adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

SEPARATİZM SSENARİLƏRİ

BABƏK YUSİFOĞLU
35643 | 2014-11-20 01:30
Sovet dönəminin süqutu heç də Kremlin imperiya maraqlarına son qoymadı. İndi heç siyasətlə maraqlanmayanlar da çox yaxşı bilir ki, Moskvanın ənənəvi siyasəti sadəcə formasını dəyişməklə bu gün də sürdürülür. Müstəqillik əldə etmiş bir sıra respublikaları özünün bir vilayətinə çevirmək üçün Kremlin hazırda əsas silahı separatizmdir.
Məlum olduğu kimi bu bəlanın ilk qurbanı məhz Azərbaycan oldu. Ermənilərin xainliyindən yararlanan Rusiya elə bilirdi ki, Azərbaycan torpaqlarını işğal edərək ona öz iradəsini diktə etməyi bacaracaq, regionda yenə hegamonluğunu sürdürəcək. Amma səhv etmişdi. İşğalı gerçəkləşdirməyi bacarsa da hegomonluğu həyata keçirə bilmədilər.
Bütün bu proseslərə səsini çıxarmayan Qərb də hansısa müsəlman ölkəsinə görə, böyük Rusiya ilə münasibətlərinə xələl gətirmək istəmədi. Və sonrakı proseslər artıq hər kəsin bildiyi ssenari ilə genişlənməyə başladı. Ruslar Gürcüstanda iki, Moldovada bir separatçı rejim yaratmağa nail oldular.
Maraqlıdır, eyni proseslər Ukraynada da təkrarlandıqda dünya anladı ki, Kremlin iştahı heç də bu kiçik dövlətlərlə doyası deyil. Bir də ki, Ukrayna artıq NATO sərhədlərinin, necə deyərlər, "qulağının dibi" idi və onların maraqlarını təhdid edirdi. Hətta davamının gələcəyi də real görünürdü. Bu səbəbdən də tez əl-ayağa düşdülər...
Hazırda Ukrayna hadisələri dünya üçün bir təhlükə mənbəyinə çevirilib. Bu gün bir sıra ekspertlərin fikirlərinə istinad etsək, indiki hadisələrin təhlükəli fazaya daxil olduğunu söyləyə bilərik. Yəni, bu lokal vuruşmanın böyük müharibəyə çevirilmə ehtimalı getdikcə artır.. Hətta belə bir qənaəti də vurğulamaq lazımdı ki, Kiyev artıq belə ssenarini də göz önünə alıb. İki gün öncə Ukrayna telekanallarının birində açıqlama verən Ukrayna prezident administrasiyası başçısının müavini Valeri Çalıy bildirib:
"Əsl müharibə başlayarsa, onda 45 milyon ukraynalı döyüşməli olacaq. Açıq demək lazımdı ki, hələlik bizim 45 milyonumuz vuruşmur, yalnız ordumuzun gücündən istifadə edirik. Ukrayna hələ də "problemin diplomatik yollarla" çözüm strategiyasına sadiqdir. Mən xarici işlər naziri Pavel Klimkinlə danışmışam, o mövqeyimizi belə dəqiqləşdirib: "Biz indiki halda problemin hərbi yolla həlini görmürük və sülh planlarını əldən vermək istəmirik". Əlbəttə, bu planları tənqid etmək mümkündü, lakin mən bir məsələyə diqqəti yönəltmək istəyirəm ki, məhz Rusiya tərəfi "Minsk razılaşma"sını pozmağa çalışır. Məqsəd də situasiyanın daha da gərginləşdirməkdir. Baxmayaraq ki, tərəflərin əlində 12 bənddən ibarət sülh protokolunun altında Rusiyanın da imzası var".
Müharibənin genişlənəcəyi ehtimalına diqqət yönəldən V. Çalıy onu da bildirib ki, müəyyən məsafədə yerləşən Ukrayna ordusunu sıxışdırmaq məqsədiylə separatçılar genişmiqyaslı müharibəyə başlayarsa qoşunlarımız bir addım belə geri çəkilməyəcək. "Belə bir variant artıq genişmiqyaslı müharibənin başlanması deməkdir. Ümumiyyətlə vəziyyət getdikcə mürəkkəbləşir və proseslər elə bir nöqtəyə çatır ki, işğalın durdurulması üçün hansısa addım qaçılmaz olacaq".
Əlbəttə, əvvəlki dövrlərdə böyük müharibə ehtimalına beləcə açıq işarələr görünmürdü. Amma indi gərginliyin fərqli bir fazaya daxil olduğu aşkarca hiss edilir. Hətta prezident Peter Poroşenkonun bir neçə gün əvvəl səsləndirdiyi sərt sözlər də deyilənləri təsdiqləyir. Belə ki, Almaniya nəşrlərindən birinə - "Bild" qəzetinə verdiyi müsahibəsində Ukrayna prezidenti bildirmişdir ki, Ukrayna Rusiya ilə irimiqyaslı müharibə ssenarisinə də hazırlaşıb. "İndiki Ukrayna ordusu beş ay bundan öncə olduğundan dəfələrlə yaxşı vəziyyətdədir. Əlbəttə, Ukrayna indi sülh qədər heç nəyi istəmir. Amma çox təəssüf ki, biz ən pis ssenariləri də gözə almaq məcburiyyətindəyik".
Göründüyü kimi Moskvanın Ukrayna ərazisində yaratdığı silahlı separatizm mahiyyət etibarı ilə eynən Cənubi Qafqazdakı situasiyaları xatırladır. Qeyri-qanuni qruplaşmaları başdan-ayağadək silahlandırır, maliyyə dəstəyi verir, hətta həmin bölgələrə hərbi kontingent belə göndərir. Rusiya bütün bunları göz-görəsi dansa da sadə məntiqlə belə görmək mümkündü ki, dünənə qədər mülki işlərdə çalışan adi vətəndaşlar dövlətin nizami ordusuna qarşı bu şəkildə vuruşa bilməz. Zirehli maşınlardan peşəkarcasına istifadə edə bilməz... Həqiqətən də buna inanmaq ən azı abdallıqdan başqa bir şey deyil.
Lakin Valeri Çalıyın dediyinə söykənsək Rusiyanın bu məsələdə qalib olacağını demək mümkün deyil. Çünki tarix göstərir ki, ordular xalqı məğlub edə bilmir. Yəqin 45 milyonluq Ukrayna xalqı bunu bir də sübuta yetirəcək...

TƏQVİM / ARXİV