adalet.az header logo
  • Bakı 20°C

ŞAXTA BABA, ŞAXTA CAN...

75883 | 2007-12-29 12:21
...Hardasan bu vaxtacan?
   
   Biz nəyisə gözləyirik. Bu nə isə kiminlə gələcəksə, onu gözləyirik. Kimsə gələcək, hər şey dəyişəcək. Yəqin ki, bundan yaxşı olacaq? Yaxşı da o söz deyil. Elə bir şey olacaq ki, buna oxşamayacaq. Tamam başqa, unudulmuş və itirilmiş dünyaya düşəcəyik. Ordag Bu dünyanın ağır-ağır qayğılarından ayrılanda nələr təsəvvürə gəlirsə, hətta təsəvvürə belə sığmayıb, bəzən ani olaraq səbəbsiz bizi sevindirən, ruhumuzu oxşayan hər nə ola bilərsə, bütün bunların hamısını orda tapacağıq. O intizarında olduğumuz kimsə də, o kimsənin gəlişiylə dəyişəcək, ruhumuzun məskəni olacaq o məkan da bizdən uzaqda deyil, lap yanımızdadır. Sadəcə, biz özümüz ondan və ordan uzaq düşürük, bizim gözümüz elə şeylərə baxmağa, elə şeyləri görməyə alışıb ki, onu görə bilmərik. Biz görmək qabitliyyətini itirmişik. Bu dünyanın varı, dövləti bizim gözlərimizi tutub. Onun gəlişi üçün görmək qabiliyyətini yenidən özümüzə qaytarmalıyıq. Təəssüf ki, görmə qabiliyyətinin bərpasının qısa müddətdə baş verməyəcəyi həqiqətini də anlamalı oluruq. Bunun üçün hazırlıq tələb olunur. Bu hazırlıq tarix qədər uzun dövrdür. Bizim yaşadığımız tarix münaqişələr, müharibələr, toqquşmalar, fəlakətlər, terrorlar, siyasi lidlerlərin qətli, böyük şəhərlərin viran qoyulması, qırğınlar, iri dövlətlərin hədə-qorxusu, bir ölkənin mədəniyyətinin zorla başqa ölkələrə, başqa mədəniyyətlərə ixrac olunması və buna qarşı müqavimətlər göstərilməsi tarixidir. Deməli, sonluq (pis yaxud yaxşı) haqda düşünmək də tezdir. Bunları dərk etdikcə böyüyürük. Böyük adam isə gözləməyə, kiminsə gələcəyinə və bu gəlişlə hər şeyin dəyişəyinə inanmağa nağıl kimi baxır.
   
    Hərdən gərək uşaq olasan və inanasan.
   
    Uşaq olanda bizim məhəlləyə, bir yük maşını güclə keçən dar və uzun dalana gec-gec, adətən yay vaxtı balacaboy, havadan asılı olmayaraq həmişə əynində yaşıl rəngdə, balaqları gəlib dabanına çatan plaş-palto, başında qulaqlı papaq, qaşları qar kimi ağarmış, yanaqları çuğundur kimi qırmızı, milliyyətcə deyəsən tatar, qəşəng bir qoca kişi gəlirdi. Uşaqların belə görkəmli qoca adamlardan xoşu gəlir. Elə bil oyuncaq kukladır. Kürəyinə böyük kisə atmasına baxmayaraq belini əymir, kiçicik qamətini dik saxlayır, xırda addımlarla dalana girən kimi gülməli tatar ləhcəsinqdə "narın duz" deyə-deyə çağırardı. Onu görən kimi uşaqlar hamısı sevincək hərə öz evinə qaçar, analarına narın duz gəldiyini xəbər verərdi. Boş bankalara doldurub satdığı, günəş çıxanda bərq vuran qar kimi ağappaq, o vaxtlar dükanlarda tapılmayan narın duz üçün qocanın pul almağı. Sözsüz ki, pul alırdı. Amma biz elə qəbul edirdik ki, o ağ duzu yay vaxtı qış haqqında xatirə kimi hədiyyə gətirib. Uşaqların onunla oynamasını da sakit, təbəssümlə qarşılayardı. Yəqin özü də uşaqlara xoş gələcək gülməli görünüşü olduğunu bilirdi və bununla barışırdı. Bəlkə də çoxdan barışmışdı.
   
    Onun əksinə olaraq bayatılar, mərsiyəyələr, dualar, nə bilim daha nələr deyib çığıra-çığıra dalana gələn dilənçi dərvişlərdən qorxurduq. Hətta onlarla evdə böyüklər sözə qulaq asmayanda bizi qorxudardılar. Onlar almağa gəlirdilər. Onlar hədiyyə gətirmirdi.
   
    Rus yazıçısı Mixail Zoşşenko əsəb xəstəliyinə tutulanda, onu küçədə, avtobusda, metroda ən çox dilənçilərin qorxutduğunu hiss etməyə başlamışdı və bundan çox təəccüblənirdi. Çünki, artıq o, böyük adam idi, özü də müharibə keçmişdi, bu müharibədə yaralanmışdı, hazırda yazıçı kimi onu bütün ölkə tanıyırdı. İndi isə budur, salam əleyküm, bu sambalda kişi dilənçilərdən qorxur, onları görəndə az qala uşaq kimi qaçıb aradan çıxmaq, gizlənmək istəyir.

TƏQVİM / ARXİV