lermontovun anadan olmasının 200 illiyinə həsr olunmuş "Sevdim Azərbaycanı” adlı elmi-praktik konfrans keçirilib. 
Konfrans universitetin Rus dili və ədəbiyyatı kafedrası ilə Rusiyanın Penza Dövlət Universitetinin (PDU) Rus dili xarici dil kimi kafedraları arasında onlayn şəkildə keçirilib. NDU-nun rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov və PDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Yuriy Mazey belə konfransların virtual əməkdaşlığın inkişafı, xalqlar arasında elm və təhsil sahəsində tərəfdaşlığın, ədəbi-mədəni əlaqələrin möhkəmlənməsində əhəmiyyətli rol oynadığından danışıblar. 

NDU-nun Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı və PDU-nun Rus dili xarici dil kimi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Vera Şmelkova şairin zəngin bədii irsi, klassik rus poeziyasındakı özünəməxsus yeri haqqında maraqlı fikirlər səsləndiriblər. 

NDU-nun Rus dili və ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Hüseyn Adıgözəlov "M.Y.Lermontov və Azərbaycan” mövzusunun mübahisəli aspektləri” mövzusunda məruzə edib. Hüseyn Adıgözəlov M.Y.Lermontovun Şuşada olması, görkəmli Azərbaycan mütəfəkkiri və dramaturqu Mirzə Fətəli Axundzadə ilə şəxsi tanışlığı, M.F.Axundzadənin "Puşkinin ölümünə Şərq poeması”nı M.Y.Lermontovun "Şairin ölümü” şerinin təsiri ilə yazması haqqında mübahisəli elmi məsələlərə aydınlıq gətirib, M.Y.Lermontov və Azərbaycan mövzusunda həllini gözləyən problem mövzulardan danışıb.

Konfransda PDU-nun Rus dili xarici dil kimi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Tamara Surkova "M.Y.Lermontov ensiklopediyası” şairin yaradıcılığının tədqiqinin unikal təcrübəsi kimi”, həmin kafedranın baş müəllimi Tatyana Kolyujko "M.Y.Lermontov və Penza diyarı”, NDU-nun "xarici dil müəllimliyi (rus dili)” ixtisasının tələbələri Mehri Rəcəbova "M.Y.Lermontov yaradıcılığında Azərbaycan”, Heyran Babazadə "Azərbaycan şairlərinin M.Y.Lermontova ithafı” mövzularında məruzələr ediblər. Sonda hər iki universitetin tələbələrinin ifasında böyük rus şairinin şeirləri Azərbaycan, rus, türk, ərəb və çin dillərində bədii qiraət olunub.

Çıxışlarda həmçinin naxçıvanlı tələbələrin mobillik əsasında Penza Dövlət Universitetində bir semestr ərzində təhsil almalarından, müəllim və tələbə mübadiləsinin gələcək inkişafı istiqamətində görüləcək işlərdən bəhs edilib.